Qarabağın taleyi bundan asılıdır -
Minsk Qrupu çoxdan özünü gözdən salıb. 20 ildən çoxdur ki, bu qurum Qarabağ konfliktinin həlli istiqamətində heç nə etməyib.
Axar.az xəbər verir ki, bunu “Moskva-Bakı” portalına açıqlamasında rusiyalı jurnalist Maksim Şevçenko söyləyib.
O, Qarabağın həllinin Rusiya-Türkiyə-İran üçlüyündən asılı olduğunu bildirib:
“Ermənistanın həlak olan Azərbaycan hərbçisinin cəsədini verməkdən imtina etməsi Minsk Qrupunun çarəsizliyini açıq şəkildə göstərir. Belə çıxır ki, bu qurum hətta bu məsələdə də faydalı nəticə əldə etmək imkanına sahib deyil. Əminəm ki, Azərbaycan hər şeydən öncə Moskva və Tehrana müraciət etsəydi, cəsədin verilməsi məsələsi daha tez həll ediləcəkdi. Ona görə ki, Dağlıq Qarabağ konfliktinin açarı ilk növbədə Rusiya və İranda yerləşir.
Məncə, 1990-cı illərdə Dağlıq Qarabağ konfliktinin həlli ilə bağlı yaradılan bütün formatlar artıq özünü etibardan salıb və onlar tarixin arxivinə atıla bilər. Tamamilə aydındır ki, Dağlıq Qarabağ konfliktinin gələcəyi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üç regional gücün – Rusiya, İran və Türkiyənin potensial razılaşmasından asılıdır. Amerikalılar konfliktin uzadılmasında maraqlıdır. Onlar həll prosesindəki vasitəçilikdən nə qədər tez uzaqlaşalar, Rusiya, Türkiyə və İran bu prosesə bir o qədər daha sıx qoşulacaq. Bu məsələdə ümumi təmas nöqtələri tapılacaq və tezliklə, konflikt Azərbaycanla Ermənistanın maraqlarına uyğun həll ediləcək. Azərbaycan, Rusiya və İran prezidentlərinin avqustun 8-də Bakıdakı sammitindən və Rusiya-Türkiyə münasibətlərinin düzəlməsindən sonra aydındır ki, indi bu ölkələr Dağlıq Qarabağın həllində ümumi təmas nöqtələri axtarırlar. Bu istiqamətdə hərəkət var. Əgər Rusiya və Türkiyə Suriyadakı vətəndaş müharibəsi ilə bağlı situasiyada razılaşma əldə edibsə, o zaman Rusiya-Türkiyə-İran formatının Qarabağın həllində taleyüklü rol oynayacağına da inam yaranır”.
Ekspert İranın bu konfliktin həllində İrəvana güclü təsir edə biləcəyini söyləyib:
“Qarabağ konflikti dondurulmuş vəziyyətdə qaldığı müddət ərzində onu həll etmək çətin olacaq. Avropa Birliyinin iştirakı, üç qarant ölkə və yeni Amerika administrasiyasının xeyir-duası ilə konflikti həll etmək olar. Rusiya-İran-Türkiyə bloku yekun şəkildə formalaşsa, Qafqazda bir çox konfliktlər həll ediləcək. Əminəm ki, Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya konfliktləri həll olunacaq. Bu gün aydındır ki, Tehran açıq şəkildə Ermənistanın müttəfiqidir. Lakin Tehran həm də şiəlik vasitəsilə Azərbaycanla da sıx əlaqələri dəstəkləyir. İran Ankara ilə münasibətlərini düzəltsə, erməni tərəfinə güclü təsir edə bilər ki, o, Dağlıq Qarabağ konfliktinin həllində konstruktiv mövqe tutsun”.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26