Interposta.Info

Moskvada Qarabağ danışıqları – Rusiya və ABŞ nəhayət, anlaşacaqmı?

Siyasət
 22-03-2017, 16:22     738

Rusiyalı analitik: “Azərbaycan artıq Qafqazda özünü təsdiqləmiş oyunçudur...”

Ağ Evdə administrasiyanın dəyişməsi, bunun ardınca Donald Tramp hökuməti ilə Rusiya rəhbərliyi arasındakı münasibətlərdə davam edən qeyri-müəyyənlik Dağlıq Qarabağ məsələsinə öz təsirini göstərməkdədir. Getdikcə istiləşməkdə olan Rusiya-Türkiyə münasibətləri isə həm ABŞ-Rusiya, həm də bundan dolayı, Qarabağ məsələsinə özünəməxsus möhürünü başmaqdadır.


Ancaq belə görünür ki, üç paytaxtın – Moskva, Vaşinqton və Ankaranın uzlaşdırılmış ortaq yanaşması ortaya qoyulmayınca, “Qarabağ yükü” də öz yerindən heç vaxt tərpənməyəcək. Yeri gəlmişkən, ötən əsrin 90-cı illərində Dağlıq Qarabağla bağlı mövcud olmuş ABŞ-Rusiya-Türkiyə üçlü formatı münaqişənin həllində ən uğurlu format olduğunu sübut etməyə başlamışdı. Təəssüf ki, həmin format davamlı olmadı.

*****

“Türkiyə və Rusiya öz aralarında münasibətləri tamamilə bərpa edib və hazırda regional problemlərin, o cümlədən Dağlıq Qarabağ məsələsinin həlli üzərində işləyir”. Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-a səfəri çərçivəsində, Vaşinqtonda bəyan edib. Lakin qardaş ölkənin baş diplomatı Qarabağ probleminə dair Moskva ilə aparılan müzakirələrin detallarına toxunmayıb.

Moskvada Qarabağ danışıqları – Rusiya və ABŞ nəhayət, anlaşacaqmı?

Rəsmi Ankaranın mövqeyi isə bəllidir: konfliktin həllində irəliləyiş üçün, Ermənistan da daxil, bölgənin iqtisadi qalxınması üçün işğalçı Ermənistan ən azından, bir neçə rayonu azad eləməlidir. Yəni Türkiyə də münaqişənin mərhələli şəkildə, lakin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasının tərəfdarıdır. Belə bir prinsipial mövqeni prezident Rəcəb Tayyib Ərdoğan Moskvaya son – mart səfəri zamanı bir daha ortaya qoyub.

*****

Ancaq hələ ki problemin həllində irəliləyiş yoxdur. Bu da məsələdə əsas söz sahibi olan Rusiyanın yenidən gözləmə mövqeyi tutması, daha dəqiqi, öz satelliti Ermənistana hər hansı təsir göstərmək istəməməsi ilə əlaqədardır. İşğalçı ölkədəki 2 aprel seçkiləri də Kremlin Qarabağla bağlı diplomatik fəallığına neqativ təsir göstərməkdədir. Çünki rəsmi Moskva Dağlıq Qarabağ məsələsində hər hansı irəliləyişin Ermənistandaxili situasiyanı daha da ağırlaşdıracağı və yaranmış mürəkkəb durumdan isə ən əvvəl Qərbin, ABŞ-ın istifadə edəcəyindən narahatdır.

Söz düşmüşkən, bu arada ABŞ-ın dövlət katibi Reks Tillersonun Moskvaya ilk rəsmi səfərinin tarixi məlum olub – aprelin birinci yarısı. Məlumatlara görə, həmin səfər çərçivəsində Rusiya və Amerikanın diplomatik idarələrinin rəhbərləri regional məsələləri ətraflı müzakirə edəcəklər. Bu məsələlər arasında Dağlıq Qarabağ ixtilafının da yer alacağı gözlənilir.

