Interposta.Info

Taleh Kazımov Mərkəzi Bankda görəcəyi işlərdən danışdı

Ölkə
 11-04-2022, 20:31     112

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "İnterPosta"-ya verilən məlumata əsasən, iclasın gündəliyinə 9 məsələ daxil edilib.

Komitə sədri bildirib ki, birinci və ikinci məsələlər ölkə Prezidenti tərəfindən təqdim edilib.  Birinci məsələ - Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad edilməsi ilə bağlı Prezidentin təqdimatı deputatlar tərəfindən müsbət qarşılanıb.

Növbəti məsələ Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankının  İdarə Heyətinin üzvlüyünə qəbul edilməsi ilə əlaqədardır. Komitə sədri Taleh Kazımovun iş təcrübəsi və peşə keyfiyyətləri barədə məlumat verib. Onun ölkənin bank sistemindəki xidmətlərindən, əldə etdiyi nailiyyətlərdən bəhs edib. Komitə sədri Mərkəzi Bank və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi arasında sıx əlaqələrin olduğunu, bir sıra  məsələlərin həllində faydalı əməkdaşlıq etdiklərini qeyd edib və bunun gələcəkdə uğurla davam edəcəyini söyləyib.

Tahir Mirkişili məsələ ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəyini təqdim edib. Qeyd olunub ki, Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin olunması məqsədəuyğun hesab edilir.

İclasda iştirak edən Taleh Kazımov ölkə Prezidentinə ona göstərdiyi etimada görə minnətdarlığını ifadə edib. Komitə üzvlərinə müsbət rəyə görə təşəkkür edib. Fəaliyyəti dövründə Mərkəzi Bankla parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi arasında daha sıx və səmərəli əlaqələrin qurulmasında səylərini əsirgəməyəcəyini söyləyib.


Daha sonra iclasda üçüncü oxunuşda olan bir sıra qanun layihələrinə, o cümlədən "Dövlət rüsumu haqqında”, "Lisenziyalar və icazələr haqqında”, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, habelə "Antiinhisar fəaliyyəti haqqında”, "Yeyinti məhsulları haqqında” və "Dövlət sirri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılıb və həmin sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26