Interposta.Info

Şüşə evin sakinləri
 

Ölkə
 21-06-2022, 09:37     190

“Bütün Rusiya patriotizm sifilisinə yoluxub!”

(Aleksandr Gertsen)

Ukrayna parlamenti ictimai yerlərdə rus mahnılarına qulaq asmağı, rusdilli kitabları idxal eləməyi qadağan etdi. Mən bu qərar haqda oxuyandan sonra yaxınlıqdakı parkda gəzişirdim, orada məktəbin rus sektorunu qurtaran balaca uşaqlar rus dilində mahnılara oynaşırdılar.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevi zindana salıblar, mən hesab edirəm onu buraxmaq lazımdır. Lakin indi Əli müəllimi yada salmağımın səbəbkarı Tokayevdir. Qazaxıstan prezidenti Qasım-Comərd müəllimdən söhbət gedir. Qışda Qazaxıstanda aləm qarışanda, Tokayev “ODKB” qoşunlarını ölkəsində sabitlik yaratmağa çağıranda çoxları onu ələ salırdı, tənqid edirdi. Deyirdilər bu nə ölkədir ki, öz sabitliyini yadelli ordularsız təmin eləyə bilmir. Təsəvvür elə, hətta Paşinyan Almatıda asayişi bərpa etməyə əsgər yollamışdı. Anekdotik vəziyyət idi. Bax, həmin günlərdən mənim yadımda bir detal da qalıb ki, Əli Əliyev Tokayevi ən pis şəkildə təhqir eləmişdi. Hətta cinsi ayrı-seçkilik, gender baxımından olduqca yersiz, düşük, Vəzirovun sözü olmasın, bambılı şərh yazmışdı ki, Tokayevin sifətinə baxın, arvada oxşayır, ona görə Putinə əyilir və sairə.

İndi isə Putin öz ana mağarasında - Sankt Peterburqda iclas qayırdı, ora Tokayevi çağırdı və Qasım kişi heç nədən qorxub çəkinmədən, əsl türk oğlu türk kimi Putini sındırdı. Cəsarətlə söylədi ki, Qazaxıstan heç vaxt “lnr”, “dnr” kimi oyuncaq, saxta dövlətciklərin müstəqilliyini tanımayacaq, həmişə Ukraynanın ərazi bütövlüyünün tərəfində olacaq.

Həqiqətən, ana zağasında bunu ayının üzünə demək böyük cəsarət tələb edir. Hələ bu harasıdır, Qasım kişi rusların “Nevski” ordenini də almaqdan imtina elədi, dedi, gedin bunu azərbaycanlı deputat Siyavuş Novruzovun yaxasından asın, çoxdandır onun yaxası medal üçün qəribsəyib (ikinci hissə mənim fantaziyamdır, ancaq Tokayevin ordendən imtinası həqiqətdir).

Yəqin yadınıza gələr, bizim Salyan rayonuna 2000-ci illərdə bir icra başçısı qoymuşdular - Tahir Kərimov. Kolorit, ekzotika baxımından deputat adaşından geri qalmırdı. Məsələn, bir gün haradansa ağlına yerləşmişdi, Salyanın 2700 illiyini qeyd eləmişdi. Şəhərdə qəribə bayram tədbiri düzəltmişdi, camaat əlində gəmi maketləri, qala divarları, nə bilim, Roma əsgərlərinin, Hindistan fillərinin, yunan falanqalarının geyimində paraddan keçmişdilər. Klounada-karnavalın zirvəsi isə Tahir müəllimin özünün cavan oğlan uşaqlarının əllərində tutduqları qızılgüllü süni arkanın, tağın altından keçməsi olmuşdu. Məhz o arka Tahir müəllimin dilə-dişə düşməsinə səbəb oldu, mitilini atdılar. Halbuki yazığın günahı yox idi, əgər sən rayona 2700 illik yubiley düzəldirsənsə, özünü təbii ki, oranın padşahı kimi aparmalısan. Olsun balaca padşah.

Məncə, Rusiya prezidenti Volodya müəllim də haradasa elə Tahir Kərimov ağıldadır, sadəcə, əlində daha böyük imkanlar cəmləşibdir. Ona görə ətrafda Rusiyaya dost bir yer qoymayıb qalsın. Hər yerə ərazi iddiaları sürür, müharibələrə başlayır, minlərlə günahsız insanın qanını axıdır. Ən son kərə özünü çar Pyotrun davamçısı elan edib. Deyir Pyotr heç yeri tutmurdu, torpaqları Rusiyaya qaytarırdı.

Əgər sənin qonşuluğunda 350 il qabaqkı sərhədləri bərpa etməyi istəyən axmaq, üstəlik əlində bomba bir siyasətçi varsa, bu, böyük problemdir. Ancaq niyə Pyotrda dayanırıq? Bir az da geri gedək, o zamanlara ki, Toxtamış Moskvanı yandırıb Qızıl meydanda kabab çəkirdi. Qızıl Ordu dövləti Volqadan Novqoroda qədər hər yeri əlində saxlayırdı. Biz türkük, biz də Qızıl Ordanı qaytarmağı istəyirik. Çingizxanın, Batının, nə bilim, Cucinin davamçıları olmalıyıq. Hələ Hindistanı tutan Moğolları, Avropanı qorxudan hunları, Səfəvi dövlətini, Osmanlını bərpa eləməyə başlasaq, mən bilmirəm ruslar o zaman hansı ərazilərdə oyuncaq dövlətlər qurarlar.

Şüşə evcikdə yaşayırlar, başqalarına daş atırlar. Sözgəlişi, Pyotr adı qədim yunan adı Petrosdan törəmədir və anlamı elə “daş” deməkdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26