Interposta.Info

Gənc yazar Cavid FƏRZƏLİ

Müxtəlif
 15-10-2018, 23:09     10 504

***
Ürəyimi iki yol üstə
açmaq istədim sənə...
Axı adam bağlandığı yox,
sevdiyi yolun olur.

...Səni sevmək istəyirəm,
səhra üçün oxumaqdan doymayan torağayın səsində.

Bir bilsən,
sənsiz içimdə gecə düşür,
əllərim qanına batır sənsizliyin.
Hələ Əllərinin korluğun çəkməyim var,
göyləri dərə bilməyən kəpənək qanadlarım var
bu evsiz-eşiksiz sevdanın içində...

Eh... həsrətin ayaq açıbdı daha
min yol üstə götürüb məni.
İndi bu sevgi mənə yağışların qapısıdı, payızın qapısıdı.

Hamının içindən keçə bilmədiyi bir qırıq körpüsü var,
Bir faişə sevgisi var,
ömrünü bağışladığı birinə.

...Gözlərimin üstündə daşıdığım torpağın ömrü qədərmiş sənə vurğunluğum,
basdır ürəyimi ovcuna,
bəlkə
nə vaxtsa ürəyimdən yolunu salarsan !

***
Nə bildin əllərindən uzağam sənə,
Nə bildin sirrindən gizliyəm, daş ürəkli yolam.
Bəlkə yollarında itən qəbrimdi cığırlar, üstümü çiçəklər tutub indi...

Bilmirəm,
bəlkə də ləpirsiz gəlmişəm sahilinə.
Balıq dilində sevmişəm səni...

Bu sevgidə məni bir az payız rəngli yağışlar,
bir az bulud şəkilli ağaclar,
bir az da sən yaratmısan.

Qollarımın ürəyi sındı qucağımda...
Əllərimdən yetim,
əllərimdən yarımayan
beləcə min yol yad olduq
Bir qatarda gedənlər kimi...

Nədir bu bəxt, nədir bu tale
Bu sevgiyə
bir tabutu bölə bilmədik.
Qoymadın sevginin əllərində öləm.
Hər görüş əllərimizin vida yeriymiş...

Daha saçlarını tök yanına
Mən ölən başqa payız idi,
başqa yaz idi.
Biz yarpaqların qışından yarımadıq.
Bağışla !
Bəlkə birdə gələ bilmədim
üç fəsil yaşayan yarpaq ömrümə...

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26