Interposta.Info

Vəkillər Kollegiyasının sədri ittihamlara cavab verdi

Müxtəlif
 27-04-2021, 11:49     561

Anar Bağırov: “Məhkəməyə müraciət etsin və haqlı olduğunu sübut etsin”

Arzu Alıyeva: “Şifahi müsahibənin keçirilməsində hansı yazı, hansı çəkiliş, hansı mənim imzam olan sənəd var ki, mən onları götürüb məhkəməyə gedim?”


Tahir Mirkişili: “Bununla bağlı bizə də məktub daxil olub, hazırda araşdırma aparırıq”

“Hüquq Bürosu” MMC-nin rəhbəri, hüquqi xidmət üzrə sahibkarlıq fəaliyyətiylə məşğul olan Alıyeva Arzu İdayət qızına Vəkillər Kollegiyasından edilən qərəzli münasibətlə bağlı ötən buraxılışımızda məlumat vermişdik. Arzu xanım hesab edir ki, ona qarşı edilən qərəzli münasibət səbəbindən Vəkillər Kollegiyasına üzv ola bilməyib.

Şifahi test imtahalarından 90 bal topladığını deyən Arzu Alıyevanın sözlərinə görə, 30 ilə yaxındır hüquqşünas kimi fəaliyyət göstərir. O, Qarabağ müharibəsi əlilinin həyat yoldaşı kimi pozulmuş hüquqlarımın bərpa edilməsi üçün Prezident İlham Əliyevə müraciət edib.

Məsələylə bağlı Vəkillər Kollegiyasının sədri Anar Bağırovun münasibətini öyrənməyə çalışsaq da bu mümkün olmamışdı. Buna baxmayaraq, Kollegiyanın İxtisas Komissiyasının katibi, İnsan Resursları şöbəsinin müdiri Orxan Babayev “Hürriyyət”in əməkdaşının ünvanladığı sualları cavablandırmışdı: “Əgər kollegiyanın qərəzi olsaydı, onu imtahana 2 dəfə buraxmazdıq”.

Vəkillər Kollegiyasının sədri ittihamlara cavab verdi

Növbəti günlərdə davamlı etdiyimiz zənglərdən sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırovla əlaqə yaradıb, suallarımıza cavab ala bildik: “Mənim adımı bu məsələdə hallandırmayın. İmtahan qəbul edən şəxs deyiləm. Mənim o xanıma qarşı nə qərəzim ola bilər?! Yüzlərlə adam imtahan verir. Kəsilən də ola bilər. Arzu Alıyeva kollegiyadan xaric edilən zaman sədr mən deyildim. Onu heç tanımamışam. Hüquqşünas problemi hüquqi vasitələrlə həll etməlidir. Məhkəməyə müraciət etsin və haqlı olduğunu sübut etsin. Bunun hüquqi yolları var. Kiməsə şər-böhtan atmaqla, uğur əldə etmək olmaz. Yenə də deyirəm, əgər kimsə imtahan nəticələrindən narazıdırsa, məhkəməyə müraciət edə bilər. Bu, onun hüququdur. Biz Arzu Alıyevanın hüquqlarını əlindən almamışıq. Mən də nədənsə narazı ola bilərəm. Haqlı olduğumu hüquqi yollarla sübut etməyə çalışıram.

Vəkillərin ixtisas komissiyası 11 nəfərdən ibarətdir. Onlar da müstəqil adamlardır. Komissiya üzvləri tanınmış hüquqşünas, vəkil, alim və hakimdən ibarət olur. Kollegiya sədri olaraq, onların heç biri mənə tabe deyil. Arzu Alıyevaya qarşı heç bir qərəz göstərilməyib. Hər bir şəxs, eləcə də Arzu Alıyeva məhkəmə qaydasında müraciət edə bilər. Amma kiməsə qarşı şər-böhtan atmaq düzgün yol deyil. Hüquqşünas hüquqi vasitələrdən istifadə etməldir, şər-böhtan vasitələrinə əl atmamalıdır”.

Hüquqşünas Arzu Alıyeva isə Vəkillər Kollegiyasının sədri Anar Bağırovun “Hürriyyət”ə açıqlaması ilə bağlı bunları söylədi: “Anar Bağırov bildirir ki, İxtisas Komissiyasının 11 üzvü var, mən onlara göstəriş verə bilmərəm. Əvvəla, 11 üzvün hamısı sual vermir, onlardan 5 nəfər sual verir. Biri hakim, biri alim, üçü vəkil. Göründüyü kimi, çoxluq hər bir halda vəkildə qalır.

