Namaza tələsən sürücü ilə DYP əməkdaşları arasında insident
Sumqayıtda cümə namazına tələsən sürücü ilə Dövlət Yol Polisi (DYP) əməkdaşları arasında insident yaşanıb.
Qaynarinfo-nun məlumatına görə, hadisə noyabrın 11-i, saat 13:30 radələrində Səməd Vurğun küçəsində baş verib.
Belə ki, 1962-ci ildə Qubadlı rayonu, Əyin kəndində anadan olmuş, ali təhsilli Zaur (şərti) adlı şəxs idarə etdiyi avtomobillə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində hərəkətdə olarkən yol hərəkəti nişanının tələblərini pozub. Bunu görən yol polisi əməkdaşları ona saxlama əmri verib və sənədlərini istəyib. O isə cümə namazına tələsdiyini bildirib və sənədləri təqdim etməkdən imtina edib, polis əməkdaşından kompüter vasitəsilə yoxlama aparmağı istəyib.
Polislər məlumatların dəqiqləşdirilməsi üçün sürücünün gözləmisini tələb edib. Lakin o, maşını hərəkət etdirməyə çalışıb, polislər yenidən avtomobili saxlamağı istəyib. Bu zaman sürücü polislərlə mübahisə edərək tabe olmayıb, nalayiq ifadələr işlədib və mübahisə böyüyüb.
Bu səbəbdən DYP əməkdaşları hadisə yerinə Post Patrul Xidmətinin (PPX) əməkdaşlarını çağırıb. PPX əməkdaşlarının köməyi ilə sürücü polis bölməsinə aparılıb. 11 noyabr saat 16:30-da inzibati qaydada saxlanılan şəxs bir gün sonra saat 11:30 radələrində sərbəst buraxılıb.
Bu gün Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinən sürücü 15 gün müddətinə inzibati qaydada həbs edilib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26