Interposta.Info

Suriya problemi Rusiyanı ABŞ-la müharibəyə sürükləyir -

Siyasət
 10-04-2017, 10:06     458

Qabil Hüseynli: “Rusiyanın Amerika ilə kəllə-kəlləyə gəlmək potensialı yoxdur”

Amerikanın Suriyanı bombalamasının Rusiya ilə münasibətləri daha da kəskinləşdirdiyi göz önünədir. Hər keçən gün iki dünya gücü arasındakı narazılıq kritik həddə çatır. Təsadüfi deyil ki, Birləşmiş Ştatların Suriya prezidenti Bəşər Əsədin hərbi bazasına endirdiyi zərbəyə ən kəskin reaksiya Kreml tərəfindən verildi.

Rəsmi Moskva açıq şəkildə bunu təcavüz adlandırdı. Ekspertlər proseslərin bu şəkildə davamının hətta III Dünya Müharibəsi ilə nəticələnə biləcəyinin anonsunu verməkdədirlər.

Vaşinqtonun Suriyanı bombalamasından sonra Türkiyənin mövqeyi də ciddi şəkildə müzakirə edilir. Rəsmi Ankara Rusiya ilə yaxın əlaqələri olmasına rəğmən, Amerikanın bu addımını dəstəklədi. Ekspertlər bu amilin qardaş ölkənin şimal qonşumuzla əlaqələrinə zərbə vura biləcəyini proqnozlaşdırırlar.

Politoloq Qabil Hüseynli hesab edir ki, Amerika Suriya məsələsində daha cəsarətli addımlar atır:
“Düzdür, Rusiya birtərəfli qaydada Suriya səmasında toqquşmanın qarşısını almaq üçün memorandumdan çıxdı. Amma bunlar Amerikanın hərəkətlərinə az təsir edir. Bunun ardınca Konqresə Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsi barədə qanun layihəsi təqdim olundu ki, bu layihənin qəbul ediləcəyinə şübhə yoxdur. Bundan başqa, Suriyada irimiqyaslı müharibənin aparılması barədə Konqresdə Pentaqona tapşırıqlar verilməsi barədə müzakirələr açılıb. Yəni ABŞ Suriyada sərt davranmaq məsələsində çox qətiyyətlidir. Bu məsələdə onu müttəfiqləri də müdafiə edir. Məsələn, Almaniya kansleri Angela Merkel bildirdi ki, Bəşər Əsəd rejimi hakimiyyətdə qala bilməz. Bütün bunlar onu göstərir ki, NATO kontekstində Suriyada əməliyyatların genişləndirilməsi, Əsəd rejiminin devrilməsi, Rusiya və İran qüvvələrinin buradan çıxarılması gündəmdə olan məsələlərdir. Doğrudur, Rusiya əks tədbirlər görür. Bunlar vəziyyətə təsir etməyəcək. Əgər Rusiya sona qədər davam gətirə bilsə, - hərçənd bunu zənn etmirəm, - Amerikanın ilk planı İranı bu ərazilərdən çıxarmaq olacaq. Suriya və İraqda qayda-qanunları Amerika yaratmaq niyyətindədir. Xaosu bu ərazilərdə ABŞ aradan qaldırmaq istəyindədir. Rusiyanın bu məsələlərdə Amerika ilə kəllə-kələyə gəlmək potensialı yoxdur. Kreml heç buna risk də etməyəcək. Rusiyada əhalinin son çıxışları, baş verən terror Putin hakimiyyətini xeyli dərəcədə sarsıdıb. Belə vəziyyətdə Amerikanın hərəkətləri üçün meydan açılıb. Bütün bunlara görə, ABŞ-ın sona qədər Suriya məsələsində qətiyyətli olacağına inanıram. Bəşər Əsəd rejimi devrilməklə yanaşı, Rusiya ilə müəyyən razılığa da gəlinəcək. Bunlar alınmasa, Rusiya ilə toqquşmalar baş verə bilər”.

Politoloq bu kontekstdə Rusiya-Türkiyə münasibətlərinə də toxundu:
“Onsuz da Türkiyə-Rusiya münasibətləri bir çox məsələlərdə sona qədər həll olunmamışdı. Türkiyə kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına buraxılmaması hələ də davam edir. Üstəlik Rusiyadan elə də ciddi turist axını da gözlənilmir - izn verilməsinə baxmayaraq. Zənnimcə, Əsəd rejiminə qarşı irimiqyaslı əməliyyatlar aparılsa, Türkiyə NATO üzvü kimi qurumun əmrlərinə tabe olacaq və Amerikanın yanında yer alacaq. Artıq Türkiyə tərəfi ABŞ-ın Suriyanı bombalamasını həm sevinclə qarşıladı, həm də bununla əlaqədar olaraq, Ağ Ev rəhbərliyini təbrik etdi. Əlbəttə bu, Rusiyanın xoşuna getməyəcək. Rusiya-Türkiyə münasibətlərinə də müəyyən kölgə sala bilər. Amma bu dəqiqə Rusiyanın canının Türkiyənin əlində olduğunu desək yanılmarıq. Söhbət ”Türk axını" layihəsinin imzalanmasından gedir. Parlamentlərdə layihə təsdiq olunacaq. Rusiya əgər yenə də əvvəlki siyasətinə qayıtsa, layihə təxirə düşəcək. Bu da Kreml üçün gözlənilməz bir şərait yaradacaq".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26