Interposta.Info

Azərbaycanın Avropa üçün önəmi artır –

Siyasət
 14-07-2018, 09:24     10 387

İyulun 11-12-də Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə səfərdə olub. İyulun 11-də Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanma mərasimi keçirilib. İlham Əliyev Brüsseldə Aİ Şurasının prezidenti Donald Tuskla görüşüb.

Prezident İlham Əliyev iyulun 11-də Brüsseldə NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin dövlət və hökumət başçıları üçün təşkil etdiyi qəbulda da iştirak edib.

İyulun 12-də isə Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşü olub. Azərbaycan prezidenti İlham Əliyev NATO-nun yeni mənzil-qərargahında keçirilən görüşdə iştirak edib.

İlham Əliyev şuranın görüşündə çıxış edərək, Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələrinin regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynadığını qeyd edib. 2002-ci ildən başlayaraq Azərbaycan sülhməramlılarının NATO hərbçiləri ilə Əfqanıstanda çiyin-çiyinə xidmət etdiklərini, 2018-ci ilin yanvar ayından Azərbaycanın Qətiyyətli Dəstək missiyasındakı hərbçilərinin sayını 30 faiz artıraraq 120 nəfərə çatdırdığını bildirib.

Deputat Bəxtiyar Sadıqov “Yeni Müsavat”a şərhində bildirdi ki, prezidentin Brüsselə səfəri, keçirdiyi görüşlər, imzalanmış sənədlər Azərbaycanla Avropa İttifaqı və Qərb arasında münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir: “Tərəfdaşlıq prioritetləri Aİ-Azərbaycan münasibətlərində irəliyə doğru vacib addımdır. Azərbaycanın son dövrlərdə apardığı siyasət, yəni istər enerji siyasəti, Azərbaycanın Avropanın ən etibarlı enerji tərəfdaşlarından birinə çevrilməsi və bu sahədə transmilli layihələrin uğurla gerçəkləşdirilməsi, istər Azərbaycanın demokratiya sahəsində gördüyü işlər, demokratik cəmiyyət qurulması, Azərbaycanın özünü dünyaya yeni imicdə təqdim edə bilməsi prezidentimizin gördüyü ən mühüm işlərdəndir. Bütün bunları Avropa İttifaqı və NATO kimi qurumlar yüksək qiymətləndirir. Təsadüfi deyil ki, Azərbaycan artıq beynəlxalq tədbirlərin, beynəlxalq səviyyəli görüşlərin keçirildiyi ölkə kimi qəbul edilir. Azərbaycana etibar edilir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artır. Azərbaycanın liderliyi ilə həyata keçirilən transmilli enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfədir. Azərbaycan dünyada sülhün, əməkdaşlığın inkişafına dəyərli töhfələr verən bir ölkə kimi qəbul edilir. Bütün bunlar Avropa İttifaqı kimi qurumların diqqətindən yayınmır. Azərbaycan prezidentinin Brüsseldə necə yüksək ehtiramla yüksək səviyyədə qəbul edilməsi buna əyani sübutdur. Dövlət başçımızın Brüsselə səfəri çox uğurlu, səmərəli, faydalı, çox yaxşı nəticələrə səbəb olan səfər oldu. Azərbaycanın gələcəyi üçün yeni perspektivlər açan məhsuldar səfər həyata keçdi. Avropa İttifaqının Azərbaycanla tərəfdaşlıqda maraqlı olduğu bir daha rəsmi sənədlə ortaya qoyuldu. Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış ”Tərəfdaşlıq prioritetləri" sənədi ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açır".

Deputat vurğuladı ki, Avropa İttifaqı ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipini dəstəkləyir: “Sərhədlərin toxunulmazlığı məsələsi Avropa İttifaqı tərəfindən ilk dəfə xüsusi qeyd edildi. Bu faktın özü ərazisinin 20 faizi Ermənistanın işğalı altında olan Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.

Prezidentin Brüssel səfəri bir daha göstərdi ki, Avropa İttifaqı əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizi və mühüm enerji layihələrinin həyata keçirilməsinə rolunu yüksək qiymətləndirir. Həmçinin Avropa İttifaqı Azərbaycanın dünyada mədəniyyətlərarası dialoqun inkişafına əhəmiyyətli töhfə verən ölkə olduğunu bəyan etmiş oldu. Avropa İttifaqı Azərbaycanın dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcrübəsini yüksək qiymətləndirir. Ölkə başçımızın Brüssel səfərinin nümayiş etdirdiyi digər mühüm məqam bu oldu".

