Interposta.Info

Masallıda ticarət mərkəzində baş varmiş yanğın söndürüldü, cinayət işi başlandı

Müxtəlif
 6-10-2023, 21:25     427

Masallıda ticarət mərkəzində baş varmiş yanğın söndürülüb, cinayət işi başlanıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətlərinin birgə məlumatında qeyd edilib.

Bildirilib ki, oktyabrın 6-da Masallı şəhərində yerləşən "Cavid-F” MMC-yə məxsus ticarət mərkəzinin ərazisində yanğın hadisəsi baş verməsi barədə daxil olmuş məlumat əsasında FHN-in əməkdaşları hadisə yerinə çıxıb.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

Hadisə nəticəsində ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektləri içərisindəki müxtəlif çeşidli mallarla birlikdə yanğının təsirinə məruz qalıb, 7 nəfər şəxs isə yanıq xəsarətləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, hazırda müalicələri davam etdirilir.

Fakta görə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarını pozma) cinayət işi başlanıb.

Yanğının səbəbini və dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün iş üzrə məhkəmə yanğın-texniki, məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilib.

Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26