Interposta.Info

İrəvan təşvişdə: Azərbaycan və Türkiyə ordusu...

Ölkə
 30-04-2019, 18:54     10 443

Erməni separatçıları mayın 1-də başlayacaq Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən narahatdırlar.

İnterPosta.info
-nun məlumatına görə, bu sözləri axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu 1-3 may tarixlərində Azərbaycan və Türkiyənin ordu birləşmələrinin Azərbaycanda keçiriləcək birgə hərbi təlimləri barədə danışarkən deyib. O bildirib ki, Ermənistan tərəfi Azərbaycanın zərbə endirməsindən qorxur:

“Hesab edirlər ki, hərbi təlimlər zamanı Azərbaycan ordusu təmas xəttində hansısa həmlələr edə bilər. Separatçılar onu da deyirlər ki, Türkiyə ordusu Azərbaycan ordusunun güclənməsi üçün bütün imkanlardan istifadə edir, təcrübəsini bölüşür və s. Təlimlərin bir məqsədi də separatçıların qorxusunu artırmaq və onları gərgin vəziyyətdə saxlamaqdır. İndi təsəvvür edin ki, Türkiyənin Azərbaycanda hərbi bazaları olsa, bu, işğalçıya qarşı təzyiqi hansı səviyyəyə qaldıra bilər”.

Politoloq Moskvanın MDB İnstitunun direktor müavini Vladimir Yevseyevin təlimlərin təkcə Ermənistan yox, Rusiya maraqlarına qarşı da yönəlməsi ilə bağlı dediklərinə də münasibət bildirib:

“Bir nəfərin fikrini bütövlükdə bir ölkə üçün hökm kimi qəbul etmək doğru deyil. Çünki həm Türkiyənin, həm də Azərbaycanın Rusiya ilə arasındakı münsibətlər yüksək səviyyədədir. Rusiya Türkiyə ilə əlaqələrin inkişaf etirilməsində maraqlıdır. Hesab etmirəm ki, Rusiya hakimiyyəti Azərbaycanda keçiriləcək təlimlərdən narahat olsun. Əksinə, bu, Ermənistana bir mesajdır. Yəni Ermənistan bilməlidir ki, işğal altındakı torpaqlarımızı boşaltmasa, qarşısında Türkiyə-Azərbaycan hərbi ittifaqını görə bilər”.

Qeyd edək ki, 1-3 may tarixlərində Azərbaycan və Türkiyənin ordu birləşmələrinin birgə keçiriləcək təlimləri Ermənistanda narahatlıqla qarşılanıb. Bəzi erməni ekspertlər bu təlimləri Ermənistan üçün təhdid hesab etdiklərini bildiriblər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26