Interposta.Info

LAÇININ İNDİKİ VƏ İSTEFADA OLAN RƏHBƏRLƏRİNƏ

Paradoks
 22-08-2019, 01:44     11 725

Laçın rayon İcra hakimiyyətinə, Laçın rayon İcra hakimiyyətinin indiki başçısı Aqil Nəzərliyə, keçmiş başçılar Azər Məmmədova, Elbrus Təhməzova, Ramiz Cəbrayılova, Akif Səlimova, Laçın 121 Saylı Seçki Dairəsindən hazırkı deputat Mahir Abbasova, keçmiş deputatlar Sevindik Hətəmova, Nazim Fərəcova:

Hamıya məlum olduğu kimi artıq 28-ci ildir ki, bizim qədim dədə-baba yurdumuz Laçın rayonu Ermənistan tərəfindən işğal olunub, 60 mindən çox əhali yurd-yuvasından didərgin salınıb. Didərginliyin ilk illərində rayon rəhbərlərinin vasitəçiliyi ilə laçınlıları “2-3 aya”, daha sonra “Allah qoysa, gələn Novruz Bayramına kimi qaytarılırıq öz ev-eşiyimizə” kimi vədlərlə arxayın salırdılar. İnsafən demək lazımdır ki, 1992-ci ilin yay-payız aylarında laçınlılardan təşkil olunmuş hərbi hissələrin və Laçın polisinin gərgin döyüşləri nəticəsində rayonun xeyli hissəsi, o cümlədən rayon üçün əsas strateji mövqe olan Hoçaz dağ yüksəkliyi igidlərin qanı bahasına olsa da bizim nəzarətimizə keçdi. Nəhayət Laçın polku şimaldan Laçın şəhərinin 1-2 km-liyinə, Laçın polis batalyonu isə cənub-qərbdən , Həkəri çayının sahilində şəhərdən 3-4 km məsafədə olan Bəylik kəndinə - “Yağ idarəsi” deyilən yerə qədər irəlilədilər. Eyni vaxtda Qubadlı batalyonu Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin komandanlığı altında cənubdan Laçın şəhərindən 4-5 km məsafədə olan Fətəlipəyə, Ağanus kəndlərinə qədər ərazini azad etmişdilər. Laçın şəhərini geri almaq, Gorus-Xankəndi (Gorus-Stepanakert) yolunu bağlamaq ərəfəsində yenə hansısa sehirli qüvvə döyüşçülərə “Dəhlizi tutmaq olmaz, geri qayıdın!” əmri vermiş, Cənubda Əliyar Əliyev müəmmalı şəkildə şəhid edilmişdir. Sonradan yenə müəmmalı şəkildə Kəlbəcərin işğala verilməsi xəyanəti və bununla Laçının şəhidlərimizin müqəddəs qanı bahasına işğaldan azad olunmuş ərazilərinin yenidən Ermənistan hərbiçilərinin əlinə keçməsi daha bir acı tarixdir. Sonrakı müəmmalar Kəlbəcər və Laçından başqa Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və ən nəhayət işğal olunmuş ərazilərin dərinliklərində mühasirədə qalmış zəngilanlılar və Zəngilanın işğalı oldu. Daha sonra 1994-cü ilin may ayında Bişkekdə Azərbaycanın əl-qolunu bağlayan və bu gün də davam edən atəşkəs müqaviləsi bağlanır. Onun ardından elə həmin ilin dekabrında münaqişəni guya sülh yolu ilə həll etmək üçün vasitəçilər, ATƏT-in Minsk Qrupunun həmsədrlik institutu yaradılır. Bu da nəticə - 25 illik atəşkəs dövründə minlərlə şəhid verdik və bizi susdurdular. 