Interposta.Info

2017 yazarların yaddaşına belə köçdü - Sorğu

Ölkə
 30-12-2017, 11:08     10 352

2017-ci ilin son günlərini yaşayırıq. Bu il ölkəmiz üçün heç də uğursuz keçmədi. Bəs görəsən, yazarlarımız, şairlərimiz ötən ildə hansısa uğursuzluqlarla qarşılaşıblarmı?

Kult.az yazıçı və şairlərimizin 2017-ci il ilə bağlı təəssüratlarını təqdim edir:

Şair Ramiz Qusarçaylı ən uğursuz gününün anasını itirdiyi gün olduğunu dedi:

“2017-ci il anamın ölümünə şeir yazdırdı mənə... O anın şeirini ömrümün sonuna kimi oxuyacağam”.

Yazıçı-jurnalist Xalid Kazımlı isə 2017-də sevincli günlər yaşadığını bildirdi:

“Şəxsi planda ən uğursuz anı xatırlamaqda çətinlik çəkirəm. Çoxlu fərəhli günlərim olub. Xüsusilə də övladlarımın təhsili ilə bağlı. Universitetləri qırmızı diplomla bitiriblər, magistraturaya girən olub. Oğlum kursda yaxşı nəticələr göstərir”.

Şair Zahir Əzəmət bildirib ki, 2017-ci ilin yay aylarında iş və bəzi şəxsi məsələlərdə sıxıntılar yaşasa da, payızdan etibarən hər şey qaydasına düşdü:

“Ümumilikdə isə 2017-ci ili özüm üçün uğurlu hesab edirəm. Bu il “Qaynarinfo” portalının 10 yaşını qeyd etdik, saytın mobil tətbiqlərini istifadəyə verdik, üzərində 3 ildən çox işlədiyimiz nəhəng layihə- “Adsgarden.com” reklam platformasının bu il rəsmi açılışını etdik və önəmli müqavilələr bağladıq. Ailə zəminində də uğurlarımız oldu, məsələn, oğlum yazıb-oxumağı öyrəndi”.

Tanınmış jurnalist Ceyhun Musaoğlu ötən il şəxsi avtomobili ilə yol qəzasına düşdüyü günü özünün ən uğursuz günü sayır.

Şair Qəşəm Nəcəfzadə isə 2017-ci ilin onun üçün əziz olduğunu dedi:

“Yola saldığımız ildə “Qızıl kəlmə” mükafatını almışam, iki kitabım çap olunub, uğurlu-uğursuz günlərim çox olub, amma 2017-ci ilə mənim üçün çox əzizdir”.

Yazıçı Varis Yolçuyev kinossenarisinin müsabiqədə iştirakı ilə bağlı yaşadığı uğursuzluqdan danışdı:

“Göydən yıxılan mələk” kinossenarimin sinopsisi “Hollivud reporter”-in kinossenari müsabiqəsində yekun mərhələyə adlamışdı. Amma tam ssenarini ingiliscəyə tərcümə etdirməyə maliyyə tapa bilmədiyimə görə finaldan imtina etməli oldum. Mənim üçün ən uğursuz an idi”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26