“Onun üçün hər şeydən öncə Vətən idi”

“Vətən Uğrunda” medalı ilə təltif olunan şəhid Ceyhun Səfərovun yaxınları onun haqqında xatirələrini bölüşüb…
Atası Akif Səfərov: “Məscidin yanında oğluma sarılaraq sağollaşdım və mənə hər şeyin yaxşı olacağını bildirdi”
Vətən müharibəsində qəhrəmancasına şəhid olan əsgər Ceyhun Akif oğlu Səfərov 1995-ci ildə Lerik rayonunda anadan olub. Ceyhun Səfərov ailənin sonuncu övladlarından biridir. Vətən müharibəsi başlamazdan əvvəl, Ceyhun atasına “mən cəbhəyə gedəcəyəm” deyib.
“Hürriyyət” olaraq Səfərovlar ailəsinin qonağı olduq. Məlumat üçün bildirək ki, şəhid Ceyhun Səfərov yaxın günlərdə Prezident rərəfindən “Vətən Uğrunda” medalı ilə təltif olunub.
Atası Akif Səfərov bildirir ki, oğlu Ceyhun Səfərov uşaqlıq illərindən digər yaşıdlarından vətənpərvərliyi ilə seçilirdi. O, eyni zamanda idmanla məşğul olduğuna görə, bir sıra diplom və medallarla təltif olunub: “Ümumiyyətlə, Ceyhun çox istiqanlı və qohumpərvər oğul idi. O, igidliyi və mərdliyi ilə seçilirdi. Baxmayaraq ki, üç oğlumdan ən kiçiyidir, Ceyhun ona qoyulan hörmətin qarşısında həmişə özünü doğruldub. Müharibə ayın 27-də başlasa da, bir həftə əvvəl ona bildiriş gəlmişdi. Lakin o bu haqda mənə heç nə deməmişdi. Evdəkilərə nə vaxtsa müharibəyə çağırılacağını əvvəlcədən demişdi.
Sentyabrın 29-da ona zəng gəldi. İşdən sonra evə gəldikdə bildirdilər ki, Ceyhun könüllü olaraq döyüşlərə çağırılıb. Onunla söhbət etdikdə, mənə öz qərarını əvvəldən verdiyini dedi. Həmin günün axşamı, saat 11 radələrində yola düşdülər. Səhər saat 9-da isə maşınla döyüşlərə yollandılar. Evimizin yanında məscid var. Məscidin yanında oğluma sarılaraq sağollaşdım və mənə hər şeyin yaxşı olacağını bildirdi.
Oğlum uşaqlıqdan idmana çox maraq göstərirdi. İdman növləriylə bağlı müxtəlif diplom və medalları var. Hazırda həmin medal və diplomları rayonda, Ceyhunun anadan olduğu və boya-başa çatdığı evdədir.
Oğlum uşaqdan böyüyə, hər kəslə ünsiyyət qurmağı bacarırdı. Ceyhun orta təhsilliydi. Mülki həyatında xırda ticarətlə məşğul olub. Ailəyə maddi baxımdan çox dayaq olub”.
Zəngilan uğrunda savaş…
Qeyd edək ki, Ceyhun Zəngilan istiqamətində gedən döyüşlərdə şəhid olub. O, anadan olduğu Lerik rayonunda anası Gülşən Səfərovanın yanında dəfn edilib. Atası Akif Səfərov, oğlunun şəhid olduğu Zəngilan rayonuna gedəcəyini bildirib:
“O, heç vaxt özünü fikirləşmirdi. Bizimlə əlaqə saxladıqda da səhhətimizlə maraqlanırdı. O, demək olar ki, hər gün səhər saat 8 radələrində və axşam saat 7 radələrində mənimlə telefon əlaqəsi yaradırdı. Ona nəsə olacağı ağlımdan belə keçmirdi. Mən onun hələ təlimlərdə olduğunu düşünürdüm. Sonradan öyrəndim ki, o, ilk günlərdən döyüşlərə qatılıb. Sonuncu dəfə oktyabrın 20-də Zəngilan istiqamətinə üz tutublar. O istiqamətdəki döyüşlərdə iştirak edib. Əsgər yoldaşlarının dediyinə görə, günorta saatlarında Zəngilanda olublar. Təxminən bir saata yaxın yol gediblər. Hərbi kalonda birinci maşın Ceyhunun olduğu maşın olub. Nəticədə, maşın tank əleyhinə minaya düşüb. Maşında səkkiz nəfər olub. Bəziləri xəsarət alsa da, maşında olanlardan ilk şəhid olan oğlum olub (kövrəlir).
