Interposta.Info

Türkiyə və Azərbaycan ordusu birgə güc göstərəcək -

Gündəm
 26-04-2017, 13:59     574

Mayın 1-dən 5-dək Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri keçiriləcək. Maraqlıdır ki, Azərbaycan-Türkiyə birgə hərbi təlimləri Azərbaycan ordusunun genişmiqyaslı təlimlərindən dərhal sonra keçirilir. Azərbaycan ordusunun 30 minlik canlı heyətlə təlimi 16-21 aprel tarixlərində keçirilib. Mütəxəssislər Türkiyə ilə birgə hərbi təlimlərin apreldəki hərbi təlimlərin davamı kimi planlaşdırıldığını qeyd edir. Türkiyə-Azərbaycan birgə hərbi təlimləri tərtib olunan cədvələ uyğun keçirilir. Həmin cədvəl isə iki ölkənin dövlət başçıları tərəfindən təsdiq olunub.

Eyni zamanda, 2017-ci ildə Türkiyə, Gürcüstan və Azərbaycan arasında da birgə hərbi təlimlər nəzərdə tutulub.


interposta.info xəbər verir ki, iki dost ölkənin birgə aparacağı təlimləri BakiPost.az-a şərh edən politoloq Elxan Şahinoğlu qeyd edib ki, Türkiyə ilə birgə hərbi təlimlər bir neçə səbəbdən Azərbaycan üçün vacibdir: "Öncə bu təlimlər vasitəsilə Azərbaycan-Türkiyə strateji müttəfiqliyi güclənir. Həmçinin Türkiyə NATO ölkəsidir və Azərbaycan ordusu Türkiyə ordusu ilə birgə təlimlər vasitəsilə NATO standartlarına yiyənlənir.

Eyni zamanda, Türkiyə ordusu terrorçu PKK ilə mübarizədə böyük təcrübəyə malikdir və döyüşlərin əsas hissəsi dağlarda baş verir. Dağlıq Qarabağ və işğal altındakı Azərbaycan rayonları da dağlıq bölgələrdə yerləşir. Bu baxımdan Türkiyə ordusunun dağ döyüş təcrübəsini öyrənmək Azərbaycan ordusu üçün mühüm əhəmiyyət kəsb edir”.
Türkiyə və Azərbaycan ordusu birgə güc göstərəcək -


Politoloq bildirib ki, Azərbaycan Türkiyə ilə birgə hərbi təlimlər vasitəsilə Ermənistana və Rusiyaya mesaj yollayır:
"Mesajın əhəmiyyəti budur ki, əgər Rusiya hərbi baxımdan Ermənistanı müdafiə edirsə, Türkiyə də Azərbaycanı müdafiə edir. Bölgədə Rusiya-Ermənistan birgə hərbi təlimləri keçirildiyi kimi Türkiyə-Azərbaycan birgə hərbi təlimləri də keçiriləcək. Ötən il aprel ayında 4 günlük müharibədən sonra Türkiyənin Konya şəhərində Azərbaycanla birgə hərbi təyyarələrin hərbi təlimi keçirilib. Buna baxmayaraq, hələ ki, Rusiya-Ermənistan hərbi ittifaqının statusu Türkiyə-Azərbaycan hərbi ittifaqının statusundan yüksəkdir. Çünki Rusiyanın Ermənistanda hərbi bazaları var və İrəvanla hərbi müttəfiqlik haqqında sazişi mövcuddur. Azərbaycan milli təhlükəsizlik konsepsiyasında başqa dövlətin Azərbaycanda hərbi bazasının varlığı göstərilməyib. Ancaq sənəddəki həmin müddəanı dəyişmək də olar. Türkiyənin ən azı Naxçıvanda hərbi bazası olmalıdır. Çünki Dağlıq Qarabağ və ətraf rayonlarla müharibə başlayarsa Naxçıvana Ermənistan iqtiqamətindən təhlükə yarana bilər. Həmin təhlükədən qorunmaq üçün Türkiyənin Naxçıvanda hərbi bazası olmalıdır”.

Elxan Şahinoğlu vurğulayıb ki, Rusiya və Türkiyənin Cənubi Qafqaz mövzusundakı dialoqu genişləndirilmədikcə, Rusiya-Ermənistan hərbi ittifaqına qarşı Türkiyə-Azərbaycan hərbi ittifaqı güclənməlidir:
"Ankara ilə Moskva arasındakı dialoq getdikdə genişlənir. Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı mayın 3-də Soçiyə səfərə dəvət edib. Böyük ehtimalla görüşdə prezidentlər əsasən Suriyanı müzakirə edəcəklər. Ancaq iki böyük dövlətin liderlərinin görüşlərində Dağlıq Qarabağ mövzusu da ön plana çıxmalıdır. Moskva-Ankara tandemi Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynaya bilər. Onsuz da münaqişənin həllində ABŞ və Avropa Birliyi dövlətlərinin rolu minimumdur. Rusiya və Türkiyənin Cənubi Qafqazda xüsusi maraqları var. Əgər bu maraqlar çərçivəsində münaqişənin həllində irəriləyiş əldə olunarsa, bu hər dörd dövlətin – Rusiya, Türkiyə, Azərbaycan və Ermənistanın xeyrinə olacaq. Ancaq hələ ki, Moskva bu mövzuda dialoqu genişləndirməyə hazır deyil. Bu dialoq olmadıqca da Rusiya-Ermənistan hərbi ittifaqına qarşı Türkiyə-Azərbaycan hərbi ittifaqı güclənməlidir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26