Interposta.Info

Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıxov:

Siyasət
 19-05-2017, 20:52     630

Putinin səhahiyyətli nümayəndəsindən Rusiya Ali Məhkəməsinin ÜAK-la bağlı qərarına etiraz

Rusiya Ali Məhkəməsinin Ədliyyə Nazirliyinin tələbi ilə Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etməsi həm Rusiyada, həm də Azərbaycanda geniş müzakirə edilməkdədir. Uzun illər Rusiyada diaspor fəaliyyəti ilə məşğul olmuş, indi Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinə rəhbərlik edən Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıqov musavat.com-un ÜAK ətrafında gedən məsələlərlə bağlı suallarına cavab verib.

- ÜAK-ın bağlanması qərarını necə qiymətləndirirsiniz?

- Ali Məhkəmənin bu qərarını Rusiyanın ictimai maraqlarına, vətəndaş cəmiyyətinin qurulmasına ciddi zərbə sayıram. Çünki söhbət uzun illər Rusiyada yaşayan, bu ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edən Azərbaycan əsilli Rusiya vətəndaşlarının nüfuzlu qurumundan gedir. Çox təəssüf ki, Rusiya Prezidentinin Administrasiyası rəhbərinin milli azlıqlar üzrə müavini Məhəmmədsalam Məhəmmədov, Milli Azlıqlar üzrə Federal Agentliyin rəhbəri İqor Barinov Azərbaycan diasporunun önəmli bir hissəsini təmsil edən ÜAK-ın bağlanmaması üçün məhkəmə qarşısında vəsatət qaldırmadılar. Doğrudur, Rusiyada yaşayan azərbaycanlıları təmsil edən “AzərRos” da ciddi qurumdur, ancaq onu bütün Rusiya ərazisini əhatə edən 3 milyona qədər üzvü olan ÜAK-la müqayisə etmək olmaz. Üstəlik, ÜAK 2001-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Aydındır ki, bu fakt qurumun önəmini bir qədər də artırır. Bütün hallarda Ali Məhkəmənin bu qərarı ölkənin ictimai həyatı üçün zərərli bir tendensiyanın başlanması deməkdir.

- Rusiya tərəfi məsələni hüquq terminləri ilə izah etməyə çalışsa da, Azərbaycanda çoxları qərarın siyasi xarakterli olduğuna inanır. Sizə bu qərarın əsl səbəbləri bəllidirmi?

- ÜAK-a sənədlərini Rusiya qanunvericiliyinə uyğunlaşdırmaq tələbi ilk dəfə 2012-cü ildə qoyulub. Rusiya qanunlarına görə, ictimai qurumun “ümumrusiya” adına iddia etməsi üçün ölkənin 45 regionunda təmsilçiliyi olmalıdır. Ola bilər, ÜAK rəhbərliyi bu məsələdə səhlənkarlıq edib, məsələyə hüquqi yox, siyasi yöndən baxıb – problem olarsa rəsmi Bakının, ya da Rusiya prezidenti ilə özəl münasibətlə olan insanların dövriyyəyə girəcəyinə ümid edib. Bu məsələyə doğru yanaşma deyil. Bunlar bəlli... ancaq Rusiya tərəfin də Azərbaycan üçün önəmli olan bir qurumu bir məhkəmə qərarı ilə bağlamasını anlamaq çətindir. Ortada xeyli cavabsız suallar qalır. Məgər söhbət ekstremizm yayan, ya da separatçılıqla məşğul olan qurumdan gedir ki, məhkəmə onu ləğv edir? Bu qədər nüfuzlu siyasət, elm, mədəniyyət xadimlərinin təmsil olunduğu qurumla dil tapmaq mümkün olardı...

- Demək, dil tapmaq istəməyiblər...

