Interposta.Info

Operativ Qərargah hələ də inadından dönmək istəmir – Millət vəkili

Ölkə
 5-08-2021, 19:32     236


"Fikrimcə, təcili olaraq bu qərara baxılmalı, Bakı şəhərində bütün ictimai nəqliyyatın işləməsi təmin edilməlidir”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib. Onun sözlərinə görə, insanlarımız həm maddi, həm də mənəvi sıxıntı yaşayacaqlar:

"Qarşıdan növbəti şənbə və bazar günü gəlir. Bir çox insanımız üçün bu təngə və azar günüdür. Operativ Qərargah hələ də inadından dönmək istəmir. Yenə də metronu, avtobusları işləməyə qoymayacaqlar, zavallı insanlar düşəcəklər taksi axtarışına. Pulu-parası olmayan da otursun evində, bütün vacib işlərini təxirə salsın. İnsanlarımız həm maddi, həm də mənəvi sıxıntını yaşayacaqlar. Onsuz da yay vaxtı insanların bir qismi məzuniyyətdə, iş yerlərinə də elə bir axın yox. Heç kim də əsaslandıra bilmir ki, iki gün ictimai nəqliyyat işləməyəndə pandemiya necə azala bilər. Əksinə, nəqliyyatda sıxlıq yaratmaqla insanlar üçün yoluxma riskini daha da artırırlar. Metronun girişində qızdırmanı yoxlamaq üçün aparat qoyulur və bu da profilaktika üçün kifayət edir”.


Deputat hesab edir ki, ictimai nəqliyyat həftənin bütün günləri işləməlidir:

"Əminəm ki, özü metro ilə, avtobusla gedib-gəlmək məcburiyyətində olan kimsə belə bir qərarı qəbul etməz. Məsələyə öz komfortundan yanaşanlar anlamalıdırlar ki, bu qərarla eyni vaxtda şəhərətrafından gələn vətəndaş, xəstəxanaya metro ilə tələsən tibb bacısı, maaşı aşağı olan avtobus sürücüsü, televiziyaya, redaksiyaya tələsən jurnalist, yaxud da bir pensiyaçı, bir əlill boğazından kəsdiyi pulu taksiyə verməyə məhkum olur”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26