Interposta.Info

Suriya ərazisində bitməyən İsrail-İran müharibəsi

Siyasət
 22-02-2018, 08:39     10 785

Politoloq Qabil Hüseynli: “İsrailin hərbi sənaye potensialı kifayət qədər müasirdir, bu potensialla daha ölçülü-biçili müharibələr aparmaq olar, amma söhbət İran kimi dövlətlə müharibə aparmaqdan gedirsə...”

Suriyada illərdir davam edən savaş artıq bölgədə hərbi, geosiyasi müstəvidə yeni bir vəziyyət yaratmaqdadır. Belə görünür ki, ABŞ və İsrail burada İran, Türkiyə, o cümlədən Rusiyanın mövqelərinin güclənməsinə imkan vermək niyyətində deyil. Digər tərəfdən, İsrailin atdığı son addımlar da bölgədə İranla savaşın hər an alovlana biləcəyini göstərir.

Bu barədə “Yeni Müsavat” şərhində politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, İsrailin hərbi potensialı təkbaşına İranla döyüşlər aparmaq üçün yetməz. Düzdür, İsrailin hərbi sənaye potensialı kifayət qədər müasirdir, bu potensialla daha ölçülü-biçili müharibələr aparmaq olar. Amma söhbət İran kimi dövlətlə müharibə aparmaqdan gedirsə, vəziyyət burada bir qədər dəyişir: “İranın İsraili vura biləcək ağır ballistik raketləri var və tez-tez bu raketlərin sınağını keçirir. Mən hər iki ölkənin hərbi potensialını müzakirə etmək istəmirəm. Sadəcə olaraq, İsrailin son zamanlarda müşahidə olunan həyəcanının səbəbini söyləmək istəyirəm. İran əgər neçə il bundan əvvəl yalnız İsraili təhdid edirdisə, onu yer üzündən siləcəyini bəyan edirdisə, indi bu təhdidlər quru sözdən müəyyən mənada işə keçib İsralin sərhədlərinə qədər gəlib çıxıb. Suriyada İranın xeyli qoşunları var. Bir məlumata görə, Həşdi-şəbi qruplaşması da daxil olmaqla, İraqdan gələn könüllülərin yaratdığı qüvvələrlə hesablansa, Suriya ərazisində İranın 70 minə qədər yaxşı hazırlanmış döyüşçüsü var. İran Suriya ərazisində hərbi bazalar tikməyi planlaşdırıb. Onlardan biri başa çatmaq üzrəydi ki, İsrail oranı bombaladı. Amma İran yenə də fikrindən vaz keçməyib. Təhlilçilər belə hesab edirlər ki, İran Aralıq dənizinə çıxmaq istəyir və burada bir aypara şəklində öz tərəfdaşlarından ibarət ”İran ayparası"nın coğrafi məkan kimi formasını cızmaq istəyir. Bundan əvvəl İsrail İranın nüvə silahına malik olmasından çox ehtiyatlanırdı. Hətta İsrail kəşfiyyatı İranın yaxın iki-üç ildə nüvə silahına malik olacağını bəyan edirdi. Amma ABŞ kəşfiyyatı açıq surətdə qeyd etdi ki, İranın ən azı 10 ildən tez belə bir silaha malik olması mümkün deyil. Amma indi İran həqiqətən də İsraili təhdid edə biləcək coğrafi mövqelərə yerləşib. İsraili əndişələndirən budur".

Politoloq dedi ki, İranla İsrailin müharibəsi Suriya və başqa ətraf bölgələrdə ola bilər: “İnanmıram ki, müharibə İranın özünə qədər gedib çatsın, yəni İsrail İranın özü ilə təkbətək müharibə aparsın. Güman edirəm ki, İsraillə ABŞ arasında bu məsələdə strateji uzlaşma var. İsrail bu uzlaşmadan kənara çıxmayacaq. İsrail indiki halda yalnız Suriyada olan İran mövqelərini sıradan çıxarmağa çalışacaq. Yəqin ki, buna böyük ölçüdə nail olacaq. Əgər İran İsrailə qarşı öz ərazisindən təhdid edici hərəkətlərdə bulunsa, yəni müharibəni başlatmağa cəhdi etsə, ABŞ seyrçi qalmayacaq. Baş nazir Benyamin Netanyahunun son günlər ürəkli danışması, əlinə dəmir parçasını alıb İranı hədələməsi yəqin ki, ABŞ-la ciddi məsləhətləşmə və uzlaşmaların ortaya çıxardığı davranışdır. İsrail hesab edir ki, bölgədə yaranmış vəziyyət İrana qarşı əməliyyatlara başlamağa şərait yaradır. Güman edirəm ki, İsrailin İranın bu bölgədəki hegemon iştirakı ilə barışmaq niyyəti yoxdur və heç vaxt da olmayacaq. Bu məsələdə ABŞ-ın düşüncəsi ilə İsrailin düşüncələri üst-üstə düşür. Ona görə də ən azından İsrailin Suriyada İranın iştirakına qarşı lokal müharibə aparacağını təxmin etmək olar”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26