Çox çətin olsa da, şəhid atası kimi qürurluyam. Oğlum beynindən və gözündən qəlpə yarası almışdı. Allahın köməkliyi ilə Zəngilanda oğlumun şəhidlik məqamına yüksəldiyi əraziyə getmək istəyirəm. Əsgər yoldaşları da bildirdi ki, oğlumun şəhid olduğu yeri mənə göstərəcəklər. O torpaqdan bir ocu götürüb gətirəcəm.
Ölkə başımız bu günlərdə oğlumu “Vətən Uğrunda” medalı ilə təltif etdi. Bu xəbərə çox sevindim. Həmin an daha da qururlandım. Şükürlər olsun ki, oğlumun qanı yerdə qalmadı. Uzun illər işğalda qalan torpaqlarımız igid oğullarımızın qanı bahasına olsa belə, azad olundu. Şəhidlərimiz ölməyib, onlar həmişə sağdır. Şəhid valideyn kimi istəyərdim ki, yaşadığımız küçəyə Ceyhun Səfərovun adı verilsin. Qonşularımızın təşəbbüsü ilə Ceyhunun şəkilləri böüyüdülərək asılıb. Eyni zamanda onun şəkli olan abidə yerləşdirilib”.
Ceyhunun ən böyük arzusu…
Bibisi Rəxşəndə Səfərova bildirir ki, Ceyhunun ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması olub. Hansı ki, indi onun arzusu reallaşdı:
“Ceyhun yola düşərkən bizimlə sağollaşdı. Ona Vətənə xidmətdən qayıtdıqdan sonra toy edəcəyimizi bildirdim. Onun üçün hər şeydən öncə Vətən idi. Çox vətənpərvər oğul idi. Torpaqlarımızın işğaldan azad olunmasını istəyirdi. Sonunda Ceyhunun arzusu reallaşdı. Torpaqlarımız işğaldan azad olundu. O, hərbi əməliyyatlar vaxtı da bizimlə telefon əlaqəsi yaradırdı. Bizim narahat olmamağımız üçün davamlı olaraq telefon əlaqəsi yaradırdı. Olduğu yerin yaxşı olduğunu deyirdi, amma tam olaraq harda olduğunu demirdi. Danışığından hiss olunurdu ki, çox sevinclidir. Telefon danışıqlarında həmişə bizə təsəlli verib”.
Qardaşının dedikləri…
Ceyhun Səfərov ailənin son beşiyi olub. Ailənin böyük oğlu Valeh Səfərov qardaşının Cəbrayıl, Füzuli və Zəngilan döyüşlərində iştirak etdiyini deyib:
“Ceyhun mənim kiçik qardaşımdır. Onu həmişə vətənsevər biri kimi tanımışam. Qardaşım böyük-kiçik yerini həmişə bilirdi. Cəbhəyə getməmişdən öncə evimizdə ona zəng gəldi və gedəcəyiylə bağlı xəbərdarlıq edildi. O, səhər yola düşdüyünə görə, təəssüf ki, onunla görüşə bilmədim. Mən işdə olarkən, artıq yola düşmüşdü. Axırıncı dəfə sentyabrın 28-i axşam saatlarında evdə görüşmüşdüm. O, əvvəlcə Cəbrayıl, Füzuli ərazisində döyüşdüyünü bildiridi. Lakin məlumatları tam olaraq bizə demirdi. Hərbi sirr olduğuna görə, biz də çox məlumat öyrənməyə çalışmırdıq. Ölümündən sonra öyrəndik ki, Ceyhun Zəngilan istiqamətinə kimi gedib çıxıb və ordakı döyüşlərdə iştirak edib. Komandirləri də Ceyhunun igid və qorxmazlığından danışırdı”.
