Binəqədinin bitməyən problemləri: Alternativ yol beləmi olur? – FOTOLAR
Bir müddət öncə Bakının Binəqədi rayonunun yollarında əsaslı təmir işləri aparıldı. Bu səbəbdən rayonda tıxaclar yarandı.
Hətta alternativ kimi sürücülərə məsləhət görülən istiqamətlər belə keçilməz oldu. Bu yolların ensiz, asfalt örtüyünün bərbad durumda olması, işi daha da çətinləşdirdi.
"XeberBiz" xəbər verir ki, Minval.info-nun əməkdaşı sürücülərin məcburiyyətdən üz tutduğu 8 mart və Həmzə Babaşov küçələrinə baş çəkib. Məlum olub ki, alternativ sayılan yolların özünə alternativ istiqamətə ehtiyac var. Belə ki, qeyd etdiyimiz kimi, məhəllələrin ensiz olması, üstəlik, buradan sakinlərin illərdir arzuladığı 45 nömrəli marşrut xəttinin keçməsi, əməlli başlı sürücüləri cəncələ salıb.
Hazırda rayonun “Varovski” kimi tanınan ərazisində təmir işləri aparıldığı üçün eyni vəziyyət yaranıb. Bu yol bağlı olduğundan sürücülər yenidən sözügedən küçələrdən istifadə etmək məcburiyyətində qalıb. Həmçinin, iri tutumlu 79 nömrəli marşrut avtobusu da təmirlə əlaqədar bu yollardan keçir. Belə olan halda, sürücülərin, hətta məhəllə sakinlərinin işi daha da çətinləşir.
Sözügedən küçələrin asfalt örtüyü normal vəziyyətdə olsaydı, sürücülər bu yoldan həqiqətən alternativ kimi istifadə edərdilər. Amma avtomobil sahibləri çala-çuxurdan qaçırmağa çalışır. Bu səbəbdən həmin yoldan düzgün istifadə edə bilmirlər. Üstəlik, iki marşrut xəttinin buradan hərəkəti bir başqa problemdir.
Həmin küçədə yaşayan sakinlər minval.info-ya deyir ki, nəqliyyat vasitələrinin çoxluğundan bəzən öz həyətlərindən şəxsi avtomobillərini güclə çıxarırlar: “Məhəllədə yolun kənarında maşınlarını saxlayanlar var. Həm də qonağı gələn olur, avtomobil sağda-solda dayanır. Sürücülər də bir-birinə güzəşt etməyəndə, işlər qarışır. Tıxac yarananda bizim məhəllə camaatı kömək edir”.
Sakinlərin sözlərinə görə, asfalt örtüyünün bərbad olması illərdir arzuladıqları marşrut xəttinin işinə də çətinlik yaradır:
“Neçə müddətdir, bu küçəyə avtobus xəttinin açılmasını arzulayırdıq. İndi 45 nömrəli avtobus buradan keçir. Yollar bərbad olduğundan cəmi biri işləyir. Digəri tez-tez sıradan çıxdığına görə, gec-gec gəlir”.
"XeberBiz" onuda bildirir ki, Minval.info Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışıb. Lakin həmişə olduğu kimi bu dəfə də zənglərə cavab verən olmayıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26