Interposta.Info

“Dərin dövlət Rusiya-ABŞ gərginliyinə sevinir” -

Müxtəlif
 13-04-2017, 16:54     654

"Hazırda Amerika Rusiya münasibətləri çox gərgindir. İstənilən bir hərəkət iki dövlətin dərin qarşıdurmasına gətirib çıxara bilər. Amma Amerika bu məsələyə soyuqqanlılıqla yanaşır. Bundan sonra Rusiyanın hər hansı bir intriqasına və ya başqa hərəkətinə çox soyuqqanlıqla cavab veriləcək - Suriyanın bombardman edilməsi kimi. Hesab edirəm ki, bununla Rusiya ambisiyaları müəyyən qədər səngiməlidir. Rusiya özünün davranışlarına müəyyən bir çəki-düzən verməlidir. Bu baş verməsə, Rusiya ayda bir dəfə və ya 2 aydan bir belə rüsvayçı vəziyyətə düşəcək”.

interposta.info xəbər verir ki, bu sözləri BakiPost.az-a açıqlamasında politoloq Qabil Hüseynli son vaxtlar ABŞ və Rusiya arasında davam edən soyuq münasibətləri şərh edərkən deyib.
O hesab edir ki, Rusiyanın real, iqtisadi vəziyyəti, əhalinin düşüncələri haqda Putin və komandasının düşüncələri real gerçəkliyə söykənməyib: "ABŞ dövlət katibi Tillersonun Moskvadaya səfəri çox gərgin keçib. Lavrov ilə 4 və Putinlə 2 saatlıq danışıqlar demək olar ki, hər hansı bir kompromisə, ümumi razılığa gəlməklə bitməyib. Tərəflər bir-birini suçlamaqla hərə öz mövqeyinə haqq qazandırmağa cəhd edib. Rusiya həm Suriya, həm də ümumiyyətlə Amerikanın hərəkətləri barəsində gerçəkliyə uyğun olmayan iddialar və ittihamlar irəli sürməkdə davam edir. Tillerson isə Rusiyanı konstruktiv olmağa, kompromisə meylli olmağa, ümumiyyətlə soyuq savaş dövrü təfəkkürünü dünyaya gətirməməyə çağırıb. Amma Putin tam başqa məntiqlə hərəkət edir. Putin hesab edir ki, Amerikanın malik olduğu hərbi potensial hələ bir az artıqlaması ilə Rusiyanın özündə var.

Tillerson Rusiya ilə irimiqyaslı bir kompromis əldə etmək üçün Moskvaya getməmişdi. Sadəcə olaraq o, Suriya və Ukrayna məsələsində bəlli bir kompromisə nail olmağa, indiyə kimi əldə edilmiş razılaşmaları bir azda irəli aparmağa çalışıb. Amma Rusiya tərəfinin mövqeləri nəinki həmin məsələlər ətrafında ümumi razılığa gəlməyə imkan vermədi, hətta məsələləri bir az da sərt - yəni qarşıdurma səviyyəsinə çatdırdı”.
“Dərin dövlət Rusiya-ABŞ gərginliyinə sevinir” -


Qabil Hüseynli bildirib ki, Amerikada müəyyən dairələr, dərin dövlət deyilən məfhumun üzvləri danışıqların belə qurtarmasına sevinirlər: "Çünki onlara Rusiya ilə qarşıdurma hava və su kimi lazımdır. Düzdür bu, dünya üçün çox təhlükələrə gətirib çıxara bilər. Amma onlar belə hesab edir ki, gec və ya tez Rusiya ilə bir gün haqq-hesab çəkmək lazım gələcək. Bu haqq-hesab çəkmək anının da Rusiyanın apardığı siyasət nəticəsində sürətlə yaxınlaşdığının şahidi oluruq”.

Politoloq hesab edir ki, ABŞ Rusiyanın hərbi donanmasını az qüvvəylə məhv edə bilər: "Amerikanın 6-cı donaması Suriya sahillərində yaxın məsafədə düzülüb. Rusiya isə özünün sınıq-salxaq Qara Dəniz Donamasından olan qüvvələrini həmin hissəyə çəkmək barədə əmr verib. Hətta hərbidən başı çıxmayan və ya bu sahədə mütəxəssis olmayan insan belə yaxşı başa düşür ki, Rusiyanın hərbi donamasını Suriya sahillərində məhv etmək üçün Amerikaya bunun yalnız müəyyən bir hissəsi lazımdır”.

Q.Hüseynli vurğulayıb ki, iki dövlət arasında qarşıdurma baş verməsi dünya üçün fəlakətə səbəb ola bilər: "Düzdür, dünya müharibəsinin olmasını heç kim arzulamaz. Amma Amerika nüvə müharibəsindən belə qorxmur. Yaxşı başa düşür ki, qabaqlayıcı zərbə endirib onun nüvə potensialını tamamilə sıradan çıxara bilər. Rusiyadan gələn hər hansı bir təhlükəni o, özünün yaratdığı nüvə qalxanı vasitəsi ilə dəf edə bilər. Rusiya isə bunu qəbul etmək istəmir”.

Politoloq qeyd edib ki, baş verənləri Trampın adı ilə bağlamağa çalışsalar da, bu belə deyil: "Hazırda Amerika idarəçilik sistemi elə qurulub ki, bu saat Amerikada baş verən proseslər tamamilə daha ağıllı və təcrübəli qüvvələrin əlindədir. Həmin qüvvələr də prosesləri nəzarət altında saxlamaqla Rusiyanın dünya hegemonluğuna can atmasının qarşısını alacaq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26