Interposta.Info

“MTN generalları vaxtından əvvəl azad edilə bilməzlər” -

Paradoks
 25-10-2018, 09:12     8 613

“Mətbuatın yazdıqlarına əsasən həbslər olsaydı, onda onları 2007-ci ildən həbs etməli idilər”
Bu günlərdə Azərbaycan Respublikasının Baş Prokurorluğu MTN generallarının vaxtından əvvəl azadlığa buraxılmaları ilə bağlı yayılan xəbərləri təkzib edən bəyanat yaydı.

Baş Prokurorluqdan daxil olmuş materialda bildirilirdi ki, bəzi kütləvi informasiya vasitələrində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bəzi vəzifəli şəxslərinin vaxtından əvvəl azadlığa buraxılmaları ilə əlaqədar yayılmış informasiyalar həqiqəti əks etdirmədiyindən Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən qəti şəkildə təkzib olunur.

Sitat: “Belə ki, məlumat verildiyi kimi qeyd edilən qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və sair faktlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı tamamlanmış cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmü ilə həmin nazirliyin sabiq vəzifəli şəxsləri Sübahir Qurbanov, Fizuli Əliyev, Teymur Quliyev, Zaur Məmmədov, Natiq Alıyev, Natavan Mirvətova, Fərhad Atayev, Elşad Əzizov, Anar Şirəliyev və Eşqin Əliyev müxtəlif müddətə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

Həmin hökmlə az ağır cinayət törətmələri, istintaqla yaxından əməkdaşlıq etmələri və cəzalarını yüngülləşdirən digər hallar müəyyən olunaraq təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddələrinin sanksiyası daxilində 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub və cəzasının əvvəli 17 oktyabr 2015-ci il tarixdən olan Eşqin Əliyev, eləcə də cəzasının əvvəli 18 oktyabr 2015-ci il tarixdən olan Anar Şirəliyev cəza müddətlərinin sona çatması ilə əlaqədar azadlıqdan məhrum etmə cəzasından azad olunublar.

Hökmdən müdafiə tərəfinin və zərərçəkmiş şəxslərin verdikləri apelyasiya şikayətlərinə hazırda Bakı Apelyasiya Məhkəməsində baxılır".

Bu məsələ gündəmə gələrkən belə iddialar da yer aldı ki, hansısa “gözəgörünməz qüvvə” həbsdə olan MTN zabitlərinin, generallarının azadlığa çıxmasına nail olmaq istəyib, amma mətbuatda bu məsələlər yazıldığından cəhdlər baş tutmayıb. Ehtimallardan biri də bu idi ki, mətbuat bu barədə çoxsaylı xəbərlər yazmasa, onların azadlığa buraxılacağını “dilə-dişə salmasa” onların tezliklə azadlığa çıxması mümkün idi.

Virtualaz.org saytının rəhbəri Eynulla Fətullayev isə bu ehtimalı mümkün hesab etmir. Onun fikrincə, bu şəxslər vaxtından əvvəl azadlığa buraxıla bilməzlər: “Çünki ağır cinayətlər törədiblər. İnsanları oğurlayıblar, külli miqdarda rüşvətlər alıb, korrupsiyaya, quldurluğa qurşanıb, insanları ölümlə hədələyiblər. Bütün bunlar istintaqda və məhkəmədə sübut olunub. Bu insanlar ağır cəzalara məhkum olunublar. O cür ağır cinayət törətmiş şəxs necə şərti cəzaya məhkum oluna bilər?”

E.Fətullayev hesab edir ki, mətbuatın bu məsələdə hansısa kampaniya aparması barədə deyilən rəylər yanlışdır. Onun sözlərinə görə, mətbuat gedən məhkəmə işini və bu istiqamətdəki gəlişmələri işıqlandırıb: “Mətbuat onların həbsini sifariş etməyib. Mətbuatın yazdıqlarına əsasən həbslər olsaydı, onda onları 2007-ci ildən həbs etməli idilər”./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26