Interposta.Info

Qarabağ müharibəsi əlilinin hüquqşünas həyat yoldaşı Vəkillər Kollegiyasıyla bağlı ölkə başçısına müraciət etdi

Paradoks
 16-04-2021, 09:57     888


“Hüquq Bürosu” MMC-nin rəhbəri, hüquqi xidmət üzrə sahibkarlıq fəaliyyətiylə məşğul olan Alıyeva Arzu İdayət qızı Hürriyyətə müraciət edərək, ona qarşı edilən qərəzli münasibət səbəbindən Vəkillər Kollegiyasına üzv ola bilmədiyini deyir. Şifahi test imtahalarından 90 bal topladığını deyən Arzu Alıyeva, 30 ilə yaxındır ki, hüquqşünas kimi fəaliyyət göstərir.
“Mənim bir qadın kimi, bir hüquqşünas kimi, bir sahibkar kimi, ən əsası Qarabağ müharibəsi əlilinin həyat yoldaşı kimi pozulmuş hüquqlarımın bərpa edilməsinə köməklik etməyinizi xahiş edirəm. Son nəticədə Vəkillər Kollegiyasının bu qanunsuz əməllərinin Cənab Prezidentimiz İlham Əliyevin diqqətinə çatdırmağı sizdən xahiş edir və şikayət ərizəmi yenidən Sizə göndərirəm”
Qarabağ müharibəsi əlilinin həyat yoldaşı kimi pozulmuş hüquqlarımın bərpa edilməsi üçün Prezident İlham Əliyevə müraciət edib:
“Cənab Prezident, mənə qarşı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının qanunsuz hərəkətləri barədə yazmışdım. Şifahi test imtahanından 90 bal topladığım halda, ixtisas komissiyasının şifahi müsahibə mərhələsində bütün suallara düzgün cavab verdiyim halda, onların mənim guya heç bir suala cavab vermədiyim barədə həqiqətə uyğun olmayan rəyləri barədə məlumat vermişdim. Milli Məclis tərəfindən ərizəm Vəkillər Kollegiyasına göndərilidi. Lakin heç bir tədbir görülmədi.
Cənab Prezident, mən ali təhsilli hüquqşünas olaraq 1992-ci ildən hazırki vaxta qədər hüquqi fəaliyyətlə məşğulam. 2010-cu ildən “Hüquq Bürosu” MMC-ni təsis etmişəm və hazırda həmin MMC-yə rəhbərlik edərəm. Məhkəmələrdə 20 ildən artıq nümayəndə kimi iştirak etmişəm. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə edilmiş dəyişikliklə əlaqədar nümayəndəlik institutu məhdudlaşdırıldıqdan sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qəbul üçün ərizə verdim. 2019-cu ilin dekabr ayında test imtahanından müvəffəqiyətlə keçdim. 100 mümkün baldan 90 bal toplayaraq yüksək nəticə əldə etdim. 30 aprel 2019-cu il tarixdə şifahi müsahibəyə dəvət edildim. İxtisas Komissiyası üzvlərinin bütün suallarına düzgün cavab verməyimə baxmayaraq mən qərəzli şəkildə şifahi müsahibədən sonrakı mərhələlərə buraxılmadım.
Təsəvvür edin ki, 101 nəfər vəkilliyə namizəddən cəmi 16 nəfər növbəti mərhələyə buraxılmayıb ki, onlardan biri də mənəm. Vəkilliyə namizədlər içərisində yeganə 90 bal toplayan vəkilliyə namizəd, yeganə sahibkar xanım, yeganə 20 ildən artıq hüquq sahəsində çalışan xanım olmağıma baxmayaraq Vəkillər Kollegiyasının ixtisas komissiyası mənə qarşı ağlasığmaz dərəcədə qərəzli mövqedə olmuş və son nəticədə belə qərara gəlmişdirlər ki, “mən vəkillik peşəsinə yararlı deyiləm”.
Mən illərdir ki, hüquqşünasları vəkillik və hakimlik üzrə test imtahanlarına hazırlayıram. Mənim hazırlaşdırdığım hüquqşünaslar imtahanlarda yüksək nəticələr əldə edirlər və mən bununla qürur duyuram. Necə olu ki, mən şifahi müsahibədən keçə bilmirm? Belə hesab edirəm ki, bu haqsızlığın və ədalətsizliyin artıq son həddidir.