B.Sadıqov qeyd etdi ki, Prezident İlham Əliyevin Brüssel səfərinin mühüm detallarından biri NATO sammitində iştirak, orada keçirilən görüşlər, bu böyük beynəlxalq qurumla tərəfdaşlıq istiqamətində əlaqələrin güclənməsi oldu: “Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır. Azərbaycanın dünyada sülhyaratma prosesinə əməli töhfə verməsi NATO tərəfindən yüksək qiymətləndirilir. Qurumun rəhbərliyi Azərbaycan rəhbəri ilə görüşündə, həmçinin çıxışlarında bu məqamı xüsusi vurğulayıblar. NATO-ya üzv dövlətlərin Brüsseldə keçirilən zirvə toplantısının yekununda qəbul etdikləri kommunikedə növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə ediblər. Azərbaycan prezidentinin Brüssel səfərinin ən böyük uğurlarından biri bu faktdır”.

Deputatın sözlərinə görə, prezident İlham Əliyevin Brüssel səfərinin nəticələrinin təhlili onu göstərir ki, Avropa İttifaqının Azərbaycana və Ermənistana münasibətində ağırlıq yükü Azərbaycana verilir, Azərbaycanla əməkdaşlığa xüsusi önəm verilir: “Avropa İttifaqı Azərbaycanı bütün sahələrdə etibarlı tərəfdaş kimi qəbul edir, Ermənistana isə bu münasibət yoxdur. Brüsseldə Ermənistanın etibarsız, ayağı sürüşkən ölkə olduğunun fərqindədirlər. Azərbaycan prezidenti Brüsseldə yüksək səviyyədə qarşılandı, nəzərdə tutulmuş bütün məsələlər uğurla həll olundu. İstər Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, istər Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından, istərsə də digər məsələlərdə Avropa İttifaqı rəsmiləri Azərbaycana və Azərbaycan prezidentinə yüksək hörmət, etimad, böyük diqqət nümayiş etdirdilər. Azərbaycan əhəmiyyətli ölkə, söz sahibi kimi bir daha özünü təsdiq etdi”.

Deputat Zahid Oruc isə bildirib ki, prezidentin Brüssel səfəri, -11 iyul tarixi Azərbaycanın xarici siyasət maraqları baxımından əlamətdar tarixi gün sayıla bilər: “Nəhayət, regional risklərin xofu və Ermənistanı Rusiyadan qoparmaq planlarına aludə olan avroçinovniklər postsovet məkanına vahid standartla yanaşmaya dair razılaşmaya gəldilər. Prezident İlham Əliyevin İttifaq Şurasının rəhbəri Donald Tuskla çiyin-çiyinə dayanaraq, razılıq hissiylə müşayiət etdikləri ”Əməkdaşlıq prioritetləri" sənədində Qarabağla bağlı bundan sonra heç bir hüquqi spekulyasiyalara yer qoymayan müddəalar öz əksini tapdı. Halbuki cəmi 5 il qabaq Moldova və Gürcüstana açıq dəstəyin, Ukraynanın bütövlüyü uğrunda az qala silahlı mübarizənin səngərində keşik çəkən Qoca qitənin strateqləri Cənubi Qafqazdakı daşların yerini düzgün müəyyənləşdirmədən qonşuluq siyasətinin bəhrə verməyəcəyinə əmin oldular. Ermənistanın xarici işlər naziri inqilabdan sonra yeni ampluada qəbul olunan Paşinyan hökumətinə NATO və Avropa İttifaqı salonlarında əlahiddə bir simpatiyanın olduğunu zənn edib, son deklarasiyalarda kəskin formulələrin olmayacağını düşünürdü. Hətta açıq təhdid diliylə danışaraq, onların maraqlarını tanımayacaqları təqdirdə zirvə görüşünə getməyəcəklərini bəyan etmişdilər. Lakin olmadı. Necə deylərlər, məxməri dəyişikliyə görə arzulanan mükafatı Qarabağdan çıxarmaq ideyası iflasa uğradı. Azərbaycanın da sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyünə dəstək ifadə edən sənəd qəbul edildi".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26