Interposta.Info

Birləşmiş Ştatlar Əsəd siyasətində Rusiyaya uduzdumu? -

Siyasət
 1-04-2017, 11:12     456

Elçin Mirzəbəyli: “Əsəd müvəqqəti, ABŞ-ın maraqları isə əbədidir”; Əhəd Məmmədli: “ABŞ bu bəyanatla Rusiyanın başının altına yastıq qoyur”

“Suriya prezidenti Bəşər Əsəd hakimiyyətinin devrilməsi ABŞ-ın bu ölkə üzrə siyasətinin əsasını təşkil etmir”. “Report” BBC-yə istinadən xəbər verir ki, bunu Amerikanın BMT-dəki səfiri Nikki Heyli bildirib.

“ABŞ üçün başlıca məsələ suriyalıların firavan həyatı üçün mümkün dəyişiklikləri etməyə yollar axtarmaqdır. Barak Obama Bəşər Əsədi devirməyə cəhd etsə də, Donald Trampın prezidentliyi dövründə belə siyasət yürüdülməyəcək” deyə, amerikalı diplomat vurğulayıb.

Politoloq Elçin Mirzəbəyli hesab edir ki, Amerikanın BMT-dəki xanım nümayəndəsinin fikirlərində təəccüblü heç nə yoxdur: “Əslində bu açıqlama Donald Trampın seçki kampaniyası dövründə səsləndirdiyi fikirlərlə tamamilə üst-üstə düşür. Bu baxımdan, ABŞ-ın BMT-dəki səfiri Nikki Heylinin bəyanatında sensasiya yarada biləcək hər hansı bir məqamın olduğunu düşünmürəm. Hazırda Bəşər Əsəd ABŞ üçün heç bir təhlükə vəd etmir. Digər tərəfdən, bu yanaşma ABŞ respublikaçılarının ənənəvi siyasi baxışlarına tam uyğun gələn bir yanaşmadır. Respublikaçılar Birləşmiş Ştatların maraqlarını ön planda tuturlar. İndiki məqamda əgər Suriya məsələsində Rusiya ilə uzlaşma mümkündürsə və bu, ABŞ-ın da maraqlarına uyğun gəlirsə, o zaman Bəşər Əsədin hakimiyyətdə qalıb-qalmamağı heç bir əhəmiyyət kəsb etmir. Əsəd onsuz da gec-tez hakimiyyətdən gedəcək. Əsəd müvəqqəti, ABŞ-ın maraqları isə əbədidir. Burada məğlubiyyətdən söhbət gedə bilməz. İndiki şəraitdə Suriya məsələsində ABŞ və Rusiyanın ortaq məxrəcə gələ bilmələri üçün real şansın yarandığı ehtimalı var. Vaşinqton bütün hallarda əldə etmək istədiyini edib və edəcək də. Bunun üçün əlavə enerji sərf etməyə, vəsait xərcləməyə nə ehtiyac var ki? İndi Vaşinqtonun başqa prioritetləri var. ABŞ Çin və İrana daha çox diqqət ayıracaq və bu 2 məsələdə onun üçün Rusiyanın loyallığının təmin edilməsi daha vacibdir. Bu baxımdan, hesab edirəm ki, Vaşinqtonun Rusiya ilə ”Suriya razılaşması" paketində Çin və İranla bağlı məsələlər də yer alıb. Bu isə uduzmaq anlamına gəlmir. ABŞ-ın heç bir dövlətin işinə qarışmayacağı barədə mülahizələr çox güman ki, rəmzi xarakter daşıyır. Şübhəsiz ki, əgər hər hansı bir ölkə ABŞ-ın maraqlarına təhlükə yarada bilən addımlar atmayacaqsa, o zaman həmin ölkədə hansı rejimin mövcud olmasından asılı olmayaraq Vaşinqtonun qəzəbinə tuş gəlməyəcək. Trampın strategiyası çox sadədir. O, biznesmen kimi davranır. Yəni tez bir zamanda gəlir gətirməyəcək sahələrə investisiya qoymaq, güc sərf etmək istəmir. Bunun nə qədər real və davamlı olacağını isə gələcək göstərəcək. Əsəd ABŞ üçün maneə deyil. Heç Rusiya üçün də. Sadəcə, Əsədin hakimiyyətdə qalması Rusiya, daha dəqiq desək, prezident Putin üçün siyasi texnologiya və piar elementi kimi əhəmiyyət kəsb edir. Putin öz təbliğatında “Əsədi hakimiyyətdə saxladıq” deyə biləcək, amma Əsədin hakimiyyətdə qalması üçün nələri güzəşdə getdiyini deməyəcək".