- Təəccüblü olan da budur. ÜAK Rusiyada yaşayan azərbaycanlılar üçün də, digər millətlərin təmsilçiləri üçün də “dostluq evi” olub. İndi bəziləri deyir ki, ÜAK ölü qurum idi, fəaliyyətsiz idi. Mən bu fikirlə qətiyyən razılaşmıram. ÜAK artıq müəyyən imici olan, sözü eşidilən, Rusiyada yaşayan azərbaycanlılar, xüsusən, tələbələr üçün önəmli qurum idi. Bu quruma uzun illər imkanlı insanlar ciddi pullar yatırıb və bu vəsait xeyriyyəçilik üçün xərclənib. Ola bilər, ÜAK bu məsələlərin reklamına ciddi məsələ kimi baxmayıb, amma bu fəaliyyət olub. Ola bilər, bu gün Moskva ilə Bakı arasında hələlik ictimailəşdirilməyən siyasi problemlər var. Ancaq bunun illərdir Rusiyada kök salan, burada ikinci, hətta üçüncü nəsli yaşayan azərbaycanlılara nə aidiyyəti? Istənilən iki ölkə arasında soyuqluq, gərginlik dönəmləri olur. Məncə, siyasi problemlər niyyəti yaşadıqları cəmiyyətdə vətəndaş həmrəyliyinə xidmət etmək olan ictimai birliklərin işinə mane olmamalıdır.

- Rusiyada bəzi birliklərdən rəsmi Bakıya təhdid məqsədilə yaradıldığı haqda da iddialar var. Məsələn, Azərbaycandakı sonuncu prezident seçkisi ərəfəsində yaradılan şərti adı “milyarderlər ittifaqı” olan klubu Azərbaycanda isti qarşılamamışdılar. Siz də həmin klubda təmsil olunurdunuz. Sizcə, ÜAK-ın bağlanmasının fonunda yenidən analoji qurumun yaranması ehtimalı yüksəkdirmi?

- “Milyarderlər ittifaqı” tamamilə başqa niyyətlə yaranmışdı və sonradan arxasında heç bir fəaliyyət olmaya-olmaya qurumun adı bəzi siyasi məsələlərdə hallandı. Bu da orada təmsil olunan bəzi şəxsləri əlini diaspor fəaliyyətindən soyutdu. Açığı indi kimin nə yaratmaq niyyəti, bu işin hansı perspektivi olması haqqında heç bir fikrim yoxdur. Şəxsən özüm haqqında danışa bilərəm. Krımın dirçəldilməsi üçün bir sıra layihələr həyata keçirirəm, yeni yaratdığımız Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzində strategiyalar hazırlanması işləri ilə məşğuluq.

Sözdə “Rusiya çoxmillətli ölkədir” deyib fəxr etmək yetərli deyil. Bu sözlərin arxasında konkret əməl dayanmalıdır. Hələlik biz öz timsalımızda bunu görmürük. Azərbaycanlıları sıxışdırmağa ehtiyac yoxdur – biz yetərincə ciddi qüvvəyik. Gedişata baxacağıq, ehtiyac olsa, yenidən güclü bir diaspor təşkilatı yarada bilərik. Digər tərəfdən də məhkəmə qərarının olması ÜAK-ın fəaliyyətinin tamamilə dayandırılması demək deyil. Rusiya qanunlarına görə, ictimai birliklər Ədliyyə Nazirliyinin qeydiyyatı olmadan da işləyə bilər. Bu halda onlar hüquqi şəxs sayılmır, ancaq fəaliyyətləri qadağan deyil.

- Siz Rusiya mediasına müsahibələrinizdə bu işin arxasında erməni izinin olduğunu demisiniz. Konkret faktlarınız varmı və bu haqda Rusiya rəsmiləri ilə danışmaq niyyətindəsinizmi?

- Təbii, Rusiyada yaşayan bir çox azərbaycanlıların mövqeyini rəsmi görüşlərdə ifadə edəcəyik. Erməni izi haqqında mən ilk gündən danışıram. Azərbaycanla müharibə şəraitində olan Ermənistanın bizim Rusiyadakı dayaqlarımızı zəiflətmək istəyindən təbii nə ola bilər? Onlar illərdir Moskva ilə Bakı arasında münasibətlərin korlanması üçün çalışırlar. Bilmirəm, bəlkə, yenə də Rusiya Federasiyası administrasiyasından hansısa məmur, ya da FTX-nin hansısa generalı antiazərbaycan lobbistlərindən hədiyyə alıb və Konstitusiyanı, eləcə də Rusiya Mülki Məcəlləsinin “Millətin hüququ haqqında” müddəalarını pozub? Hər halda bunların aydınlaşdırılmasına ehtiyac var. Belə yanlış siyasətə yol vermək olmaz. Rusiya çoxmillətli ölkədir. Bu ölkənin siyasəti müdrik olmalıdır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26