Moskvada Qarabağ danışıqları – Rusiya və ABŞ nəhayət, anlaşacaqmı?

Bəs iki ölkənin – ATƏT-in Minsk Qrupunun aparıcı həmsədr dövlətlərinin xarici siyasət idarələri başçılarının Qarabağla bağlı hansısa anlaşması mümkündürmü, ABŞ və ya Tramp administrasiyası problemin həllini dalandan çıxarmaq üçün real təşəbbüslə çıxış edə bilərmi? Siyasi təhlilçilərin bu xüsusda proqnoz və ehtimalları optimizmə əfsus ki, əsas vermir.

*****

Rusiyalı politoloq Georgi Bovtun Birləşmiş Ştatların Qarabağ nizamlanmasında iştirakı ilə bağlı özəl yanaşması var.

Moskvada Qarabağ danışıqları – Rusiya və ABŞ nəhayət, anlaşacaqmı?

Musavat.com-un məlumatına görə, ekspert hesab edir ki, hazırda Dağlıq Qarabağ indi Trampı ən axırıncı yerdə maraqlandırır. “O səbəbə ki, Qarabağla bağlı indi maraqlı güclərin artxaslnda dayandığı hər hansı aydın həll variantı nəzərdən keçirilmir”, - deyə o, qeyd edib.

Onun qənaətincə, Rusiya hazırda Dağlıq Qarabağ ətrafında qeyri-müəyyənliyin qalmasında daha çox maraqlıdır: “Kreml istəmir ki, tərəzinin gözü bu və ya başqa həll variantının xeyrinə dəyişsin. Moskva həm Azərbaycan, həm də Ermənistanla yaxşı əlaqələr saxlamaqda daha çox maraqlıdır. Eyni zamanda heç bir münaqişə tərəfi ilə də mübahisəli duruma düşmək istəmir və bir növ broker mövqeyi tutaraq, mümkün hərbi qarşıdurma zamanı bu qisimdə müdaxilə eləmək istəyir”.

Politoloq Qarabağ ixtilafının həllinə təsir göstərən başqa amillərə də toxunub. “Amerikada bir yandan, güclü erməni lobbisi var ki, müəyyən istiqamətdə o, hökumətə təzyiq göstərir. Başqa yandan, dinamik şəkildə inkişaf edən, Türkiyə ilə siyasi cəhətcə yaxın Azərbaycan var. Əgər Azərbaycan xarabalıqlar içində olsaydı, iqtisadi böhran yaşasaydı, o zaman ona təzyiq eləmək olardı. Ancaq Azərbaycan artıq Qafqazda özünü təsdiqləmiş oyunçudur – hansı ilə ki, bəlkə də 90-cı illərdə ABŞ mübahisə etməyə hazır idisə, indi bu, ona əsla lazım deyil”.

Rusiyalı ekspertin sözlərinə görə, Dağlıq Qarabağ ətrafındakı situasiyanın özündə də hansısa həll perspektivi izlənmir. “Əgər hər iki münaqişə tərəfi minimal olaraq anlaşsa, məsələn, tamamilə mübahisəsiz olan Azərbaycan ərazilərinin qaytarılması ilə bağlı anlaşma olsa, o halda bunu hamı, Rusiya və ABŞ dəstəkləyırdi. Ancaq hətta bu məsələdə də Ermənistan güzəştə hazır deyil. Bu ölkədə hazırkı daxili siyasi səbəblərdən, çox güclü olan millətçi ovqat üzündən “hətta işğal altındakı ərazilərin də bir qarşı belə Azərbaycana verilə bilməz” mövqeyi güclüdür. Rusiya da bunun qarşılığında İrəvana təzyiq eləmək istəmir. Ona görə ki, bu, Ermənistanda siyasi rejimin dəyişməsinə gətirə bilər – proqnoz edilməyən nəticələri ilə birgə”, - deyə sonda analitik əlavə edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26