“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli bildirdi ki, ABŞ Əsəd rejimini heç zaman devirmək fikrində olmayıb: “ABŞ Barak Obamanın vaxtında da Əsədi devirmək istəmirdi. Münaqişə yeni alovlananda Azad Suriya Ordusu (ASO) ələvi iqtidarını bitirmək üzrə idi. ASO-nun Qərb koalisiyasına dəfələrlə müraciətinə baxmayaraq, ABŞ və müttəfiqləri müxalifətə göydən təhlükəsizlik zonası yaratmadı. O vaxtlar DAİŞ yox idi, alternativ ASO-dan ibarət sivil, loyal müxalifət idi, lakin buna rəğmən həmin müxalifətə Amerika hələ Obamanın vaxtında dəstək vermədi. Çünki Qərbin ən qorxduğu Suriyada müstəqil, ya da türkiyəyönümlü sünni müxalifətin hakimiyyətə gəlməsi idi. Bu olan halda Yaxın Şərqdə Amerikanın, İranın, Rusiyanın mövqeləri zəifləyəsi idi. Türkiyənin mövqeyi isə əksinə, güclənəsi idi. Buna da yola verə bilməzdilər. Və bir də israillilər demişkən: ”Əsəd düşməndir, amma sözdən əmələ keçməyən düşmənidir". Müxalifət isə iqtidara gəlsə, İsrail siyasətini necə yürüdəcəyini bilmək olmaz. ABŞ-ın da Yaxın Şərqdə ən əsas vəzifəsi ən yaxın müttəfiqi İsrailin təhlükəsizliyini qorumaqdır. Ona görə bu cür bəyanatlar heç nəyi dəyişmir. Onsuz da suriyalı müxalifətin çoxdandır yeganə güvəndiyi güc və dəstəkçi Türkiyədir. Onu da deyək ki, adətən amerikalılar nə isə etmək istəyəndə tam əksini söyləyirlər. Müxtəlif bölgələrdə, ya keçid zamanında nə etmək istədiklərini gizlətmək üçün tam əksinə bəyanatlar söyləyirlər. Bu cür halların dəfələrlə şahidi olmuşuq. Ola bilsin ki, ABŞ bu bəyanatla Rusiyanın başının altına yastıq qoyur. Amerikanın Suriyadan tam şəkildə çəkilməsi mümkünsüzdür, çünki Suriyanın ətrafında olan ölkələrin hamısında bu və ya digər şəkildə Amerika var və bu superdövlət Yaxın Şərqi bütövlüklə öz təsir zonası sayır. Sadəcə, Suriya düyünü çox uzandı. Bunun da günahkarı Amerikadır. Ona görə də ABŞ Suriyada köhnə-yeni oyunçular olan Türkiyə və Rusiya ilə hesablaşmağa məcburdur. ABŞ kürdlər kartını Türkiyəyə qarşı istifadə edəcək. Həmçinin kürdlərə dəstək verməklə onların yenidən Rusiyanın təsirinə düşməsini əngəlləmək niyyətindədir. Amerikanın Suriyadan çəkilməsi inandırıcı deyil. Obama da yeni seçiləndə çox vədlər verirdi, amma yerinə yetirmədiyi ortadadır. Ona görə Tramp inanmıram ki, vədlərinin çoxunu yerinə yetirə bilsin. Əsəd Amerikaya hələlik sərf edə bilər və edir də. Ən azı xaos davam edir və müəyyən qüvvələr bundan yararlanır. Bir müddətdən sonra Əsədi də xərcləyəcəklər. Diktatorlar zatən şişirdilir, sonra məqamında bitirilir".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26