İkincisi, hörmətli Anar Bağırov, məgər sizə deyən varmı ki, ixtisas komissiyasının üzvlərinə göstəriş verin? Mən dəfələrlə sizdən xahiş etmişəm ki, bu qərəzi araşdırın, mən suallara cavab verdiyim halda nə üçün yazırlar ki, guya mən suallara cavab verə bilməmişəm. Siz ən azı məni və məndən müsahibə götürən vəkilləri dəvət edib, məsələni müzakirə edə bilərdiniz. Mən şifahi müsahibədə iştirak edən hakimləri və alimləri demirəm, çünki onların heç biri mənim cavablarımı qeyri-məqbul qiymətləndirməyib. Mənə qeyri-məqbul qiymət yazan yalnız vəkillərdir. Siz onları çağırıb, heç olmasa bir dəfə müzakirə edə bilərdiniz, amma siz bunu etmədiniz.

Hörmətli Anar Bağırov, siz müharibədə olmamısınız, onun dəhşətlərini yaşamamısınız. Amma bu o demək deyil ki, siz müharibədə iştirak edən, onun dəhşətlərini yaşayan, Vətən uğrunda sağlamlığını itirərək əlil olan qazi ailəsinə laqeydlik göstərəsiniz.

Siz ən azından nəzərə almalıydınız ki, sizə müraciət edən sıradan bir insan deyil, qazi ailəsi, xanım sahibkar, yüksək nəticə əldə edərək 90 bal toplayan vəkilliyə namizəddir. Təəssüf ki, bunların heç birisinə əhəmiyyət vermədiniz.

Dəfələrlə qəbulunuza gəldiyim halda müxtəlif bəhanələrlə məni qəbul etmədiniz. Budurmu, sizin ədalətiniz, budurmu sizin rəhbərliyiniz?!

Bütün bunlar azmış kimi, indi də məni şər-böhtan atmaqda təqsirləndirirsiniz. Sizə sual verirəm, şər-böhtan dedikdə nəyi nəzərdə tutursunuz? 90 bal toplamağımı? Suallara düzgün cavab verməyimi? Mənə qarşı qərəzin olduğunu bildirməyimi? Bir ildə 4 dəfə imtahan verməyimi?…

Əgər, bu sözü sıradan bir insan desəydi, mən onu bu qədər ciddiyyətə almazdım. Fikirləşərdim ki, o, məni nədə ittiham etdiyini bilmir. Sizin barənizdə isə bunu deyə bilmirəm, çünki siz hüquqşünassınız və böhtanın nə olduğunu bilirsiniz. Onu da bilirsiniz ki, bu cinayət əməlidir. Siz əsassız olaraq, vicdan əzabı çəkmədən belə məni cinayət törətməkdə ittiham edirsiniz, şərçi-böhtançı adlandırırsınız. Mən bu məsələ ilə əlaqədar ayrıca məhkəmədə iddia qaldıracağam. Amma belə hesab edirəm ki, hüquqşünas, xüsusilə böyük bir quruma rəhbərlik edən şəxs danışığında diqqətli olmalı, xüsusilə qazi ailəsinə həssaslıqla yanaşmalı, öz hüquqlarının müdafiəsinə qalxan qadına qarşı ən azından nəzakətli olmalıdır.

Mən birinci dəfə, 2018-ci ildə şifahi müsahibədən keçməyəndə sizin qəbulunuza gəlib, məsələnin araşdırılmasını xahiş etdim. Siz öz iş otağınızda şifahi müsahibənin nəticələrinə baxdınız və gördünüz ki, komissiyanın hakim üzvü yazır ki, verilən bütün suallara məqbul cavab verilib. Komissiyanın vəkil üzvləri isə yazırlar ki, guya mən hec bir suala cavab verməmişəm. Siz özünüz də bu təzadlı fikrə təəccüb etdiniz və mənə qarşı qərəzin olduğunu təsdiq edərək, yenidən imtahan verməyimə icazə verdiniz. Halbuki, həmin vaxt qüvvədə olan qanunun tələbinə görə, bir ildə iki dəfə imtahan vermək olmazdı. Siz ədalətsizliyi görüb, mənim yenidən imtahan verməyimə icazə verdiniz. Amma heç nə dəyişmədi.

Siz məni Kollegiyaya dəvət edərək, büromun adını dəyişməyi xahiş etdiniz. O vaxt mənim bürom “Vəkil Bürosu” adlanırdı. Dediniz ki, vəkillik adını patentləşdirmişik, vəkil adı bizə məxsusdur, büronuzun adını dəyişin. Mən sizinlə münaqişə yaratmadım. Demədim ki, siz indi patent almısınız, mən isə 10 ildir ki, “Vəkil burosu” kimi MMC olaraq qeydiyyatdan keçmişəm və heç kim məni büronun adını dəyişməyə məcbur edə bilməz. Mən bunların heç birini demədim, sizinlə münaqişəyə girmədim. Dərhal “Vəkil Büromun” adını dəyişərək “Hüquq bürosu” adlandırdım. Fikirləşdim ki, təki münaqişə yaranmasın. Amma siz bunu da nəzərə almadınız. Mənə ikinci dəfə edilən qərəzə heç bir münasibət bildirmədiniz. İndi büronun adını dəyişməyə peşimanam. Əgər bilsəydim ki, siz mənə qarşı yenə də bu haqsızlığı edəcəksiniz, mən ümumiyyətlə büromun adını dəyişməzdim. Zəhmət çəkib məhkəməyə müraciət edərdiniz.

