Interposta.Info

 

“Turan Tovuz” “Qarabağ”la oyunda hakim qərarlarına etiraz etd

Ölkə
 21-10-2023, 15:13     32 209

“Turan Tovuz” futbol üzrə Azərbaycan Premyer Liqasının X turunda “Qarabağ”la ev oyununda hakim idarəçiliyindən narazı qalıb.

Qərb təmsilçisi bununla bağlı bəyanat yayıb. Bəyanatda bildirilib:

“Turan Tovuz” PFK olaraq Premyer Liqada keçirdiyimiz ilk oyundan bu günədək heç vaxt hakimliklə bağlı haqlı və ya haqsız irad və etiraz bildirməmişik. Lakin mövsümün gedişində bir neçə dəfə bütün futbol ictimaiyyətinin də bizimlə həmfikir olduğu haqsızlıqlarla üzləşmişik. Verilməyən penalti, sayılmayan qol, futbolçularımıza verilən, lakin rəqiblərə göz yumulan vərəqələr gərgin keçən çempionatda qızıla bərabər olan xallarımızın itirilməsi ilə nəticələnir. Bu səhvlərin VAR sisteminin tətbiq edildiyi məqamda təkrarlanması bizi daha da narahat edir”.

Qeyd olunub ki, klub gənc hakimlərin təyinatını hər zaman alqışlayıb və onların futbolumuzun inkişafında öz töhfələrini verəcəyinə inanıb:

“Son oyunlarda əleyhimizə verilən ardıcıl qərarlar ilk dəfə hakimliklə bağlı etiraz etməyimizə səbəb olur. Belə səhvlərlə bir çox oyunda qarşılaşsaq da, sadəcə son oyundan videogörüntüləri təqdim edirik. Bütün rəqiblərə hörmətlə yanaşırıq hər hansı üstünlük, ayrı-seçkilik tələb etmirik, təmiz futbol, ədalətli qərarlar istəyirik!”
Klub, həmçinin narazı qaldığı epizodların videosunu paylaşıb. Onlardan birində rəqib oyunçu Olavio Juninyoya sarı vərəqə verilməsinin daha doğru olacağı bildirilib. Eyni zamanda, “Qarabağ”ın ikinci qolundan əvvəl meydan sahiblərinin oyunçusuna qarşı kobudluq edildiyi bildirilib. Bundan başqa, “Turan Tovuz” 50-ci dəqiqədə vurulan, lakin hakimin qeydə almadığı qol zamanı qayda pozuntusunun olmadığını vurğulayıb.

Xatırladaq ki, sözügedən matç 2:2 hesabı ilə yekunlaşıb. Oyunun baş hakimi Fərid Hacıyev, VAR hakimi Kamranbəy Rəhimov, onun köməkçisi isə Cavid Cəlilov olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26