Interposta.Info

Elxan Şahinoğlu:

Siyasət
 1-02-2018, 08:46     10 529

Trampın ilk illik məruzəsi yeni mesajlarla yadda qalmadı

ABŞ prezidenti Donald Tramp yanvarın 30-da ölkənin durumu ilə bağlı Konqresin hər iki palatası önündə illik hesabat məruzəsi ilə çıxış edib. Ötən ilin iqtisadi nailiyyətlərini önə çəkən ABŞ lideri mühacirət məsələsinə də toxunub və bu mövzuda ortaq məxrəcə gəlməyin vacibliyini vurğulayıb, habelə sərhəd təhlükəsizliyini gücləndirmək tələbində israr edib. Həmçinin qlobal problemlərdən danışıb.

Trampın illik məruzəsini dəyərləndirən politoloq Elxan Şahiboğlu bildirdi ki, Tramp bu çıxışında yeni heç nə söyləməyib: “Rusiya ilə münasibətlərdə hər hansı yenilik gözlənilmir. Ötən gün də ”Kreml siyahısı" dərc olundu ki, bu da Rusiyaya qarşı psixoloji təzyiqin davamıdır. 200-ə yaxın şəxsin adı oraya salındı. Doğrudur, onlara qarşı sanksiya tətbiq olunmayacaq. Ancaq adlarının o siyahıya salınması belə Rusiyaya qarşı savaşın tərkib hissəsi sayıla bilər. Həm də Rusiyada prezident seçkiləri ərəfəsidir. Tramp nə qədər Putinlə dostlaşmağa çalışsa da, bu alınmadı. Amerika Konqresi və Dövlət Departamenti, Pentaqon Rusiyaya qarşı çox sərt qərarlar qəbul etdilər. Trampın çıxışında da bu məsələnin necə həll olunacağına dair konkret fikirlər yox idi. Çıxışda köhnə fikirlər yer almışdı ki, yenə də Meksika ilə sərhəddə divarın çəkilməsinə çalışır. Trampın miqrantlarla bağlı siyasəti bəllidir, tam kəskin addımların atılmasını istəyir. Artıq Latın Amerikası mənşəli insanlar da bəzən Ağ Evin qarşısında küçə yürüşlərinə çıxırlar. İllər öncə Amerikaya köçən miqrantlara qarşı belə çox sərt tədbirlərin görüləcəyi haqqında fikirlər var. Tramp da bu siyasəti dəstəkləyir. Faktiki, Amerikanın qapılarını digər ölkə vətəndaşlarının üzünə bağlamaq istəyir. Bundan sonra Amerikaya köçmək bir qədər çətin olacaq. Ancaq köçənlərin də vəziyyəti gərginləşib, Tramp onları ölkədən çıxartmaq istəyir. Görünür, bu siyasətini gələcək illərdə də davam etdirəcək".

Politoloqun sözlərinə görə, Trampın mövqelərini gücləndirən əsas amil Amerika iqtisadiyyatının müəyyən qədər inkişaf etməsidir: “Bundan başqa, Tramp onu da vurğuladı ki, Quantanamo həbsxanası Barak Obamanın siyasətindən fərqli olaraq qapadılmayacaq. Bütün bunlar budəfəki çıxışında da yer almışdı. Amerika iqtisadiyyatının müəyyən qədər normallaşmasında Trampın rolunu vurğulamaq lazımdır. Sadə amerikalıları xarici siyasət, təhlükəsizlik məsələləri o qədər də maraqlandırmır, maliyyə vəziyyətinin normallaşmasını, vergi ilə bağlı məsələnin həllini gözləyirdilər. Etiraf etmək lazımdır ki, Trampın bu istiqamətdə müəyyən qədər uğurları var. Çıxışın əsas leytmotivi də bunun üzərində qurulmuşdu. Tramp özü məşhur biznesmendir, bir neçə dəfə iflasın sıfır nöqtəsinə gəlib çıxsa da yenidən ayağa qalxıb, biznes imperiyasını gücləndirə bilib. Bu təcrübə ona imkan verir ki, Amerika iqtisadiyyatında da müsbətə doğru addımlar ata bilsin. Məhz iqtisadiyyatda yarada biləcəyi dönüş onun ikinci dəfə prezident seçilməsini təmin edə bilər”.

Lakin Elxan Şahinoğlunun fikrincə, bir illik fəaliyyətinin nəticəsi olaraq, Tramp xarici siyasətdə elə böyük uğurlarla öyünə bilməz: “Çünki Şimali Koreyanı hədələdi, amma heç nə edə bilmədi. Suriyada Amerikanın elə bir nailiyyəti olmadı. Bu, əslində Trampın yox, ondan öncəki prezident Barak Obamanın böyük səhvi idi ki, Amerika Suriyada əsas oyunçuya çevrilə bilmədi. Rusiya ilə münasibətlər də göz qabağındadır. Trampın prezident seçilməsində Rusiyanın rolu məsələsi çox şişirdilir. Tramp prezident olandan sonra Rusiyaya yönəlik heç bir addım ata bilmədi. Əksinə, Konqresin anti-Rusiya qətnamələrini dəstəkləmək məcburiyyətində qaldı. Müəyyən komissiyalar hələ bu məsələni araşdırır. Bu isə Trampın rəqiblərinin onu zəiflətmək planıdır. Ancaq bunun Trampa qarşı güclü bir alətə çevrildiyini də söyləmək çətindir. Xarici siyasətdə Trampın böyük uğurları olmasa da, daxili siyasətdə - iqtisadiyyatda qazandığı uğurlar hesabına öz mövqelərini gücləndirməyə çalışdı. Məhz bunun hesabına onun reytinqi bir qədər artmağa başlayacaq və ona qarşı istifadə edilən Rusiya faktoru getdikcə zəifləyəcək”./musavay.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26