Interposta.Info

Hikmət NİKBİN

Müxtəlif
 24-09-2018, 23:53     10 713

***
( Vaqif Bayatlı Odərə )

Dedin insanın qanadı olacaq,
bir başqa həyatı olacaq...
Uçacaqsan göy düzündə,
...ulduzlar qalacaq dizində.

Dodağından qopan söz kimi
qopar o budağın yarpağı...
...öz boyundan yuxarı uçurar onu küləklər.
Ağacın boyundan yuxarı qalxmasıdı
yarpağın qanad çıxartması.
Budağına dönə bilməyən o yarpaq kimi
sən də adiliyinə dönə bilməzsən, adəm oğlu...!

Su çəkiləndə
quruda,
quruda çırpınar balıq !
Səma dənizə uçmaq həsrətiylə boylanar göyə-
bəlkə qanad çıxartdım deyə,
səmada yaşayıb boy atdım deyə...
Qanad çıxaranda qarışqa
döyər ölümün qapısın,
Baş götürüb qaçmaq üçün düşünər-
bəs hanı pəncərəsi,
hanı göyümün qapısı...
Yarpaq,
balıq
ya qarışqa
boyundan yuxarıda batar...
Yarpaq budaqdan qopar, ölər.
Adəm oğlu torpaqdan qopar,
göyləri bölər...

Sən, Allahdan diş yox,
quş qanadı istədin.
Sən, Allahdan özünə
səma adı istədin...
Qanadın olsaydı Tanrı səni necə çağırardı
Dərgahına açıq ya gizlicə çağırardı...
Peyğəmbərlər ölüb axı
hər insanın içində,
Tanrı bir sənə baxır
Sənsən Allah-təalanın içində...
Rəbbin sənə dedizdirir
bizi necə görmək istəyini.
Sözündə hiss etdinmi
fələyin ürəyini...
Bu şəhərin səhəri ola bilərsənmi...

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26