Interposta.Info

“Tramp səhvlər etməkdə, ruslar isə bizi ələ salıb gülməkdə davam edir”- Blumberq

Siyasət
 22-05-2017, 14:05     618

“Amerika 90-cı illərin Yeltsin Rusiyasının gününə düşüb”

İndi bütün dünya ABŞ-ın düşdüyü gülünc durumdan danışır.

“Bir çox amerikalıya elə gəlir ki, bütün bunlar Trampın səhvləri ucbatından baş verib. Lakin bütün aləm bilir ki, indiki situasiya ABŞ-ın bir dövlət olaraq zəifliyi ilə əlaqədardır”, - nüfuzlu “Blumberq” xəbər agentliyinin analitik yazısında belə deyilir.

“ABŞ prezidenti Donald Tramp keçən həftə tvitterdə bununla əlaqədar yazıb: “Rusiya yəqin ki, ABŞ-ın öz-özünü parçalamasına baxıb gizlicə gülür”.

Lakin Trampın təsbiti yanlışdır: ruslar gizlicə deyil, tamamilə açıq şəkildə, hər yerdə Amerikanı məsxərəyə qoyur”, - məqalədə yazılıb.

Hətta Rusiya xarici işlər naziri Lavrovun FTB direktoru Ceyms Kominin qovulması xəbərini artistcəsinə təəccüblə qarşılaması da bunu göstərir.

Lakin keçən həftə Rusiyanın mövzu ilə bağlı dövlət səviyyəsindəki zarafatları əsl kinokomediyanı xatırladır.

“Bunlardan birincisi, prezident Vladimir Putinin ABŞ Konqresinə Lavrovun Trampla görüşünün səsyazmasını təqdim etmək təklifi ilə bağlıdır. ABŞ mətbuatının iddiasına görə, həmin görüşdə Tramp məxfi kəşfiyyat məlumatlarını Lavrova çatdırıbmış. Bu təklif öz-özlüyündə Amerikanı ələ salmaqdan başqa bir şey deyil. Hər halda, ABŞ Konqresinin bənzər təkliflə Putinə müraciət etməsini təsəvvür etmək çətindir.

İkincisi, Rusiya Xarici İşlər Nazirliyinin Sergey Lavrovun Avropa Şurasının baş katibi Torbern Yaqlandla görüşü ilə bağlı youtube-dakı rəsmi səhifəsində yerləşdirdiyi qısa videomaterialla bağlıdır.
Həmin görüşdə diplomatlar fotoqraflar qarşısında poza verərkən Norveç siyasətçisi istehza ilə “Ümid edirəm bu fotolar sizin üçün problem yaratmaz” deyə bildirəndə, Rusiya xarici işlər naziri gülərək “Hər şey sizin mənə hansı məxfi məlumatı ötürəcəyinizdən asılıdır” deyə cavab verib.

Deyəsən, Avropada Rusiyanın bu cür yumorunu tuta biliblər” məqalədə yazılıb.

“ABŞ-ın düşdüyü bu durumun Putin və onun tabeliyində olan şəxsləri niyə əyləndirdiyini başa düşmək olar. İnformasiya sızmalarının, bir-birilə toqquşan araşdırmaların, habelə Trampın tərəfdarları və əleyhdarlarının bir-birinə yağdırdıqları lənətlərin ucbatından yaranan dərəbəylik və özbaşınalıq Putin və Lavrovun nöqteyi-nəzərindən 1990-cı illərin Rusiyasını xatırladır. Həmin illərdə Rusiya prezidenti Boris Yeltsin, bir az da Trampın indiki halına bənzəyən siyasətçi kimi sovet “dərin dövləti” ilə mücadilə verərkən yaxınları ciblərini doldurmaqla məşğul olub onun aldığı qərarlara təsir göstərməyə çalışırdı. Yeri gəlmişkən, elə Yeltsinin özü də az qala impiçment təhlükəsi ilə üzləşmişdi”, - yazıda vurğulanır.

ABŞ mətbuatı hər gün Tramp administrasiyasının dağıldığını yazır. Amerikalıların nöqteyi-nəzərindən bunlar hamısı Trampın səhvlərinin nəticəsidir. Lakin qalan dünya, xüsusilə ruslar üçün bütün bunlar ABŞ-ın zəifləməsi fonunda dərəbəylikdən başqa bir şey deyil.

“Hazırkı media-sirk Trampı getdikcə daha səhv addımlar atmağa yönləndirir. ABŞ prezidentinin bu səhvləri öz miqyasına görə Bill Klintonun Monika Levinski ilə bağlı skandaldan daha dərin və genişdir. Çünki burada xarici dövlətlərin iradəsini həyata keçirməkdə şübhələnən rəsmi şəxslərdən və siyasətçilərdən bəhs edilir”, Blumberq yazaraq davam edir:

“Trampıın düşmənləri onu arvadına xəyanətdə ittiham etmirlər. Onlar onu psixi çatışmayan, ölkəni idarə etməyə qadir olmayan, Putin kimi xarici dövlət liderlərinin təsir altına asanlıqla düşən adam kimi təsvir edirlər. Kənardakılara da elə gəlir ki, Qərb dünyasını müdafiə etməli olan adamlar indi bir-birini heç nəyin üstündə qırmaqla və ciddi problemlər yaratmaqla məşğuldurlar.

İş o yerə gəlib çatıb ki, hətta Almaniyanın xarici işlər naziri Ziqmar Qabriyel belə amerikalılara vəziyyətin təhlükəli xarakter aldığı barədə narahatlığını ifadə edib:

“Sizlər əsl supergücü təmsil edən ölkənin vətəndaşlarısınız. Əgər Amerika enerjisini yalnız öz daxili problemlərinə xərcləsə bu beynəlxalq aləmdə vakuum yaradar”, - məqalədə nazirdən sitat gətrilib.

Blumberq yaranmış situasiyada atmosferin sakitləşməsinin vacib olduğunu yazır:

“Hər halda, Tramp bir müddət də olsa hakimiyyətdə qalacaq. Ona indiki panikanın ABŞ-ın milli maraqlarına zərər vurmaması üçün fasilə lazımdır. Trampın siyasi düşmənləri anlamalıdırlar ki, bu cür təsdiq olunmamış və olduqca ciddi ittihamlarla təzyiq etmək ABŞ-a heç bir xeyir gətirə bilməz. TəhqiqatçılarIN (indiki administrasiyanın Rusiya ilə bağlantılarını araşdıranlar nəzərdə tutulur-red) isə araşdırmanın hansısa bir nəticəyə gəlməsi üçün sakit mühitə ehtiyacları var.

Qalan dünyaya isə sabun operası yox, güclü Amerika lazımdır. Bunun üçün hər şeydən öncə problemə ciddiyyətlə, sağlam təfəkkürlə və lazımsız qışqır-bağır olmadan yanaşmaq lazımdır”, - yazı bu fikirlə yekunlaşıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26