Interposta.Info

Rusiya bu addımı atmağa cəsarət etməz -

Siyasət
 21-06-2017, 12:45     616

İnanmıram ki, Rusiya ABŞ-a qarşı hər hansı addım atmağa cəsarət etsin. Çünki bu, çox böyük fəlakətə gətirib çıxara bilər. Bunun nəticəsində yeni bir dünya müharibəsi qaçılmaz olar.

Bu sözləri sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Rusiyanın ABŞ rəhbərliyindəki koalisiyaya məxsus təyyarələrin Fəratın qərb sahilinə keçəcəyi halda nəzarətə götürüləcəyi ilə bağlı açıqlamasını Axar.az-a şərh edərkən deyib.

Politoloq böyük müharibənin başlamasını istisna edib:

“Rusiyanın bu addımı atmasına səbəb ondan ibarətdir ki, NATO qüvvələri Suriyada üstünlüyü ələ keçirib və hadisələrə diktə etməyə başlayıb. Bu prosesdə Rusiyanın mövqeyi xeyli qaranlıqdır. Rusiya cığallıq edir. Rusiya ABŞ təyyarələrinə qarşı bu addımı atmaz. Kreml yaxşı başa düşür ki, qarşıdurma genişlənə bilər və dünya müharibəsinə çevrilər. Məncə, hər iki dövlət bir-birinə psixoloji təsir göstərir. Ona görə də bu bəyanatların reallaşacağı və hərbi müstəviyə keçəcəyinə inanmıram”.

Qeyd edək ki, ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin Rakka səmasında İŞİD-ə zərbə endirən Suriya qırıcısını vurmasından sonra Rusiya Müdafiə Nazirliyi sərt açıqlama yayıb. Açıqlamada ABŞ-la Suriyada terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıqdan imtina edildiyi bildirilib və Fərat çayının qərbinə keçən koalisiyaya məxsus təyyarə və uçan aparatların Rusiya hava hücumundan müdafiə sistemlərinin nəzarətində olacağı vurğulanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26