Cənab Prezident, mənə qarşı qərəzin başlanğıcı 10 il əvvələ gedib çıxır. Belə ki, 2009-cu ildə mən Vəkillər Kollegiyasının üzvü olaraq vəkil kimi fəaliyyət göstərmişəm. Həmin vaxt Kollegiyanın sədri olan (Hazırda vəfat edib) Azər Tağıyevin iş üslubuna tənqidi fikir bildirməyim onun, necə deyərlər, xoşuna gəlmədi və məni kollegiyadan kənarlaşdırdı. Azər Tağıyevin belə bir iş üsulu var idi. O, vəkildən şikayət verən vətəndaşı Kollegiyanın iclasına dəvət edir və vətəndaş bütün Rəyasət Heyətinin üzvləri qarşısında vəkili təhqir etməyə başlayırdı və Kollegiyanın Rəyasət Heyəti, eləcə də Azər Tağıyev də durub bu səhnəyə tamaşa edirdilər. Mən Azər Tağıyevə irad bildirdim ki, vəkili belə təhqir etmək olmaz. Elə həmin gündən də Azər Tağıyev mənə düşmən kəsildi. Məni müxtəlif bəhanələrlə məhkəməyə verərək Vəkillər Kollegiyasından xaric etdilər. Bakı Apellyasiya məhkəməsi mənim Vəkillər Kollegiyasına bərpa edilməyim barədə qərar qəbul etdi. Lakin Azər Tağıyevin təsiri ilə apellyasiya məhkəməsinin həmin qərarı Ali Məhkəmə tərəfindən ləğv edildi. Lakin mən daha onlarla münaqişəyə girmədim və “Hüquq Bürosu” MMC-ni təsis edərək hüquqi xidmət üzrə fəaliyyətə başladım, məhkəmələrdə nümayəndə kimi vətəndaşların hüquqlarını müdafiə etdim.
Əvvəldə qeyd etdiyim kimi, qanunda nümayəndəlik institutunun məhdudlaşdırılmağı ilə əlaqədar mən daha məhkəmədə iştirak edə bilmədim və məcbur olun Kollegiyaya qəbul imtahanı verdim. 2018-ci ildə yüksək nəticə ilə test imtahanından keçdim. Şifahi müsahibə mərhələsindən buraxılmadım. Bildirdilər ki, guya mən şifahi müsahibədə verilən suallara cavab verməmişəm. Bu məsələ ilə əlaqədar Vəkillər Kollegiyasının hazırki sədri Anar Bağırovun qəbulunda oldum və bildirdim ki, ixtisas komissiyasında iştirak edən vəkillər məni vaxtilə Kollegiyadan kənarlaşdıran, mənə qarşı qərəzli olan vəkillərdir. Onlar tamamilə yalan yazaraq mənim suallara cavab vermədiyimi bildirirlər. Mən bütün suallara cavab vermişəm. Anar Bağırov şifahi müsahibənin nəticələrinə baxdı və gördü ki, doğrudan da ixtisas komissiyasının hakim üzvləri yazırlar ki, mən bütün suallara cavab vermişəm, amma vəkillər yazırlar ki, guya mən suallara cavab verməmişəm. Anar müəllim mənə qarşı həqiqətən də qərəz olduğunu təsdiq etdi və mənim həmin il yenidən vəkilliyə qəbul imtahanına buraxılmağıma icazə verdi. Təsəvvür edin ki, bir ildə iki dəfə imtahan verməli oldum. Nəhayət 2019-cu ilin dekabr ayında yenidən test imathanı verərək, 100 mümkün baldan 90 bal toplayaraq yüksək nəticə əldə etdim. 30 aprel 2019-cu il tarixdə şifahi müsahibəyə dəvət edildim. Bütün suallara cavab verməyimə baxmayaraq yenə də mənim adım şifahi müsahibədən keçənlərin siyahısında olmadı və mən yenə də növbəti mərhələyə buraxılmadım.
2018 və 2019-cu illər də Vəkilliyə təxminən 700 nəfər adam qəbul edilib. Test imtahanını müvəffəqiyyətlə verən 700 nəfərdən yalnız bir nəfər Vəkillər Kollegiyasına üzv qəbul edilməyib, o da mən. 700 nəfərdən yalnız bir nəfər qadın ən yüksək nəticə göstərərək 90 bal yığıb, o da mən, 20 il hüquq sahəsində çalışan, 10 il hüquq sahəsində sahibkar qadın olaraq fəaliyyət göstərən yalnız bir qadın Kollegiyaya qəbul edilməyib, o da mən. Mənə qarşı olan bu qərəz nə haqq- ədalətə, nə də qanuna sığan hərəkətlər deyil.
Anar Bağırov tədbirlərin birində açıq-aşkar bidirdi ki, Kollegiyadan çıxarılan adam bir də Kollegiyaya qayıda bilməz. Bu hansı məntiqə, hansı qanuna uyğundur demək mümkün deyil. Kollegiyanın sədri aşkar şəkildə qərəzini bildirdi və həqiqətən haqsız olaraq Kollegiyadan kənarlaşdırılan şəxslərin heç birisi Kollegiayay buraxılmayıb. Hamısına yazırlar ki, guya şifahi musahibədə suallara cavab verməyib. Nə qədər məyus olduğumu yəqin ki, təsəvvür edirsiniz, mən də aylarala Anar Bağırova şikayət edərək mənə qarşı haqsızlıq edənlərə qarşı tədbir görülməsini xahiş etmişəm, halbu ki, mənə qarşı maneə yaradan elə Anar Bağırovun özü imiş.
