Interposta.Info

İqbal Ağazadəyə qarşı dələduzluq edən şəxs azadlığa buraxıldı - sabiq deputat onu bağışlamışdı

Ölkə
 23-05-2019, 11:31     10 494

Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadəyə qarşı da dələduzluq etmiş şəxs hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən 1975-ci il təvəllüdlü Tağıyev Sərmas Abbas oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Rahib Aslanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında elan olunub ki, İqbal Ağazadə Sərmas Tağıyevi bağışlayıb.

Sabiq deputat məhkəməyə göndərdiyi barışıq ərizəsində qeyd edib ki, 3 uşağının olması, yoldaşının xəstə olması nəzərə alınaraq Sərmas Tağıyevi həbslə bağlı olmayan cəza təyin edilsin.

Məhkəmənin davamında Sərmas Tağıyevin vəkili müdafiə çıxışı edib. Tərəflər arasında barışığın olmasını xatırladan vəkil müdafiə etdiyi şəxsə şərti cəza verilməsini istəyib.

Sərmas Tağıyev isə son sözündə əməlindən peşman olduğunu söyləyib.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən S.Tağıyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Sərmas Tağıyev barəsində Cinayət Məcəlləsin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

S.Tağıyev iş görmək adı ilə ayrı-ayrı şəxslərə qarşı dələduzluq edib. Zərərçəkmişlərdən biri də Ümid Partiyasının sədri İqbal Ağazadədir. Sabiq deputat təqsirləndirilən şəxsdən şikayətinin olmadığını deyib.

Qeyd edək ki, S.Tağıyev daha əvvəl də eyni maddə ilə mühakimə olunub. O, 5 avqust 2015-ci il tarixdə Bayram Hüseynovun oğlu Ramin Hüseynlinin adına ipoteka fondundan 70 min manat kredit götürməyə kömək edəcəyini vəd verib və 4 min manat pul alıb.

Bundan başqa, S.Tağıyev 18 avqust 2015-ci il tarixdə İbrahim Cəbiyevə ipoteka fondundan 50 min manat kredit götürəcəyini vəd edərək, Abşeron rayonu Xırdalan şəhəri Dövlət Əmlak Agentliyinin inzibati binasında yerləşən ev alqı-satqı ofisində 10 min manat pul alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Tağıyev 8 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən narazı qalaraq apellyasiya şikayəti verib və cəzasının yüngülləşdirilməsini istəyib.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə S.Tağıyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, o azadlığa buraxılıb/musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26