Interposta.Info

Dağıstanda

Siyasət
 30-01-2017, 15:04     947

DağıstandaAzərbaycan Respublikası Xarici İşlər Nazirliyində bu barədə məlumat yoxdur

Təxminən on bir-on iki il bundan öncə Dağıstanda Azərbaycanın daimi nümayəndəliyinin açılması məsələsini araşdırırdım. O vaxtki milli siyasət, dini işlər və xarici əlaqələr naziri Zaqir Aruxovla danışdım. Sonralar terror aktı nəticəsində öldürülmüş nazir mənə dedi ki, bu məsələ Rusiya və Azərbaycan arasında dövlətlərarası sazişdə əksini tapıb. Azərbaycanda Dağıstanın daimi nümayəndəliyi var. Dağıstana gəldikdə isə, Mahaçqala şəhərində torpaq sahəsi də ayrılıb. Amma nədənsə işlər ləngiyir.
interposta.info xəbər verir ki, artıq 2017-ci ildir, qeyri-rəsmi məlumatlara görə, Dağıstanda iki yüz min nəfərə yaxın azərbaycanlı var. Bunun yüz əlli minə yaxını etnik azərbaycanlıdır. Onların da böyük əksəriyyəti Dərbənd mahalında yaşayır. Problemlərini sadalamıram, çünki KİV-lər bu barədə çox yazıb. Lakin söhbət təkcə Dağıstanda yaşayan etnik azərbaycanlılardan getmir. Dağıstanda çoxsaylı problemlərlə üzləşən və burada ilişib qalaraq Azərbaycan-Rusiya sərhəddini keçib vətəninə gələ bilməyənlər də var. Mən eləsini tanıyıram ki, iyirmi ildir köhnə sovet pasportunu daşıyır və Xaçmaza qayıda bilmir. Birtəhər başını girələyir. Digər problemlər də mövcuddur. Lakin insanlar haraya müraciət edəcəklərini bilmirlər. Hələ onu demirəm ki, Dağıstanda təkcə azərbaycanlıların yox, bu respublikaya işləməyə gedən avar və ləzgilərin də problemləri var. Əldə etdiyim məlumata görə, ötən il onlardan bir neçə nəfəri Azərbaycana deportasiya da olunub. Özü də heç bir ciddi səbəb olmadan. Millət ayırmayaq, söhbət Azərbaycan vətəndaşlarından, onların üzləşdikləri problemlərdən gedir. Təbii ki, Dağıstanda daimi nümayəndəliyimiz olsaydı, həmin insanların dərd-sərini çözməyə çalışardı. Problemləri Azərbaycanla əlaqəli şəkildə həll edər, Azərbaycanın Rusiyadakı səfirliyi qarşısında qaldırar və yaxud qonşu Dağıstanın aidiyyatı orqanları ilə yerindəcə yoluna qoyardı. Çox təəssüf ki, belə deyil.
Dağıstanda
Dağıstan azərbaycanlıları isə burada daimi nümayəndəliyin açılmasını çox istəyirlər. Ziyalılar da, sadə vətəndaşlar da bu məsələdən söhbət düşəndə eyni fikri vurğulayırlar. Məsələnin başqa bir tərəfi də var. Azərbaycan dövləti Dağıstana investisiyalar qoyur. Bununla bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncam və göstərişləri var. Daimi nümayəndəliyimiz də olsaydı, dövlət başçısının sərəncam və tapşırıqlarının icrasına nəzarət də edərdi. Problemləri vaxtında öyrənib Azərbaycanın aidiyyatı qurumlarına çatdırardı.
Daimi nümayəndənin gərəkliliyi və görəcəyi işlər bir tərəfə qalsın. Dağıstanda nümayəndəliyin açılması burada yaşayan etnik və etnik olmayan azərbaycanlılar üçün söykənəcək bir mənəvi dayaqdır. Ən başlıcası isə Azərbaycan-Rusiya, Azərbaycan-Dağıstan münasibətlərinin inkişafında çox ciddi rol oynaya biləcək bir amildir.

Bütün bu deyilənləri nəzərə alsaq, Dağıstanda Azərbaycanın daimi nümayəndəliyinin açılmasının vaxtı çatmayıbmı? Təxminən elə bu sualla da xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacızadəyə müraciət etdik. Cavab belə oldu: “Bu barədə xarici işlər nazirliyində heç bir məlumat yoxdur”. Bəs kimdədir?

interposta.info təqdim etdi.

Müqəddəs Mehdiyev:“Şimal xəbərləri” qəzetinin baş redaktoru

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26