Interposta.Info

Xəzərin o tayında “Qadağalar ölkəsi”

Ölkə
 28-10-2017, 12:07     10 468

Yaxınlarda dostlarımızdan biri Türkmənistana getmişdi. Qayıtdıqdan sonra oradakı təəssüratını bizimlə bölüşdü. Düzü Türkmənistanda vahid partiya sisteminin olduğunu, bəzi qadağaların mövcudluğunu bilsəm də, dedikləri həqiqətən inanılmaz görünürdü.

Bildiyiniz kimi, ölkənin hazırkı prezidenti Qurbanqulu Berdiməhəmmədovdur və Türkmənistan qoyduğu qaydalarla idarə edilir. Dostumuzun dediyinə görə, ölkənin ən məşhur alimi də, müğənnisi də elə "Arxadağ" ləqəbli prezident Berdiməhəmmədovdur. Prezidentin adını "Youtube”da axtarışa verməklə onun çoxsaylı ifalarına baxmaq olar. Sözün düzü yaxşı da səsi var, amma Türkmənistanda yaratdığı qayda-qanuna baxanda yada onun mahnıları yox, Şimali Koreya düşür.



Siqaret Azərbaycandakı qimətlərdən 5-6 dəfə bahadır

Söhbətə ilk olaraq siqaretdən başladı. Belə ki, Türkmənistanda ən ucuz siqaret bizim valyuta ilə 12 manatdan başlayır. Əslində bu, çox gözəl haldır. Siqaret baha olduğu üçün çox adam ondan istifadə etmir və insanlar sağlam həyat yaşayırlar. ("Arxadağ”ın bir müddət öncə çayın faydaları haqqında kitabı dərc olunub. O kitabı tapın və mütləq oxuyun. Çünki çay siqaretdən daha faydalıdır - müəllif) Belə bir addımı təqdirəlayiq hesab etdim və başladım alqışlamağa. Amma deyəsən alqışlamaqda bir balaca tələsmişdim.

Küçədə siqaret çəkmək qadağandır. Siqaret yalnız bunun üçün ayrılmış xüsusi yerlərdə və özəl mülklərdə çəkilə bilər.

Sosial şəbəkələrə giriş qadağandır

Türkmənistanda "Whatsapp" da daxil olmaqla bütün sosial şəbəkələrdən istifadəyə qadağa qoyulub. Yəni VPN-siz heç birindən, nə "Facebook", nə "Twitter", nə də "Youtube"dan istifadə etmək olmaz.

İş yerlərində vahid forma

Özəl, yaxud dövlət müəssisəsi olmasından asılı olmayaraq, qadınlar Türkmənistanın milli geyimində, kişilər isə ağ köynək və qara şalvarda işə getməyə məcburdurlar. Cins şalvarı yalnız xaricilər geyə bilər.
Xəzərin o tayında “Qadağalar ölkəsi”



Türkmən yeməkləri əsasən at ətindən hazırlanır və çox yağlıdır

Yerli əhali üçün yemək ucuz olsa da, xaricilər üçün damaq dadına uyğun yemək tapmaq çox çətindir. Ölkənin paytaxtı Aşqabadda məhdud sayda xarici restoran var. Və bu restoranlarda yalnız xaricilər yemək yeyə bilər, türkmənlərə giriş qadağandır.

Küçədə türkmən qızına yaxınlaşmaq olmaz

Daha bir qadağa isə türkmən qızları ilə bağlıdır. Belə ki, heç kəs küçədə türkmən qızına yaxınlaşa bilməz. Evlilikdə başlıq pulu ənənəsi hələ də qalmaqdadır. Tələb olunan başlıq pulunu gətirə bilməyənə qız verilmir.

Pulsuz kommunal xidmət dövrü bitir

"Türkmənistanda qaz, elektrik və su kimi kammunal xərclər yoxdur" fikri də artıq tarixə qovuşur. Belə ki, yeni qaydalara əsasən, artıq vətəndaşlardan kammunal xidmətlərə görə pul alınır.

Küçədə şəkil çəkdirmək üçün xüsusi icazə lazımdır

Aşqabadda heç bir əcnəbi küçədə şəkil çəkdirə bilməz. Bu, yalnız xüsusi icazə ilə mümkündür.
Xəzərin o tayında “Qadağalar ölkəsi”


Türkmənistanda gecə həyatı yoxdur

Axşam saat 22:30-a qədər bütün ictimai obyektlər bağlanır. Ölkəyə gələn turistlər paytaxtdan kənara yalnız icazə ilə və dövlət taksiləri ilə gedə bilərlər.

İnsanlar dövlət tədbirlərinə məcburi aparılır

Dövlət müəssisələrində çalışanlara dövlət tədbirlərdə iştirak məcburidir. Həmçinin iclas zamanı yüksək vəzifəli bir şəxs çıxış edirsə, yaxşı alqışlamayana şiddətli töhmət verilir. Buna nəzarət etmək üçün tədbirə qatılanlar arasına xüsusi şəxslər yerləşdirilir. Müxalif düşüncəli şəxslər haqqında ciddi tədbirlər görülür.

Xüsusi qeyd: Vəzifəsindən və tutduğu mövqeyindən asılı olmayaraq qanunları pozan istənilən şəxs ciddi şəkildə cəzalandırılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26