Interposta.Info

Səs yazısı yayılan direktor: Elə-belə adam deyiləm - Video

Ölkə
 10-01-2018, 17:49     10 653

Mən elə-belə adam deyiləm. İlqar Əlfioğlunu tanıyırsınız yəqin, o mənim qrup yoldaşım olub. Dövlət məmuru işləmişəm. İxtisasım tərcüməçidir - fars dili və ədəbiyyatı müəllimi. İranda tərcüməçi işləmişəm. Müharibə veteranıyam, ehtiyatda olan kapitanam. Uzun müddət dövlət orqanlarında çalışmışam. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyevin işçisi olmuşam.

"XeberBiz" xəbər verir ki, bu sözləri Axar.az-a Cəlilabad rayonu, Alar kənd 2 saylı orta məktəbinin direktoru Lətif Seyfullayev məktəbin pedaqoji şurasının iclasında müəllimlərindən rüşvət tələb etdiyini əks etdirən səs yazısı barədə danışarkən deyib. Direktor iddia edib ki, yayılan səs yazısı ona məxsus deyil:


“Səs yazısından xəbərim var. Xəbərdəki şəkil mənimdir, ancaq səs yazısı mənə aid deyil. Bu məsələ ilə bağlı nazirlik müdiriyyətlə danışıb. Mənim xəbərim yoxdur. Mənə heç kəs heç nə deməyib. Mənə sadəcə izahat yazdırdılar ki, kiməm, nəçiyəm”.

L.Seyfullayev vurğulayıb ki, yayılmış səs yazısı ona qarşı başladılmış kampaniyadır:

“Məktəbimizdə müəllim kimi çalışan ər-arvad var. Onlar mənə qarşı belə bir addım atıblar. Mən 2014-ci ildən bu məktəbdə direktor vəzifəsini icra edirəm. Hazırda məktəbimizdə 3 fizika müəllimi var. Ancaq belə balaca məktəbdə 3 fizika müəlliminin olması çoxdur. Düzdür, hər üç müəllim yüksək balla müəllimlik edirlər, lakin bu müəllimlər arasında problem olmaması üçün dərsləri aralarında bölmüşük. Bu bölgüdən razı olmadıqlarına görə mənim haqqımda dayanmadan şayiələr yayırlar”.

Direktorun sözlərinə görə, ondan şikayət edənlərdən biri də məktəbin fizika-riyaziyyat müəllimi Azad Dadaşovdur:

“Azad Dadaşov hazırda məktəbimizdə işləyir. Ancaq ona müəllim demək olmaz, düz-əməlli ərizə də yaza bilmir. O məktəbdə işə mənim direktorluğumdan əvvəl qəbul olunub. Mənim haqqımda şikayət məktubu yazıb. Məktubda qeyd edib ki, guya o, məktəbin yeganə fizika-riyaziyyat müəllimidir. Halbuki ondan başqaları da var. Daha sonra qeyd edib ki, 9-10-11-ci siniflərdə keçirilən fizika-riyaziyyat fənlərinin dərs saatları yalnız ona məxsusdur və əgər bu dərs saatlarını ona verməsəm, məndən yuxarı instansiyalara şikayət edəcək.

Amma bayaq “Speys” kanalı çəkilişə gəlmişdi. Azad müəllim özü də kanala açıqlama verdi ki, bu səs yazısı yalandır. Belə bir şey olmayıb”.

Qeyd edək ki, Yeniçağ.az saytında Alar kənd 2 saylı orta məktəbinin direktoru Lətif Seyfullayevə aid olduğu iddia edilən səs yazısı yayılıb. Həmin səs yazısında o, müəllimi təhqir edərək, rüşvət istəyib.

***

"XeberBiz" bildirir ki, məsələ ilə bağlı Cəlilabad Rayon Təhsil Şöbəsindən Axar.az-a bildirilib ki, yayılmış səs yazısı ilə əlaqədar xüsusi komissiya yaradılıb:

“Araşdırma başladılıb. Böhtan olduğu iddia edilir. Araşdırma bitdikdən sonra nəticə barədə ictimaiyyətə açıqlama veriləcək”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26