Interposta.Info

Dağıstanda məmur həbslərinin pərdəarxası

Gündəm
 10-02-2018, 10:54     10 432

Dərbəndin rəhbərinin həbsi xəbəri yayıldı və təkzib olundu

Rusiya İstintaq Komitəsinin əməkdaşları Dağıstanın bütün respublika strukturlarında irimiqyaslı axtarışları davam etdirir. Bu həftənin əvvəlindən başlayaraq Dağıstanın bütün nazirlikləri və dövlət xidmətlərində Respublikanın büdcə vəsaitlərinin oğurlanması ilə bağlı başlanmış cinayət işi çərçivəsində axtarışlar aparılır və sənədlər araşdırılır, götürülür. İstintaq tədbirləri çərçivəsində Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX)əməkdaşları Dərbənd rayonunun Administrasiyasında da axtarış aparıblar.

İlkin məlumatlarda Administrasiya başçısı Məhəmməd Cəlilovun saxlanıldığı bildirilirdi. Dərbənd rayon Administrasiyası mətbuat xidmətinin rəhbəri Tərlan Ələkbərov “Yeni Müsavat”a açıqlamasında deyib ki, başçı Məhəmməd Cəlilov işə çıxır və onun saxlanılması haqda xəbərlər yanlışdır: “Rayonun rəhbəri adi rejimdə işə çıxır və cari işlərlə məşğuldur”.

Xidmət rəhbəri bildirib ki, administrasiyada torpaq məsələləri ilə bağlı yoxlamalar aparılır.

Dağıstan hüquq-mühafizə orqanlarından da Məhəmməd Cəlilovun saxlanılması haqda xəbərləri təkzib ediblər.
Dağıstanda məmur həbslərinin pərdəarxası


Bu həftə ərzində Dağıstanda aparılan genişmiqyaslı istintaq tədbirləri çərçivəsində Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları bir sıra yüksək çinli məmuru saxlayıb. İstintaqın qənaətinə görə, saxlanılanlar sosial layihələr həyata keçirilərkən büdcə pullarını dələduzluq etməklə mənimsəyiblər. Tutulanlar sırasında Dağıstan hökumətinin başçısı Abdusamid Həmidov və müavinləri Şamil İsayev və Rayudin Yusifov, sabiq təhsil naziri Şahabas Şahov da var. Həbslərlə bağlı Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin ötən gün Dağıstana gəlib. Yeni həbslər gözlənilir. Axtarış proseslərində xüsusi xidmətlərin əməkdaşları və baş prokurorun müavini İvan Sıdorukun rəhbərliyi altında prokuror qrupu iştirak edir.

Dağıstanda Yol Patrul Xidmətinin şəxsi heyəti də tam tərkibdə dəyişdirilib. Onları Rusiyanın digər regionlarından olan polis qrupları və Rusiya qvardiyası əvəzləyib. Yaşayış məntəqələrinin rəhbərlərindən tutmuş, respublika rəhbərliyinə qədər Dağıstanın bütün səviyyələrdə olan məmurlarına Rusiyanı tərk etmək qadağan edilib. Onlarla bağlı məlumatlar artıq sərhəd xidmətinə verilib.

Xatırladaq ki, fevralın 6-da Moskvanın Basman məhkəməsi keçmiş Dağıstan hökumətinin sədri vəzifəsini müvəqqəti icra edən Abdulsəməd Həmidovla bağlı 2 aylıq həbs qərarı çıxarıb. Onunla birlikdə müavinləri Şamil İsayev və Rayudin Yusufov, həmçinin respublikanın sabiq təhsil naziri Şahabbas Şahov nəzarətə götürülüb. Onların hamısı dələduzluqda ittiham olunur.

Rusiya İstintaq Komitəsinin hesablamalarına görə, ümumilikdə Dağıstan rəhbərliyinin vurduğu ziyanın həcmi 95 milyon rubldur. Axtarışlar zamanı Abdulsəməd Həmidovdan TT markalı qızıl tapança, Beretta tapançaları və iki ədəd “Kalaşnikov” avtomatı götürülüb. Korrupsiya ittihamı ilə bağlı Mahaçqalanın meri və baş arxitektoru da saxlanılıb. Ekspertlərin sözlərinə görə, korrupsiya ilə mübarizə Dağıstan Respublikasının yeni rəhbəri Vladimir Vasilyevin tələbi ilə başlayıb./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26