Interposta.Info

Arvadın başqa kişi ilə danışdığına görə öldürmək istəyən ərin məhkəməsi-

Ölkə
 31-01-2018, 14:28     10 750

Bir gündə arvadını iki dəfə xəstəxanalıq edən şəxs hakim qarşısına çıxarılıb. O, əvvəlcə arvadının başına yumruq zərbələri endirərək xəstəxanalıq edib, xəstəxanadan qayıdanda isə bıçaqlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyə cəhddə təqsirləndirilən Səbuhi Rəhimovun məhkəməsi keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

Prokuror Cinayət Məcəlləsinin 29.120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə itiham edilən Səbuhi Rəhimovun 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmədə zərərçəkmiş Aynur Rəhimova da iştirak edib. O, əri ilə barışdığını, ona yüngül cəza verilməsini istəyib.

Hadisə Xətai rayonu NZS qəsəbəsində baş verib.

Rəhimov Səbuhi Əsgər oğlu öz həyat yoldaşı 27 yaşlı Rəhimova Aynur Sehrəddin qızını qısqanclıq zəminində döyüb. Bundan sonra Aynur Rəhimova təcili tibbi yardım maşını ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.

İlkin müayinələr zamanı Aynur Rəhimovada başın təpə nahiyyəsində müxtəlif xəsarətlər aşkar edilib. İlkin yardım alan 27 yaşlı qadın xəstəxanada qalmaq istəmədiyini bildirib və ambulator müalicəyə buraxılıb.

Xəstəxanadan evə qayıdan Aynur Rəhimova yenidən həyat yoldaşı tərəfindən döyülüb.

Belə ki, bu dəfə Səbuhi Rəhimov həyat yoldaşına bıçaqla çoxsaylı xəsarətlər yetirib. Yaralı qadın yenidən 3 saylı şəhər xəstəxanasına çatdırılıb və əməliyyatı olunub. Reanimasiya şöbəsinə yerləşdirilən qadının həyatını xilas etmək mümkün olub.

S.Rəhimov 5 ildir ailə həyatı qurub və 2 azyaşlı övladı var. Fərdi əməklə məşğul olan S.Rəhimovun həyat yoldaşı ilə tez-tez problemləri olub.

Məhkəmədə ona istənilən cəzadan narazı qalan S.Rəhimov müstəntiqin işi düzgün araşdırmadığını və ona ağır maddə ilə cinayət işi açıldığını söyləyib.

S.Rəhimov arvadını ona görə bıçaqlayıb ki, onun telefonla başqa şəxslə danışmasından şübhələnib. Lakin həyat yoldaşı telefonu ona verməkdən imtina edib. Bu zaman onlar arasında mübahisə yaranıb.

Ağır xəsarət alan Aynur Rəhimovanın bütün müalicə xərclərini Səbuhi Rəhimovun ailəsi çəkib.

S.Rəhimovun vəkili məhkəmədə müdafiə çıxışı edərək müvəkkilinin əməlinin 126.1-ci maddəsinə tövsif edilməsini və onun barəsində şərti cəza verilməsini istəyib.

Məhkəmə müşavirədən sonra hökmü elan edin. Hökmə əsasən Səbuhi Rəhimov 11 il 3 il müddətinə azadlıqdan məhrum edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26