Interposta.Info

Şimali Koreya Rusiya və İranın

Siyasət
 20-04-2017, 10:47     822

ABŞ “Karl Vinson” təyyarədaşıyan gəmisini Koreya sularına göndərməyib. Bu haqda İsveçin SVT kanalı məlumat yayıb. Məlumata görə, ABŞ-ın “Karl Vinson” təyyarədaşıyan gəmisi Avstraliya donanması ilə birlikdə manevr reallaşdırmaq üçün Sunda boğazını keçərək Hind okeanına istiqamətlənib. Axar.az-ın xəbərinə görə, məlumatda həmçinin “Trampın əmri”nə əsasən aprelin 25-də gəminin Yapon dənizinə çatacağı qeyd olunub. Ancaq hələlik Ağ Ev və ABŞ Donanması bu haqda heç bir açıqlama verməyib.

Yayılan məlumatda deyilirdi ki, Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin komandanlığı Şimali Koreya sahillərinə daha iki təyyarədaşıyan zərbə qruplaşması göndərib. Ancaq Şimali Koreya sahillərinə doğru istiqamət alan təyyarədaşıyan qruplaşmasının aprelin 16-da Yapon dənizinə daxil olacağı gözlənilsə də, gecikməsinin səbəbi açıqlanmayıb. Mənbələr deyiblər ki, təxminən həmin günlərdə-aprel ayı ərzində Birləşmiş Ştatların daha iki təyyarədaşıyan gəmisi və onları müşayiət edən gəmilər Yapon dənizində mövqe tutacaq. Bunlar “Ronald Reyqan” və “Admiral Nimitz” təyyarədaşıyanlarıdır. (virualaz.org)

Bəzi müşahidəçilər Pentaqonun prezident Trampı aldatdığını iddia etsə də, bunun bir manevr olduğunu düşünənlər də var. Hesab olunur ki, ABŞ Şimali Koreya ilə zarafatın təhlükəli olduğunu anladığı üçün nəbz yoxlanışı həyata keçirir. Ancaq ümumilikdə ABŞ-ın mövqeyi belədir ki, bölgədə sülhə nail olmaq üçün gücə əl atmağın alternativi qalmayıb. Bunu ABŞ-ın vitse-prezidenti də dilə gətirib.

Paralel olaraq Yaponiya hökuməti də Şimali Koreyaya dözmək niyyətində olmadığını, İkinci Dünya müharibəsindən sonra ilk dəfə dəniz suları boyunca hərəkətə keçəcəyini bəyan edib.

Şimali Koreyanın davranışları isə onun geri çəkilmək niyyətində olmadığını göstərir. Belə ki, Koreya lideri Kim İr Senin 105-ci ildönümünə həsr olunmuş tədbirdə nümayiş olunan görüntülərdə yeni ballistik raketlərin ABŞ ərazisini vurması təsvir olunub.

Kadrlarda raketin səmaya qalxaraq okeanı aşıb ABŞ ərazisinə düşdüyü və şəhərlərdən birini məhv etdiyi göstərilir. Sonda qəbiristanlıq fonunda ABŞ bayrağı təsbit olunur. Ekspertlərin fikrincə, Şimali Koreya aprelin 25-nə qədər yeni nüvə sınaqları keçirməyi planlaşdırır. ABŞ prezidenti də deyib ki, Şimali Koreya diktatoru ilə danışmaq mənasızdır. Çünki o, uzun müddətdir ki, hamını barmağına dolayır. ABŞ-ın təhdidlərinə cavab olaraq Şimali Koreya hərbi komandanlığı elan edib ki, Pxenyan istənilən an ABŞ-ın regiondakı hərbi bazalarına, Seuldakı prezident sarayına, Yaponiyaya və Amerika ərazisinin özünə preventiv zərbələr endirə bilər.

Bu arada ilginc məlumatlar yayılıb. Belə ki, 1994-cü ildə Amerikanın prezidenti olmuş Bill Klinton müşavirlərinə Şimali Koreya ilə müharibə ssenarisinin hansı nəticələrə gətirib çıxaracağı ilə bağlı hesabat hazırlamağı tapşırıb. Hesabatdan çıxan nəticələr dəhşətli olub. Məlumata görə, əgər Amerika Şimali Koreyaya hücum edərsə, yüz minlərlə insan həlak olacaq, Cənubi Koreya dağılacaq və işğal olunacaq, oradakı amerikalı hərbçilər böyük itkilər verəcəklər (Axar.az).

