Interposta.Info

Azərbaycanda yeni tələb! Büdcə təşkilatlarının baş mühasibləri......

Ölkə
 2-06-2018, 09:12     10 300

Maliyyə Nazirliyi peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparacaq.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən "Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunda əksini tapıb.

Peşəkar mühasib sertifikatının verilməsi məqsədi ilə imtahanların keçirilməsi və sertifikatların verilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən, peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması isə Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən peşəkar mühasib sertifikatının qüvvədə olma müddəti beş ildir. Peşəkar mühasib kimi fəaliyyətini davam etdirmək istəyən şəxs peşəkar mühasib sertifikatının qüvvədə olma müddətinin son ilində növbəti sertifikatı almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən peşəkar mühasib sertifikatı almalıdır. Peşəkar mühasib sertifikatı alaraq fəaliyyətə başlayan şəxs sonradan eyni standart üzrə iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs sertifikatda qeyd olunan standart üzrə peşəkar mühasib kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı imtahana cəlb olunmur.

Dəyişikliyə əsasən, bundan sonra paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar olmalıdırlar.

Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması qaydaları isə ləğv edilib. Milli Mühasibat Uçotu Standartlarının tətbiqi ilə bağlı müddəaların çıxarılması nəzərdə tutulduğu üçün qanunda Mühasibat Uçotu üzrə Məsləhət Şurasının yaradılması və fəaliyyətinin tənzimlənəsi ilə bağlı maddələr ləğv edilib.

Qanunla ölkə ərazisində fəaliyyət göstərən mühasibat uçotu subyektləri tərəfindən beynəlxalq standartlara keçid təmin ediləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26