Interposta.Info

Avropa İttifaqı ilə dərinləşən əməkdaşlıq Azərbaycanın yeni geostrateji statusunu qüvvətləndirir

Müxtəlif
 28-04-2023, 23:20     259

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra səmərəli, çoxvektorlu xarici siyasət həyata keçirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik və çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin güclü və nüfuzlu simasına çevrilmişdir.
Ölkəmizin regional və beynəlxalq təşkilatlarla çoxşaxəli səmərəli əlaqələrinin inkişafı, əməkdaşlığının dərinləşdirilməsi və genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Mədəni və ictimai diplomatiya Azərbaycan Respublikasının xarici siyasət işinin əsas istiqamətidir. Bu baxımdan Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı, ən böyük ixrac və idxal bazarıdır və ölkənin ən böyük sərmayədarıdır. Avropa enerji təhlükəsizliyinin gücləndirilməsinə təhdid və risklərin aradan qaldırılması baxımından regiondakı ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının təmin edilməsi hər iki tərəf arasındakı münasibətlərin əsasını təşkil edir. Geosiyasi vəziyyət Azərbaycan hökümətini strateji əməkdaşlığa təşviq edir. Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ölkələri ilə tərəfdaşlıq münasibətləri, o cümlədən ticarət, enerji, nəqliyyat, sərmayələr, münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni sazişin işlənib hazırlanması tərəfdaşlıq prioritetlərinin əsasını təşkil edir.
25 aprel 2023-cü il tarixdə Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında imzalanmış anlaşma memarandumu belə addımlardan biridir. Enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində imzalanmış Memorandum xüsusi əhəmiyyət kəsb edir. Memorandum Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyənləşdirir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli addımdır. Memorandumun imzalanması layihədə iştirak edən ölkələr arasında uğurlu və sıx əməkdaşlığın qurulmasının göstəricisidir. Ölkələr arasında əlaqələrin gücləndirilməsi regionda və dünyada Azərbaycanın böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığını sürətləndirir. Bu gün Azərbaycan-Bolqarıstan əlaqələri yüksələn xətlə inkişaf edir və buna təkan verən diplomatik yaxınlaşma 1995-ci ildə ümummilli lider Heydər Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Jelyu Jelevin dəvəti ilə Sofiyaya rəsmi səfəri ilə başlamışdır. Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin 25 aprel tarixində Bolqarıstan Prezidenti Rumen Radevin rəsmi dəvəti əsasında Sofiyaya səfəri qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı gücləndirməyə töhfə verəcəkdir. Anlaşma Memorandumunun imza­lanması Bolqarıstanla Azərbaycan arasında etibarlı, uzunmüddətli strateji əməkdaşlıqdan xəbər verir. Memorandumun imzalanması mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Avropa İttifaqı ölkələrinin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır.
Dövlət başçısının sözlərinə görə, bu gün Sofiyada imzalanan Anlaşma Memorandumu ilə Azərbaycan Avropa ölkələrinə daha çox qaz ixrac edəcək ki, bu da ittifaqın enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcəkdir. Enerji təhlükəsizliyinin təminatı üçün yeni təchizatçıların təşkili Azərbaycanın layihədəki önəmini əks etdirir. Azərbaycandan Avropa İttifaqına təbii qazın təchiz edilməsinin yeni marşrutunun formalaşması yüksək həmrəyliyin və strateji tərəfdaşlığın təmin edilməsində Azərbaycan Respublikası Prezidentinin səylərini göz önünə qoyur. Bu istiqamətdə görülən bütün işlər ölkəmizin iqtisadi qüdrətinin güclənməsinə zəmin yaradır.

Türkan Şadlinskaya - Bərdə Heydər Əliyev Mərkəzinin elmi işçisi
İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26