Interposta.Info

Əsəd gözlənilmədən Soçiyə gəldi: Putindən xahiş... – Şərh

Dünya
 18-05-2018, 13:49     10 512

Əsədin Soçiyə səfəri son zamanlar kəskinləşən İsrail aqressiyası ilə qırılmaz surətdə bağlıdır.

interposta.info xəbər verir ki, bu sözləri Axar.az-a Suriya Prezidenti Bəşər Əsədin Soçiyə qəfil səfərini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Əsədin Soçidə Putindən hərbi yardım istədiyini bildirib:


“İsrail dəfələrlə son əsgəri məhv edilənə qədər İranı Suriyadan vurub çıxaracağını bəyan edib və artıq Suriya ərazisindəki İran bazalarının iki dəfə bombalanması nəticəsində münasibətlər xeyli kəskinləşib. İran tərəfi İsrailə qarşı amansız və qarşısıalınmaz cavab veriləcəyini bəyan edib. İsrail isə lazım gələrsə, hətta Suriyanı işğal edə biləcəyini bildirib. Hesab edirəm ki, Əsədin Soçiyə səfəri də son zamanlar kəskinləşən İsrail aqressiyası ilə qırılmaz surətdə bağlıdır. Suriyanın hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsinə ehtiyac var. Düzdür, Rusiya hələ SSRİ dövründən Suriyaya S-300 tipli hava hücumundan müdafiə sistemlərini göndərib. Ancaq son döyüşlər göstərir ki, S-300-lər İsrail hərbi hava qüvvələrinin təyyarələrini həm radar vasitəsilə tuta bilmir, həm də açılan atəşlərin çoxu təyyarələrdən yan keçir”.

Politoloq Rusiyanın Hmeymim bazasındakı S-400 favorit tipli təkmilləşdirilmiş müasir hava hücumundan müdafiə sistemlərinin bu məsələdə kifayət qədər effektli rol oynaya biləcəyini düşünür:

“Bu raketlərin komandası Rusiyanın əlindədir. Əsəd bir müddət öncə belə bir ifadə işlətmişdi ki, Suriyada III Dünya müharibəsinə səbəb ola biləcək hərbi əməliyyatların qarşısı yalnız Rusiyanın köməyi ilə alına bilər. Bu, bir növ Rusiyanın Suriyada aktivləşdirməyə təhrik idi. Çünki İsrail bundan sonra da Suriyaya hücum edəcək. İranın hava hücumundan müdafiə sistemləri isə İsrail raketlərinin və təyyarələrinin qarşısını almaq gücündə deyil. Suriya yalnız Rusiyanın köməyi ilə özünün hava hücumundan müdafiə sistemlərini müasirləşdirə və İsrail hərbi hava qüvvələrinin özbaşınalığına son qoya bilər. Soçidə Rusiyanın Suriya hadisələrinə daha qətiyyətlə müdaxilə etməsi məsələsinin də ön planda olduğunu düşünürəm. Çünki son dövrlərdə İsrail, ABŞ və koalisiya qüvvələri Suriyada müəyyən fəallıq göstərirlər. Belə bir şəraitdə Əsədin Putindən hərbi yardım istədiyi şübhəsizdir”.

Qeyd edək ki, Suriya Prezidenti Bəşər Əsəd ötən gün Rusiya Prezidenti Vladimir Putinlə Soçidə görüşüb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26