Interposta.Info

Ceyms Komi Trampın Rusiya ilə əlaqələrinin araşdırılması məsələsinə görə qurban gedib -

Dünya
 11-05-2017, 15:04     472

FTB direktoru Ceyms Kominin prezident tərəfindən istefaya göndərilməsi xəbəri ABŞ siyasətində gün ortasında ildırım çaxmasına bənzəyib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin sözçüsü Sara Sanders Kominin qovulmasını onun Ədliyyə Nazirliyində subordinasiyanı pozan hərəkətlərə yol verməsi ilə əlaəqələndirib. (FTB Ədliyyə Nazirliyinə tabedir-red.).
Formal olaraq Tramp Ceyms Komini ədliyyə naziri Cef Seşnsin təqdimatı əsasında qovub. Prezident hətta adi bürokratik etiketi belə gözləmədən bu barədə qərarı onun özünə deyil, göndərdiyi məktubla bildirib. Prezidentin məktubunda Kominin FTB-ni effektiv idarə edə bilməməsi əsas göstərilib.

Lakin siyasi ekspertlərin bununla bağlı rəyləri tamam başqa yöndədir. Onlar Kominin vaxtilə Hillari Klintonun elektron poçt məktubları ilə bağlı qaldırılan cinayət işini özbaşına bağlamasını prezidentin ona bağışlamadığını söyləyirlər.

Ceyms Komi Trampın Barak Obamanın vaxtilə onu dinlətdirməsi ilə bağlı sözlərini də açıq şəkildə təkzib etməsi ilə yeni administrasiyanın ona olan bütün ümidlərini dəfn edib.

Bundan başqa, Kominin prezidentin özü və yaxın ətrafının Rusiya ilə əlaqələrini araşdırmağa başlaması Ağ Evin rəhbərinin səbrinin tamamilə daşırıb.

Trampı Ceyms Komini qovduran səbəblərdən biri də prezidentin yaxın adamı, milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşavir general Maykl Flinnin Rusiyanın səfiri Sergey Kislyakla apardığı müzakirələrin mətbuata sızması olub. Ağ Ev bu məsələdə də Ədliyə Nazirliyində və FTB-də indiki prezidentə düşmən kəsilən məmurların əli olduğuna inanır.

“Nyu York Tayms “qəzeti ABŞ Senatının kəşfiyyat üzrə komitəsinin sədri Riçard Berə istinadən Kominin son vaxtlarda Senatla “daha dərin informasiyaları” paylaşmaq niyyətindən xəbər verirdi. Bu isə “Rusiya ilə əlaqələr” problemindən birdəfəlik yaxasını qurtarmağa çalışan prezident Trampın qəzəbinə səbəb olub.

Qəribə olsa da, Kominin qovulması ilə bağlı ən böyük narazılıq Demokrat partiyasının düşərgəsindən gəlib. Çünki demokratlar hələ də onu 2016-cı il prezident seçkilərindəki məğlubiyyətlərinin baş baiskarı hesab edirlər.

ABŞ senatoru Çarlz Şumer Donald Trampla apardığı telefon danışığında onun böyük səhv etdiyini bildirib. Bundan başqa, senator Şumer Ceyms Kominin prezidentin Rusiya ilə bağlantılarını araşdırılması ucbatından qovulduğunu Trampın düz üzünə söyləyib.

Görünür, bu söhbətdən sonra əməlli-başlı hirslənən Tramp ənənəvi olaraq öz emosiyalarını tvitterdə ifadə edib:
“Ağlağan Şumer bu yaxınlara qədər Komiyə inanmadığını deyirdi. İndi isə FTB direktorunun qovulmasına görə narazılığını dilə gətirir”. Trampın tvitterdəki statusuna “bataqlığı qurutmaq” həştəgini də əlavə etməsi xüsusi diqqət çəkib. Ekspertlər bunu prezidentin Vaşinqtonun siyasi elitasına olan münasibəti kimi izah ediblər.
Ceyms Komi Trampın Rusiya ilə əlaqələrinin araşdırılması məsələsinə görə qurban gedib -


Lakin görünür, prezident Komi məsələsində tənqid yağışından asanlıqla yaxasını qurtara bilməyəcək. Bir çoxları onun hərəkətini Riçard Niksonun “Uotorgeyt işi”ni araşdıran prokuror Arçibald Koksu işdən qovması ilə müqayisə edir.
Ceyms Komi Trampın Rusiya ilə əlaqələrinin araşdırılması məsələsinə görə qurban gedib -


“Forbs” jurnalının icmalçısı Anders Korr Kominin məhz Trampın Rusiya ilə əlaqələrini araşdırdığı üçün qovulduğuna əmindir.
Korr bunu prezidentin qovulma məktubundakı cümlələrdən bəlli olduğunu yazır:

“Məktubda bel bir cümlə yer alıb: “Mənə vaxtilə 3 dəfə araşdırmanın obyekti olmadığım barədə söyləmənizə görə sizə minnətdaram, lakin yenə də Ədliyyə Nazirliyinin sizin səriştəsiz idarəçiliyiniz barədə rəyi ilə razıyam”.
Ceyms Komi Trampın Rusiya ilə əlaqələrinin araşdırılması məsələsinə görə qurban gedib -


Korrun fikrincə, “hərçənd” sözü burada bir işarədir. Çünki Komi məhz səriştəsizliyinə görə işdən çıxarılsaydı, həmin cümləyə ehtiyac qalmazdı. Komi həqiqətən prezidentin yaxın ətrafının Rusiya ilə əlaqələrini araşdırdığı üçün bu məktub ən azı onun məhz bu məsələyə görə qovulduğunu göstərir”, - Korr yazır.

ABŞ-ın Amherst kollecinin hüquq üzrə professoru Loren Duqlas “The Guardian” qəzetinə verdiyi müsahibədə Trampın son qərarını hüququn aliliyinə qarşı həyasızlıqla həyata keçirilmiş hücum adlandırıb.

“Ən pisi ondan ibarətdir ki, prezident öz xidməti vəzifəsindən istifadə edərək ruslar tərəfindən başladılan işi başa çatdırır. Ruslara daha bizi siyasi sistemin bütünlüyünü pozmaq üçün əlavə enerji sərf etməyə ehtiyacları qalmayıb. Bizim prezident onların yerinə bu işi əla bacarır”, -Duqlas qeyd edib.

“Tramp Komini qovmaqla administrasiyanın Rusiya ilə bağlı araşdırmadan nə dərəcədə qorxduğunu göstərdi”, - Demokratların 2016-cı ildə vitse-prezidentliyə namizədi olmuş senator Tim Keyn The Daily Beast qəzetinə söyləyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26