Interposta.Info

Bayram ərəfəsində terror olmadı: İŞİD tam məhv edilib?

Siyasət
 4-01-2018, 20:54     10 444

Ekspertlər hesab edirlər ki, artıq İŞİD əvvəlki gücünü xeyli dərəcədə itirib və uzun müddət bərpa etməsi də mümkün olmayacaq...

İŞİD terror təşkilatı ilə əlaqəli olan qruplaşmalardan biri Milad bayramı ərəfəsində Vatikanda terror aktı törətmək planları barədə xəbər yaymışdı.

Qruplaşma Vatikanda Müqəddəs Pyotr kilsəsinə yaxınlaşan avtomobilin əks olunduğu plakat yayımlamışdı.

Bundan başqa, Roma papası I Fransiskin başsız bədəninin əks olunduğu plakat da nümayiş etdirilmişdi.

Eləcədə ABŞ-da, Avropanın şəhərlərində İŞİD terror qruplaşmasının terror törədəcəyi gözlənilir və bununla bağlı ciddi təhlükəsizlik tədbirləri alınırdı. Lakin bu dəfə Yeni İl ərəfəsində ötən illərlə müqayisədə sakitlik oldu və terror qruplaşmalarının aktivliyi müşahidə edilmədi.

Bu, İŞİD kabusunun sona çatması deməkdir?

Bayram ərəfəsində terror olmadı: İŞİD tam məhv edilib?

“Yeni Müsavat”a danışan təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev bildirib ki, terror hadisələrinin olmamasının səbəbi həm təhlükəsizlik tədbirlərinin güclü alınması, həm də İŞİD qruplaşmasının zəifləməsidir: “Artıq bu qruplaşmanın planlarını yerinə yetirmək gücü azalıb. Məlum məsələdir ki, Suriya və İraqdan sonra İŞİD terror qruplaşması bir qədər geri çəkildi və itmiş qüvvələrini bərpa etməyə çalışdılar. Digər tərəfdən isə onların müxtəlif yerlərdə olan tərəfdaşlarına nəzarətin artması məsələsi də vardı. Qabaqcadan da belə bir proqnoz vardı ki, bayram öncəsi bütün yerlərdə təhlükəsizlik tədbirləri gücləndiriləcək. Həm də onsuz da inandırıcı görünmürdü ki, onlar Vatikana hansısa bir təsir imkanına malik ola bilərlər. Bu, demək olar ki, İŞİD-in tamamilə məhvi olardı. Vatikana qarşı addım atsaydılar onların hamısını yer üzündən silərdilər. Həm təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, həm də aparılan əməliyyatlar bu il bayram ərəfəsində terrorun olmamasına səbəb olan amillərdir. Eyni zamanda düşünürəm ki, artıq həm də hüquqi baxımdan sərt addımlar atılır. Nəticədə terror qruplaşmasına qoşulmaq istəyənlərin də sayı azalır. Sosial şəbəkələrdə də onlara qarşı tədbirlər görülməkdədir”.
Bayram ərəfəsində terror olmadı: İŞİD tam məhv edilib?

“Yeni Müsavat”a danışan təhlükəsizlik üzrə ekspert Sülhəddin Əkbər isə hesab edir ki, artıq İŞİD adı silinmək üzrədir: “Məlumdur ki, İŞİD Suriya və İraqda çox güclü zərbələr aldı. Dövlət qurmuşdu, əraziyə nəzarət edirdi və demək olar ki, tamamilə strukturlaşmışdı. Ancaq indi bunların hamısını itirib. İŞİD həm dövlət strukturuna bənzər qurumlarını, həm də gəlir mənbələrini itirmiş vəziyyətdədir. Nəzarət etdiyi ərazilər də əlindən çıxıb. Bu baxımdan İŞİD indi çox zəifləyib, ancaq yenidən təşkilatlanmaq niyyətindədir. Ona görə də ağır zərbə aldıqlarını ört-basdır etmək üçün müəyyən sensasiyalı addımlara cəhd edəcəklər. Hazırkı məqamda terror qruplaşmalarına, o cümlədən də İŞİD-a qarşı çox güclü kəşfiyyat fəaliyyəti aparılır. Müxtəlif milli kəşfiyyat qurumları da beynəlxalq səviyyədə əməkdaşlıq edirlər. Bu baxımdan İŞİD-in yaxın perspektivdə əvvəlki gücdə olmayacağını düşünə bilərik. Bu isə o demək deyil ki, beynəlxalq terrorizm ortadan qalxıb və təhlükələr də tamamilə sovuşub. İŞİD-in hələ bundan sonra da varlığını sübut etmək üçün müəyyən hərəkətlənmələr edəcək. Ancaq bütün bunlarla o, əvvəlki gücünə qovuşa bilməyəcək. Həmçinin beynəlxalq sponsorların da onlara necə yanaşmasının önəmi var. İŞİD-in arxasında duran qüvvələr əgər ona əvvəlki kimi yardım edəcəklərsə, əvvəlki kimi təşkilatlana bilərlər. Lakin hesab edirəm ki, artıq “İŞİD” adlı terror markası görəcəyi işi görüb, bitirib. Terrorizm sponsorları yəqin ki, başqa adla ortaya çıxacaqlar. Yəni yaxın zamanlarda yeni adda terror təşkilatı da görə bilərik. Yaxud da “əl- Qaidə”ni gücləndirməklə də işlərinə davam edə bilərlər. Lakin İŞİD üçün yüksəliş artıq bitib”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26