Ortancıl qardaşıTaleh Səfərov deyir ki, qonşuları Ceyhunun xatirəsini əbədiləşdirmək üçün yaşadıqların evin divarına şəhidin şəkli olan abidə yerləşdiririlib:
“Ceyhunun ortancıl qardaşıyam. Qardaşımla olduğum hər an mənim üçün undulmaz xatirədir. Bir-birimizlə məsləhət alıb, fikir mübadilələri aparırdıq. O, mənim təkcə qardaşım deyildi, eyni zamanda sirlərimi bölüşdüyüm dostum idi. Döyüş gedən vaxtlarda davamlı olaraq qardaşımla telefon əlaqəsi yaradırdım. Özü döyüşdə olsa da, hər zəng edəndə bizi fikirləşirdi. Şəhid olduğu gün danışa bilməmişdik. Amma əvvəlki günlərdə davamlı olaraq danışmışıq. Sonuncu dəfə qardaşıma zəng etdiyim zaman cavab vermədi. Sonra bizimlə əlaqə yaradıb, Ceyhunun Vətən uğrunda şəhid olduğunu dedilər.
Qonşularımız sağ olsun, onun xatirəsini əbədiləşdiriblər. Şəkli olan abidə evimizin divarına yerləşidirilib. Eyni zamanda evimizin ətrafında Ceyhunun şəkillərindən ibarət lövhələr yerləşdirilib. Bu da şəhid ailəsi kimi bizi çox qürurlandırır və təsəlli verir. Qapı qonşumuzun təşəbbüsyülə abidə yerləşdirildi. Lakin o da bir müddət sonra dünyasını dəyişdi. Ceyhunun xatirəsini əbədi yaşadan hər kəsə ailəmiz adından təşəkkürmüzü bildiririk. Onun arzuları çox idi. Ev tikmişdi, lakin təmiri yarımçıq qalıb. O evi özüm təmir edəcəm. Qardaşımın arzularına uyğun bir ev inşa edəcəm”.
Səfərovlar ailəsinin ən kiçiyi Saleh Səfərov isə, qardaşıyla bağlı xatirələrdən danışarkən kövrəlir. O, qardaşının hər zaman gülərüzlüyündən ürəkdolusu danışıb:
“Şəhid Ceyhun Səfərovun kiçik qardaşıyam. Qardaşım davamlı olaraq məni özüylə bərabər gəzintiyə aparardı. Onunla bağlı xatirələrim çoxdur. Qardaşım üçün çox darıxıram. Ceyhun həmişə gülərüz idi. Onunla fəxr edirəm. Çünki o, Vətən uğrunda şəhid olub”.
“Ceyhunu balalarımdan ayırmırdım…”
Ceyhun Səfərov ailəsinin sevimlisi olmaqla yanaşı, qonşular arasında da çox sevilib. Ən yaxın qonşularından biri olan İstəgül İbadova, onu qonşu oğlu kimi deyil, doğma oğlu kimi hesab etdiyini deyib. İstəgül İbadova, şəhidə aid abidənin həyat yoldaşı Eldar İbadovun təşəbbüsyülə yerləşdirildiyini deyib. Təəssüf ki, həyat yoldaşı bir müddət sonra dünyasını dəyişib:
“Ceyhunu balalarımdan ayırmırdım. Ailəmiz onun xətrini çox istəyirdi. Yoldaşım Ceyhun dəf olunan zaman Lerikə getmişdi. Dəfn edib qayıtdıqdan sonra evimizdə hönkürərək ağladı. Yoldaşım qonşuları yığıb Ceyhunun xatirəsini əbədiləşdirmək üçün təşəbbüs irəli sürdü. Şəhidimizin şəkli olan abidə evlərinin divarına yerləşdirilib. Qısa müddət keçdikdən sonra yoldaşım dünyasını dəyişdi. Mən Ceyhunu qonşu oğlu kimi deyil, oğlum kimi hesab edirdim. Onun xətrini dünyalar qədər çox istəyirdik. Hələ də Ceyhunun yoxluğuyla barışa bilmirik”.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26