Vəkillər Kollegiyasının mənə qarşı bu qərəzi mənim bütün sahibkarlıq fəaliyyətimi, son nəticədə mənim həyatımı məhv etməyə yönələn bir hərəkətdir. Mən Vəkillər Kollegiyasına yazılı şəkildə müraciət edərək, bir xanım sahibkar olaraq mənim savadım bir tərəfə, ailə vəziyyətimi nəzərə almalarını xahiş etdim. Bildirdim ki, mən iki nəfər hüquq fakultəsinin tələbəsi olan övladlarıma, eləcə də vaxtilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində hüquqşünas olaraq çalışmış, lakin könüllü olaraq Qarabag uğrunda gedən döyüşlərdə iştirak edərək 2-ci qrup əlil olan həyat yoldaşıma baxıram. Ailədə yeganə qazanc gətirən mənəm. Odur ki, mənə qarşı olan bu qərəzi araşdıraraq, məni növbəti mərhələlərə buraxmalarını xahiş etdim. Lakin Kollegiya rəhbərliyi bu məqamların heç birini nəzərə almadı və mənə qarşı olan bu haqsızlıq bir il ərzində ikinci dəfə təkraralandı.
Vəkillər Kollegiyasının mənim barəmdə törətdikləri bu qanusuzluqlara münasibət bildirməyi və bu problemin həll edilməsinə köməklik göstərməyiniz xahiş edirəm”.
Məsələylə bağlı Vəkillər Kollegiyasıyla əlaqə saxladıq. Kollegiyanın İxtisas Komissiyasının katibi, İnsan Resursları şöbəsinin müdiri Orxan Babayev “İnterPosta”nın əməkdaşının ünvanladığı sualları cavablandırıb:
“Ümumiyyətlə, namizədlərin yanaşması düzgün deyil. Arzu xanım, deyir ki yazılı testdən 90 bal yığıb. 96 balla yazılı tesdən keçib, şifahidən kəsilən namizədlər var. Əgər namizəd birinci turda yığdığı balla ikinci turdan keçəcəksə, o zaman şifahi müsabiqəni nəyə görə edirik?...Şifahi müsabiqənin keçirilməsində əsas məqsəd, namizədin şifahi formada verdiyi cavablara əsasən qiymətləndirmə aparırıq. Yəni, komissiyada 11 nəfər üzv var. 11 üzvdən 3-ü hakim, 3-ü alim və 5-i vəkildir. Qanunvericiliyə əsasən formalaşdırılıb. Hər komissiyanın üzvünün də özünün rəyi var. Yəni, namizədin danışdığına əsasən nəticəyə gələ bilər. 60 bal yığan namizəd şifahi müsabiqədə yaxşı cavablar verdiyinə görə müsabiqədən keçib. Eləsi də olur ki, 95,96 bal yığmağına baxmayaraq şifahi müsabiqədən keçə bilmir. Həmin namizəddə arxayınçılıq yaranır ki, mən müsabiqədən keçəcəm. Düzdür ki, Arzu xanım kollegiyanın üzvü olub. Lakin, sonradan kollegiyadan xaric olunub. Azər Tağıyevin vaxtında xaric edilib. Ümumiyyətlə, kollegiya vəkili xaric etmir. Məhkəməyə müraciət edilir. Məhkəmə araşdırdıqdan sonra bu mümkün ola bilər. Əgər, əməlində pozuntu yoxdursa xaric edilə bilməz. Anar Bağırov həmişə qeyd edir ki, polis və prokurorluq orqanlarından xaric edilən əməkdaşlar vəkilliyə arzu olunan sayılmır. Amma, kollegiyadan uzaqlaşdırılanlar olub ki, yenidən kollegiyaya üzv kimi qəbul edilib. Belə yanaşma yoxdur. Nə də qanunda bu yanaşma yoxdur. Prokurorluqda rüşvət üstündə işdən çıxarılan, vəkillik fəaliyyətində də eyni qaydada işləyəcək. Kollegiyaya üzvlük imtahanında komissiyanın vəkil üzvləri üstünlük təşkil etmir. Arzu Alıyevaya qarşı Kollegiyanın qərəzi yoxdur. Əgər, kollegiyanın qərəzi olsaydı onu imtahana 2 dəfə buraxmazdıq. Eyni zamanda, o vəkilliyə və hakimliyə qəbulla bağlı da hazırlaşdırır. Biz, Arzu xanımın əmək fəaliyyətini məhdudlaşdırmamışıq, yaxud da onun peşəsini əlindən almamışıq. Ona güzəşt də edə bilərik. Arzu xanım kifayət qədər fəaliyyəti var”.
Qeyd: Ümid edirik ki, Vəkillər Kollegiyası uzun illər hüquq sistemində çalışan Arzu Alıyevanın ölkə başçına ünvanladığı müraciətinə müsbət cavab verəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26