Interposta.Info

Qabil Hüseynli: “Sübut olunacaq ki, dar gündə İran üçün Azərbaycan nə qədər vacibdir”

Siyasət
 15-05-2018, 08:47     10 455

Ermənistanın baş naziri Nikol Paşinyanla İran prezidenti Həsən Ruhani arasında telefon danışığı baş tutub. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərini, eyni zamanda beynəlxalq siyasi məsələləri müzakirə ediblər.

Məlumata görə, rəsmilər İranın nüvə proqramı ətrafında da fikir mübadiləsi aparıblar. Ruhani və Paşinyan gələcək görüş proqramları barədə də razılığa gəliblər.

Qeyd edək ki, işğalçı Ermənistanda inqilab nəticəsində hakimiyyət dəyişikliyi və Nikol Paşinyanın mayın 8-də baş nazir seçilməsindən sonra Paşinyanı ilk təbrik edən Rusiya prezidenti Vladimir Putin oldu. İranın prezidenti isə birbaşa telefon bağlantısı vasitəsilə münasibətini ifadə etdi.

"XeberBiz" xəbər verir ki, bu barədə “Yeni Müsavat”a şərhində politoloq Qabil Hüseynli bildirdi ki, əslində İran prezidenti ilə Ermənistanın yeni baş naziri arasında danışıq olması təəccüblü deyil. 25-26 ildir ki, İran Ermənistan üçün yeganə nəfəslikdir. Bunu hətta iranlıların özləri də etiraf edirlər: “İran Ermənistanın ayaq üstə durmasına, əhalisinin aclıqdan qırılmasının qarşısını almağa kömək edən əsas dövlətdir. Bu məsələlərdə İran Ermənistana Rusiyadan da çox kömək edir. Rəfsəncaninin prezidentliyi dövründən indiyə qədər İranda kimin prezident olmasından asılı olmayaraq belədir. Onlar həmişə Ermənistanı özlərinə dost ölkə sayıblar. Lap yaxınlara qədər belə hesab edirdilər ki, Avropa bazarlarına çıxış üçün Ermənistandan şose yolu, qaz kəməri çəkilişi həyata keçirilməlidir. Bir ara bu cür mümkün olmayan variantlar ortaya atılmışdı. Ermənilər də buna xeyli sevinmişdilər.

Təəssüf ki, müsəlman dövləti olan Azərbaycanın ərazilərini işğal etmiş, işğal etdiyi ərazilərdə müsəlman əhaliyə qarşı qırğınlar törətmiş, məscidləri yandırıb dağıtmış Ermənistana İranın münasibəti adekvat deyil.

İranla Azərbaycan arasında bir sıra irimiqyaslı layihələrin həyata keçirilməsinə baxmayaraq, Ermənistanın iqtisadi yükünü Tehran yenə də daşımağa hazır olduğunu bir daha bəyan etmiş olub. Prezident Ruhaninin Ermənistanın yeni baş naziri Paşinyanla telefon danışığı və erməni baş naziri təbrik etməsi bu və digər sadalamadığım məsələlər baxımından təəccüblü deyil. Təbrik olmasaydı təəccüblü olardı".

Politoloq vurğuladı ki, qarşıdakı zamanlarda gedəcək qlobal geosiyasi proseslərdə, İranla bağlı proseslərdə bir daha sübut olunacaq ki, dar gündə Azərbaycan İran üçün daha vacib ölkədir, nəinki Ermənistan.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26