Politoloq Elxan Şahinoğlunun fikrincə, şübhəsiz ki, bu hesabat indiki prezident Donald Trampın da masasının üzərinə qoyulub. Nüvə dövlətindən hamının çəkindiyini, Şimali Koreyanın məhz nüvə ölkəsi olduğu üçün ABŞ-ın hücumda tərəddüd etdiyini xatırladan politoloq Azərbaycanda nüvə elektrik stansiyasının gündəmə gətirilməsinə ehtiyac olduğunu vurğulayıb. E.Şahinoğlu hətta nüvə silahı barədə müzakirələri də mümkün sayıb: ”Nüvə silahı barədə də danışmaq olar. Müzakirələri başlamağa bizə heç nə mane olmur".
Bu ərəfədə Moskva-Vaşinqton və Vaşinqton-Tehran gərginliyinin səngiməsinə səbəb kimi diqqətin Şimali Koreyaya yönəlməsi göstərilir. Hesab olunur ki, Şimali Koreya diktatoru özünün nüvə təhdidləri ilə digər iki dövlətin “qanının arasına girib”. Söhbət dünyanı atom bombası ilə təhdid edən ölkədən gedir. Hər halda, nüvə yanacağından artıq iddiasının olmadığını deyən İran, yaxud danışıqlara üstünlük verdiyini bəyanlayan Rusiya ilə müqayisədə Şimali Koreya daha çox təhlükəlidir. Azərbaycandan min km-lərlə məsafədə yerləşsə də, bəşəriyyəti təhdid edən hadisələrin baş verməsi şübhəsiz ki, narahatlıq yaratmaya bilməz. Bu ərəfədə ABŞ-ın İran, yaxud Rusiya ilə savaş məsələsini təxirə saldığı, “Şər üçbucağı”nın ən qorxulu ölkəsi ilə haqq-hesab çəkilməsini önə çəkdiyini deyənlər var. Lakin əks fikirdə olanların da arqumentləri ciddidir.

“ABŞ-ın Şimali Koreyaya daha çox diqqət ayırması o demək deyil ki, Rusiya, yaxud İran diqqətdən kənarda qalıb”. Bunu politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a dedi. Onun fikrincə, Şimali Kareyaya qarşı reaksiyanın sərt olmasının əsas səbəblərindən biri ABŞ-ın müttəfiqləri olan Cənubi Koreya və Yaponiyanın təhlükəsizliyi və şübhəsiz ki, Çin faktoru ilə bağlıdır: “ABŞ-ın bölgəyə göndərdiyi ”Karl Vinson" atom aviadaşıyıcısında 90 təyyarə və helikopter, o cümlədən F/A-18E/F Super Hornet tipli qırıcı-bombardmançı təyyarələr yerləşdirilib. “Karl Vinson” aviadaşıyıcısını “Maykl Merfi”, “Veyn İ.Meyer” destroyerləri, “Leyl Şampleyn” krayseri və atom sualtı gəmisi müşaiyyət edidir. Bütün gəmilər Suriyada aviabazanın vurulmasında istifadə olunan “Tomahawk” qanadlı raketləriylə təchiz olunub. ABŞ-ın Şimali Koreya sahillərinə göndərdiyi kontingentin ballistik raketləri ələ keçirmək, sıradan çıxarmaq imkanları var. ABŞ-ın, Yaponiyanın və Cənubi Koreyanın bölgədəki hərbi potensialı ilə Şimali Koreyanı bir neçə dəfə yer üzündən silmək olar. Şimali Koreyanın “çirkli bomba”ya sahib olması barədə bir-birini təkzib edən məlumatların sayı yetərincədir". Amma E.Mirzəbəyli atom bombası ilə bağlı iddiaların Şimali Koreyanın təbliğat vasitəsi, yaxud blef olduğunu düşünür: “Əgər Şimali Koreya atom bombasına sahib olsaydı, çox güman ki, proseslərin fərqli istiqamətdə inkişafının şahidi olardıq”.

Politoloq bildirdi ki, təyyarədaşıyan gəmilərin başqa istiqamətə göndərilməsi ilə bağlı məlumatların heç bir əsası yoxdur: “Əksinə, aprelin sonunadək daha iki aviadaşıyıcı - ”Ronald Reagan" və “Nimitz” Yapon dənizində olacaq. ABŞ hətta Şimali Koreyanın sınaq məqsədilə buraxacağı raketləri belə sıradan çıxarmaq istəyir. ABŞ-ın müdafiə naziri artıq bununla bağlı Konqresi də məlumatlandırıb. Şimali Koreyanın cəzalandırılması prosesi burdan - sınaq raketlərinin vurulmasından da başlaya bilər. Bəzi mənbələr ABŞ-ın Şimali Koreya yaxınlığındakı hərbi qrupunun arsenalında 700 “Tomahawk” raketinin olduğunu, daha 4 sualtı gəminin Yapon dənizinə yönləndirildiyini bildirirlər. Məsələ kifayət qədər ciddidir və hesab edirəm ki, Tramp ABŞ-ın geosiyasi maraqlarının sərhədlərini Uzaq Şərqdə cızmaq və Avrasiyanı hərbi çəmbərində saxlamaq istəyir. Bir məqamı xatırladım: Suriyadakı aviabazanın vurulması ABŞ və Çin liderlərinin görüşü zamanı baş vermişdi. Bunun təsadüf olduğunu düşünmürəm. Ola bilsin ki, Şimali Koreya ilə bağlı böhran həm də Çinə xəbərdarlıqdır".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26