Gizli kassa, 40 minlik psixotrop dərman, polisdən qaçış - aptek rəhbərinin işi
Aptek müdiri və müavini hakim qarşısına çıxarılıb. Onlar Bakıda aptekdə psixotrop maddələr satmaqda ittiham edilirlər.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Natiq İsmayılov və İslam Yusifovun cinayət işi üzrə məhkəmə iclası baş tutub.
Hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan məhkəmə iclasında şahidlər ifadə verib.
Təqsirləndirilən şəxslər Yasamal rayonunda aptekə rəhbərlik ediblər.
Məhkəmədə dindirilən şahidlər aptekin işçiləri olub. Satıcılardan Peymanə Hüseynova istintaqa verdiyi ifadəsini təsdiq etdiyini söyləyib.
O, aptekdə psixotrop dərmanların satıldığını təsdiqləyib: "Rəhbərlik bu dərmanları sifariş verirdi. Onlar deyirdi, biz də satırdıq. Dərmanlar da ancaq onların sifarişi ilə gəlirdi".
Digər şahid isə Günel Orucova olub. O, da aptekdə "lirika" və digər psixotrop maddələrin satıldığını söyləyib.
Aytac Hüseynova da aptekin satıcılarından olub. Aptekdə 2 ilə yaxındır işlədiyini söyləyən şahid psixotrop dərmanların rəhbərliyin göstərişi ilə satıldığını qeyd edib.
Şahid Kənan Muradov aptekdə əczaçı işlədiyini söyləyib və 400 manat maaş aldığını qeyd edib.
Şahid ifadəsinə əlavə edib ki, o da aptekdə işləyən zaman ittihamda qeyd edilən psixotrop dərmanlardan satıb: "Bütün dərmanlar kimi həmin dərmanların qiyməti də komputerdə, sistemdə olurdu. Müştəri istəyəndə biz də satırdıq".
Məhkəmədə məlum olub ki, aptekdə resept və qeyri-resept şöbəsi olub. Psixotrop maddələr də qeyri-resept şöbəsində satılırmış.
Növbəti məhkəmə iclası martın 2-nə təyin edilib.
Bildirək ki, Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsi tərəfindən paytaxtda fəaliyyət göstərən aptekdə güclü təsir edən dərmanların qanunsuz satılmasına dair kütləvi informasiya vasitələrində yayılmış məlumatlarla əlaqədar zəruri tədbirlər həyata keçirilmişdi. Hazırda sahibi həbs edilən aptekdə də psixotrop maddələr satılırdı.
Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin birgə yaydığı məlumatda deyilir ki, “Best Pharma” MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 148 ünvanında fəaliyyət göstərən aptekdə işləyən Natiq İsmayılovun həkim resepti olmadan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən tramadol 225 mq-lik tərkibli “Royal” adlı və preqobalin tərkibli “Paden” adlı 7 ədəd həbi qanunsuz satıb. Bununla bağlı əsaslı şübhələr müəyyən edildiyindən 2017-ci il, noyabrın 11-də Bakı şəhər prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 240.2.2-ci (təkrarən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma) maddələri ilə cinayət işi başlanıb.
Aparılan istintaq-əməliyyat tədbirləri zamanı qeyd edilən aptekə baxış keçirilərkən 42 ədəd hər biri 300 mq olan “Lyrica pfizer” həbləri, güclü təsir edən dərmanların dövriyyəsi ilə bağlı qeydiyyat dəftərləri, təhlükəsizlik kamerasının yaddaş qurğusu aşkar edilərək maddi sübut kimi götürülüb.
İstintaqla həmçinin, aptekdə güclü təsir edən dərman vasitələrinin ayrıca satıldığı, həmin dərmanların pulunun ayrıca yığılması, qeyd olunan dərman vasitələrinin aptekdə xüsusi hazırlanmış gizli yerdə saxlanılması müəyyən olunmuş və həmin yerdən 40 min manatdan artıq dəyəri olan müxtəlif tərkibli güclü təsir edən maddələr aşkar edilərək götürülüb.
N.İsmayılov iş üzrə Cinayət Məcəlləsinin 240.3.2-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma, külli miqdarda törədildikdə ) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona qeyd edilən maddədə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, aptekin faktiki rəhbəri İlham Yusifovun Cinayət Məcəlləsinin 308.1 və 240.3.2-ci maddələri ilə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilib.
Lakin İlham Yusifov bir müddət istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilmişdi. O, bir neçə gün sonra saxlanılaraq məsuliyyətə cəlb edilib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26