Digər tərəfdən, siz böyük bir tədbirdə açıq-aşkar bildirdiniz ki, Kollegiyadan kənarlaşdırılan vəkil yenidən kollegiyaya qayıda bilməz. Hətta əlavə etdiniz ki, çalışacam ki, bu qanuna da salınsın. Bu açıq-aşkar qərəzin bariz nümuməsi deyilmi? Sizcə, buna nə ad verilməlidir? Dediyiniz kimi də etdiniz. Mən vəkilliyə qəbul edilmədim.

Siz deyirsiniz ki, mən niyə məhkəməyə müraciət etmirəm? Hörmətli Anar Bağırov, bildiyiniz kimi mənim 30 illik hüquqşünaslıq təcrübəm var və məhkəməyə müraciət etməməyimin səbəbini yəqin ki, sizdən daha yaxşı bilirəm. Siz deyin, mənə hansı sübutu vermisiniz ki, mən məhkəməyə müraciət edim və haqlı olduğumu sübut edim. Şifahi müsahibənin keçirilməsində hansı yazı, hansı çəkiliş, hansı mənim imzam olan sənəd var ki, mən onları götürüb məhkəməyə gedim? Siz çox yaxşı bilirsiniz ki, mənə heç bir sübut verməmisiniz və mən sübut olmadan məhkəməyə getsəm, uduzacam və sonra siz həmin məhkmə qətnaməsini əlinizdə bayraq edəcəksiniz. Məhkəmə heç bir sübut təqdim etmədiyim halda mənim iddiamı necə təmin edə bilər?

Amma yenə də, təsəvvür edək ki, möcüzə baş verdi və məhkəmə mənim xeyrimə qərar qəbul etdi. Bu aydın məsələdir ki, məhkəmə heç bir halda mənim Kollegiyaya qəbul edilməyim barədə qətnamə qəbul edə bilməz. Məhkəmə ən yaxşı halda şifahi müsahibənin nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edəcək. Bu da son nəticədə o deməkdir ki, mən yenidən şifahi müsahibəyə buraxılmalıyam. Təsəvvür edək ki, mən yenidən şifahi müsahibəyə gəldim, nə dəyişəcək? Heç nə. Yenə də həmin tərkib, yenə də həmin qərəz, yenə də həmin Kollegiya. Sizcə, belə halda yenidən şifahi müsahibədə iştirak etməyə dəyərmi? Belə hesab edirəm ki, yox.

İndi sizdən soruşuram, Hörmətli Anar Bağırov. Məhkəməyə hansı sübutla müraciət edim?

Yəqin indi bildiniz mən niyə məhkəməyə müraciət etmirəm.

Mən hüquqşünas olaraq həmişə başqalarının hüquqlarını müdafiə etmişəm. Bu gün mənim hüquqlarım pozulur, özü də hüquqşünaslar tərəfindən pozulur.

Mən Cənab Prezident İlham Əliyevə müraciət etmişəm. İnanıram ki, Cənab Prezident Vəkillər Kolegiyasının rəhbərliyi tərəfindən Qarabağ uğrunda gedən döyüşlərdə sağlamlığını itirərək əlil olan qazi ailəsinə olan laqeyd münasibətinə, 90 bal toplayaraq kənarda qalan hüquqşünasa qarşı olan haqsızlığa, sahibkar xanımın bu çətin pandemiya şəraitində ağır olan maddi durumunun daha da ağırlaşmasına səbəb olan hərəkətlərinə münasibət bildirəcək.

Mən yalnız cənab Prezidentə və dövlətimizin Ali Qanunlarına güvənirəm”.

Arzu Alıyeva Vəkillər Kollegiyasında ona göstərilən qərəz səbəbindən, sahibkarlıq fəaliyyətinə də mənfi təsirlərinin olduğunu vurğulayıb. O, məsələylə bağlı Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri, millət vəkili Tahir Mirkişiliyə də müraciət ünvanlayıb.

Tahir Mirkişili “İnterPosta”ya açıqlamasında məsələdən xəbərdar olduğunu və hazırda araşdırma apardığını deyib: “Bununla bağlı bizə də məktub daxil olub. Hazırda araşdırma aparırıq. Çünki, Kollegiyayla bağlı məsələ bizim Komitənin mövzusu deyil. Bizdə iqtisadi-siyasət komitəsidir. Amma, buna baxmayaraq araşdırma aparırıq”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26