25-26 ildir gedən danışıqlarda işğala məruz qalanı işğalçı ilə bərabər tutaraq ikili siyasət yeritdilər. Ən pisi bu oldu ki həmişə xalqı susdurdular ki, “rəhbər özü məşğuldur”. Bir sözlə 25-26 ildir “sülh nağılları” ilə başımızın altına yastıq qoyub bizi arxayın salıb yatızdırdılar. Çox müəmmalıdır niyə xalqa bircə dəfə məsələnin nə yerdə olduğu barədə açıqlama verilmədi. Sanki xalqın başını aldadırlarmış ki, bir gün Ermənistanın demokrat imicində bir rəhbəri yetişdirilib gəlib Qarabağın ortasında dünyaya bəyan etsin ki, bura artıq Ermənistandır. Ardınca Rusiyanın əsas dövlət sözçüsünün Ermanistan səfərindən bir gün sonra , Ermənistan xarici işlər naziri okeanın o tayından gəlmiş həmkarı ilə rəsmi görüşdə Ermənistanın Baş nazirinin “Qarabağ Ermənistandır, nöqtə fikrinə əlavə və düzəliş yoxdur” deyərək işğalı dünyaya yenidən bəyan eləsin. Aradan günlər keçib, hələ də Paşinyana heç olmasa sözdəsə yüksək səviyyədə bir tutarlı rəsmi cavab yoxdur. Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın danışığından sonra ümumiyyətlə daşdan səs çıxır Azərbaycan hakimiyyətindən səs çıxmır. Buyurun, cənab Aqil Nəzərli, bizə cavab verin, Laçının taleyi nə yerdədir? Yenəmi başımızın altına qoymağa balıncınız var? Deməli düşünülmüş şəkildə illərdir Laçınlıları Ağcabədinin ilan mələyən düzlərindəki yeraltı və yerüstü daxmalarda, rayonlarda sovetdən qalma heyvandarlıq binalarında, Bakı, Sumqayıt və başqa şəhərlərdəki köhnə nimdaş yataqxanaların darısqal otaqlarında, yarımçıq binaların hər an uçmaq, yanmaq təhlükəsi olan künc-bucağında ona görə sıxıb saxlamısınız ki, bu gün ailəsini zülm və fəlakətlərdən qurtarmaq üçün sizin və sizin kimi məmurların əl-ayağına düşüb yalvarsınlar ki, siz allah tikilən evlərdə məni qabağa salıb ev verin. Deməli bütün bunlar əhalini çətinliklərlə qəsdən baş-başa qoyub doğma yurd-yuvasını unutdurmaq üçünmüş ki, bir gün Paşinyan “Qarabağ Ermənistandır” deyəndə heç kəsin bu səsi eşitməyə, eşitsə belə səsini çıxartmağa halı, taqəti olmasın. Buyurun cavab verin, Paşinyan nöqtəsini qoydu. Siz də nöqtənizi qoyun. Siz də bizim başçımızsınız, bizə cavab verin - nə edək? Sizinlə birlikdə sizdən əvvəlki başçılar da bizi aldadıblar. Onlar da bizə deyiblər danışıqlar gedir, dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Hamı Ermənistanı işğalçı dövlət adlandırır və sair bu kimi nağıllar. Buyurun, cənablar, cavab verin Paşinyana. Paşinyan Yerevandakı Qarabağ restoranından danışmır, Qarabağın mərkəzi Xankəndindən danışır və məsələyə nöqtə qoyduğunu deyir. Razısınız ya yox? Razı deyilsinizsə, düşün camaatınızın qabağına. Düşmürsünüzsə, Laçından nəyin müqabilində vaz keçdiyinizi açıqlayın. Bizim bəzi üzdəniraq politoloq və rəsmilərimizin “Paşinyan bizi təxribata çəkir” fikri artıq heç nəyə yaramır. Belə sözlər altında ancaq ucuz sığortalanmaq olar. Bir daha deyirik O nöqtəsini qoydu. Sən ya torpağını necə olur olsun azad etməlisən, ya da “təslim oluram” deyib durmalısan. Laçına rəhbərlik edən və etmiş cənablar, çıxın camaatın qarşısına bir söz deyin - Laçını azad etməliyik və ya təslim olmalıyıq? Deyin işimizi bilək. Söz sizindir.
Müraciət: Vətənə doğru hərəkar üzvüləri adından!

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26