Interposta.Info

Azərbaycan ABŞ sanksiyalarının təsiri altına düşə bilər –

Siyasət
 30-10-2017, 09:03     6 244

Ekspert: “Bakı bu sanksiyalara görə geri addım atsa, Rusiya ilə münasibətlərində problem yaranacaq...”

ABŞ Dövlət Departamenti Konqresin yeni sanksiya qanununun tələbinə uyğun olaraq Rusiya müdafiə sənayesinə aid 33 şirkətin siyahısını hazırlayıb. Rusiya hərbi-sənaye kompleksinin, demək olar ki, bütün iri şirkətləri siyahıya salınıb. Tramp administrasiyasının nümayəndələri The New York Times qəzetinə bildiriblər ki, bu siyahı öz-özlüyündə sanksiyaların kəskinləşdirilməsi deyil, amma ona elə təşkilatlar daxil edilib ki, onlar ya Rusiya hökumətinin müdafiə və kəşfiyyat idarələrinin bir hissəsidir, ya da onun xeyrinə işləyirlər.

“ABŞ-ın yeni sanksiyaları Azərbaycana silahın mümkün çatdırmalarına mane olacaq, çünki bu, şirkətlərlə ticarət edənlərin hamısının cəzalandırılması üzrə geniş imkanlar verir”. Bunu isə virtualaz.org-a Rusiyada çıxan “Silahların ixracı” jurnalının baş redaktoru, Strategiyaların və Texnologiyaların Analizi Mərkəzinin eksperti Andrey Frolov deyib. Andrey Frolovun sözlərinə görə, vəziyyət ciddidir və görünür ki, getdikcə daha pis olacaq. Özü də uzun müddətə.

Politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı “Yeni Müsavat”a öncə bildirdi ki, Rusiyadan çoxlu sayda dövlətlər silah alır: “Rusiya dünyanın ən böyük silah istehsalçılarındandır. ABŞ-ın Rusiyanın hərbi sənaye kompleksinə aid müəssisələrin bir qismini sanksiya altına alması o demək deyil ki, bu sənaye müəssisələri mütləq üçüncü ölkələrlə əməkdaşlığı dayandıracaq və ya üçüncü ölkələr ABŞ-dan qorxaraq Rusiyadan bu silahları almayacaq. Belə olacağını zənn etmirəm. Azərbaycanın özünə bu silahlar çox vacibdir. Biz heç də çox ölkələrdən silah ala bilmirik. Qərb ölkələri bizə silah satmır. ABŞ da bizə silah satmır. Ona görə də Azərbaycan çox məhdud sayda ölkələrdən silah ala bilir. Bu ölkələr Rusiya, Türkiyə, Pakistan, İsraildir və sair. Məsələnin ikinci tərəfi də var. Tutaq ki, Azərbaycan Vaşinqtonun sanksiyalarını nəzərə alıb Rusiya ilə silah alış-verişində geri addım atsa, Azərbaycan-Rusiya münasibətlərində problemlər yaranacaq. Rusiya görəcək ki, Azərbaycan ABŞ-ın sanksiya qərarından ehtiyat edərək geri addım atdı, o zaman Azərbaycana təzyiqləri artıracaq. Bu da indiki vaxtda Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermir”.

Ekspert deyir ki, onsuz da ABŞ-Azərbaycan münasibətlərinin hərbi tərəfi elə də geniş sahələri əhatə etmir: “Ona görə də ABŞ-ın sanksiyalarını Bakının nəzərə alacağı ehtimalı həddən artıq aşağıdır. Nəzərə almayanda necə olacağına gəlincə, inanmıram ki, bu zaman ABŞ-la münasibətlər korlanacaq. Çünki Amerika da anlayır ki, Azərbaycan kiçik dövlətdir, sərhədindəki Rusiya ilə kəllə-kəlləyə gələ bilməz. Tutaq ki, biz ABŞ-ın sanksiyalarını nəzərə aldıq, Amerika bizi Rusiyadan qoruyacaqmı? Əlbəttə ki, yox. Amerika bizi qorumayacaq. Biz Rusiya ilə niyə üz-üzə qalmalıyıq? Vaşinqtonun özü Azərbaycanın çox mürəkkəb regionda öz varlığını qoruduğunu anlayır. Ona görə də Azərbaycana çox təzyiqlərin olacağını düşünmürəm. Hesab edirəm ki, ABŞ-ın sözügedən sanksiya qərarı sadəcə, Rusiya əleyhinə yönəlmiş sanksiya siyasətidir. Bunun üçüncü dövlətlərə ABŞ tərəfindən şamil ediləcəyini düşünmürəm. Çünki o zaman Amerikanın özünə ciddi problemlər yaranar. ABŞ Rusiyadan silah alan bütün ölkələrə qarşı təzyiq siyasətinə baş vursa, görün ABŞ-la nə qədər ölkənin münasibətləri gərginləşər. Eyni sözləri Ermənistana da aid etmək olar”.

Politoloq Şahin Cəfərli isə bildirib ki, ABŞ özü Rusiyanın həmin silah şirkətlərinin böyük əksəriyyətinə daha əvvəl sanksiya tətbiq edib. İndi təzə söhbət ondan ibarətdir ki, bu şirkətlərlə iri sövdələşmələrə gedən başqa ölkələr və qurumlar da ABŞ-ın sanksiyasına məruz qalacaq: “Burada bir az qeyri-müəyyənlik var, çünki Rusiya ilə konkret neçə milyon dollarlıq razılaşmanın sanksiya altına düşəcəyi məlum deyil, qanunda yalnız ”iri tranzaksiyalar" yazılıb. Seçim etmək və qərar vermək Dövlət Departamentinin öhdəsinə buraxılıb, lakin Konqres bu prosesə ciddi nəzarət edəcək ki, hökumət qanunun yanından keçməyə çalışmasın. Buradan belə nəticə hasil olur ki, Azərbaycan və Ermənistan da ABŞ-ın sanksiyasına məruz qala bilər, çünki hər iki ölkə Rusiyadan külli miqdarda silah alır. Eləcə də Türkiyənin Rusiya ilə C-400 anlaşması da, reallaşacağı təqdirdə, sanksiya altına düşə bilər. Bir daha qeyd edim ki, bu məsələdə qeyri-müəyyənlik var və hansı məbləğdə anlaşmaların sanksiyaya məruz qalacağı bəlli deyil", - deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, ümumilikdə bu qanunu hazırlayan senatorların məqsədi Rusiya hərbi sənayesinə zərbə vurmaq və onu inkişafdan saxlamaqdır: “Rusiya iqtisadiyyatının başqa sahələri ilə bağlı da analoji siyahılar hazırlanacaq. Proses hələ indi başlayır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26