Interposta.Info

Keçmiş arvadını geri qaytarmaq üçün qaynını güllələdi -

Ölkə
 19-04-2017, 14:24     563

Qaynını güllələyən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Elçin Qəmbərov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Elçin Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son sözlə çıxış edib və azyaşlı uşaqlarının olmasını, könüllü olaraq hərbi xidmətdə olmasını, könüllü olaraq təslim olmasını, əməlindən peşman olmasını nəzər alaraq barəsində yüngül cəza çıxarılmasını istəyib.

Məhkəmə heyəti müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Elçin Qəmbərov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən ilin iyununda Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb.

Maştağa qəsəbə sakini, 1977-ci il təvəllüdlü Qəmbərov Elçin Söhbət oğlu sərxoş vəziyyətdə keçmiş həyat yoldaşının yaşadığı ünvana, Zahid Qasımov küçəsi bina 12-nin qarşısına gəlib.

O, atası evinə qayıdan həyat yoldaşını geri aparmaq istəyib. Lakin Elçinlə onun keçmiş qaynı 1977-ci il təvəllüdlü Əliyev Cəmaləddin Ağamirzə oğlu arasında mübahisə düşüb.

Bundan sonra Elçin özü ilə gətirdiyi tapançadan keçmiş həyat yoldaşının qardaşına atəş açıb. E.Qəmbərov ikinci dəfə qaynını vurmaq istəsə də silah açılmayıb.

Cəmaləddin Əliyevin həyatını xilas etmək mümkün olub.

E.Qəmbərov məhkəmədə deyib ki, hadisəni törədən zaman sərxoş olub və qaynını öldürmək niyyəti olmayıb. O bildirib ki, əməlindən peşman olub və dərhal polisə gedərək silahını təhvil verib.

Məhkəmədə o da məlum olub ki, hadisədən sonra tərəflər arasında barışıq əldə edilməyib./Musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26