Interposta.Info

“Bu səfərin ən başlıca tərəfi var ki, biz onu bilmirik” -

Siyasət
 12-04-2017, 10:20     451

Sabiq təhlükəsizlik zabiti Rusiya Təhlükəsizlik Şurası katibini həssas dönəmdə paytaxtımıza gətirən səbəblərdən danışdı

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri kifayət qədər diqqət çəkib. Rusiya metrosundakı terror aktından sonra bölgədəki təhlükəsizlik məsələlərinin ciddi müzakirəsi anlaşılan olsa da, Suriya ətrafında baş verənlər fonunda bu qəfil səfərə münasibət birmənalı deyil.

Hesab olunur ki, Moskva Vaşinqtonla münasibətlərinin gərginləşdiyi halında Bakını da öz yanında görmək istəyə bilər. Ancaq şübhəsiz ki, Rusiyanın belə bir istəyi olsa belə, Azərbaycan bunun nə qədər riskli olduğunu çox yaxşı bilir. Azərbaycan hətta Türkiyə-Rusiya arasındakı təyyarə gərginliyi dövründə də təmkinli siyasət yürütməklə kritik durumdan problemsiz çıxdı, sonda tərəflər Azərbaycan rəhbərliyinə barışçı siyasətinə görə təşəkkür də etdilər. Bir müddət əvvəl isə Azərbaycan paytaxtı Rusiya və ABŞ ordu generallarının görüş yerinə çevrilmişdi. Bu mənada rəsmi Bakının neytrallığı onun daha çox faydasınadır.
Sabiq milli təhlükəsizlik xidməti zabiti İlham İsmayıl “Yeni Müsavat”a açıqlamasında kifayət qədər maraqlı məqamlara toxundu: “Aydın məsələdir ki, təhlükəsizlik katibi təhlükəsizlik məsələləri ilə bağlı danışıqlar aparmağa gəlib. Sankt-Peterburq metrosundakı terrordan sonra Rusiya dövlət başçısının MDB ölkələrinin təhlükəsizlik orqanlarının rəhbərləri ilə Moskvada keçirdiyi müşavirə də göstərdi ki, şimal qonşumuz terror təhlükəsinin miqyasının böyüməsindən xüsusi ehtiyat edir və bu istiqamətdə postsovet ölkələrlə, o cümlədən Azərbaycanla qarşılıqlı əməkdaşlıq, birgə mübarizə tədbirləri görmək niyyətindədirlər”.

İ.İsmayılın sözlərinə görə, bu, səfərin ilk görünən tərəfi olsa da, başqa məqamların da müzakirə predmeti olması tamamilə mümkündür: “Nəzərə alsaq ki, ötən ilin sonunda və bu ilin əvvəlində Rusiya Federasiyası rəsmi nümayəndə heyətlərinin Azərbaycana gəlişi əsasən Xəzərin statusu ilə bağlı olub. İstər XİN rəsmiləri, istərsə də dövlət başçısı ilə görüşlərin əsas mövzusu Xəzərin hüquqi statusu ilə bağlı olub. Bilirsiniz ki, Xəzərin statusunun müəyyənləşməsi Suriya hadisələri ilə əlaqədar 2 ildir ki, təxirə salınır. Danışıqlardan məlumdur ki, bu il Xəzərin statusunu müəyyənləşdirən beynəlxalq konvensiya keçirilməsi gözlənilir. Xəzərin bölünməsində mübahisəli tərəflər çoxdur və yekun rəyə hələ ki gəlinməyib. Nəzərə alsaq ki, Xəzərin strateji-geopolitik əhəmiyyəti ilə yanaşı, enerji resurslarının hələ çox olması və onun gələcək istismarı Xəzəryanı dövlətlər, xüsusilə bizim üçün böyük əhəmiyyətə malikdir, Rusiyanın narahatlığı başadüşüləndir. Azərbaycanı indiki status qane etsə də, İran, Rusiya və hətta Türkmənistan da narazılıqlarını bildiriblər”.

Ekspertin fikrincə, ola bilsin ki, Patruşevin səfəri bu məsələdə bizi hansısa güzəştlərə razı salmaq üçün həyata keçirilib. İ.İsmayıl hesab edir ki, Suriya aviabazasını ABŞ-ın raket atəşinə tutması Rusiyanın, V.Putinin imicinə böyük zərbə vurub: “Yadınızdadırsa, 2015-ci ilin sonlarında Rusiya Xəzərdən, Lənkərana yaxın yerdən hərbi gəmilərdən Suriya ərazisinə raket zərbələri endirib, əzələ nümayiş etdirmişdi. Mümkündür ki, danışıqların predmetindən biri də Rusiyanın bu zərbələri təkrar etməsi və Azərbaycanla bu istiqamətdə müzakirələr aparması olsun. Həmin hərbi gəmilər az qala bir ay Bakı sahilində lövbər salmışdılar. Rusiya tərəfindən Azərbaycanı ABŞ-a qarşı qoymaq kimi bir məcburiyyət yoxdur, çünki Azərbaycan həm daxili , həm xarici siyasətində daha çox Rusiya meyllidir və bu siyasətdən kənara çəkilmə elementləri olmadığından Rusiyanı narahat edən bir proses yoxdur. Patruşev 2015-ci ilin mayında da Bakıya səfər etmişdi və o vaxt bu səfərin Avropa Oyunları ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçirmək, o cümlədən oyunlar keçirildiyi müddətdə Qarabağ cəbhəsində Ermənistan tərəfin təxribatlara yol verməsinin qarşısını almaq məqsədilə təşkil olunduğu bildirilmişdi”.

Ekspert xatırlatdı ki, indi də Qarabağ cəbhəsində gərginlik var: “Ermənilər qarşıdan 24 aprel qondarma genosid gününü və 8 mayda Şuşanın alınmasının 25 illiyini təntənəli qeyd etməyi planlaşdırır. Ermənilərin rahat şəkildə qələbələrini qeyd etməsi üçün cəbhədə ikinci aprel döyüşlərinə yol verməmək tapşırığı və ya xahişi də danışıqların müzakirə mövzusu ola bilər. Erməni tərəf Rusiyaya uydurma məlumat verə bilər ki, - Rusiya burdakı agentləri vasitəsilə özləri də informasiya ala bilir - Azərbaycan həmin günlərdə hansısa irimiqyaslı əməliyyata hazırlaşır və bunun qarşısı alınsın, əks halda, onlar da sərt cavablar verəcək və s. Təbii, Qarabağ cəbhəsində böyük gərginlik Rusiyaya indiki dönəmdə əlavə başağrısıdır. İŞİD terroru, Şimali Qafqaz istiqamətində terrorçuların Azərbaycanı tranzit ölkə kimi istifadə etməməsi, sərhədlərin qorunmasında əməkdaşlıq və sairə təhlükəsizlik tədbirlərinin görülməsi də danışıqlarda inandırıcı görünür. Nəhayət, görüşün ən əsas məqsədinə gəldikdə... Bu səfərin ən başlıca tərəfi var ki, biz onu bilmirik və bilməməyimiz də təbiidir”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26