Interposta.Info

İntihar üçün “ölüm körpüsü”nün seçilməsinin əsas səbəbi

Müxtəlif
 1-08-2018, 09:06     10 414

Psixoloq: “İntihar edən şəxs səssiz-səmirsiz edir...”
Bakıda “ölüm körpüsü” kimi məşhurlaşan “Koroğlu” stansiyası yaxınlığındakı körpüdə iyulun 30-da daha bir nəfər intihara cəhd etdi. Səhər saat 7:30 radələrində intihar məqsədilə körpüyə çıxan kişi həyat yoldaşının ondan boşanmaq istəməsinə etiraz olaraq intihar etmək istəyirdi.

Hadisə yerinə gələn FHN və polis əməkdaşlarının təxminən 1 saat yaxın həmin şəxslə danışıqları fayda vermədi. Bu zaman xidməti maşını ilə Heydər Əliyev prospektində hərəkətdə olan baş nazir Novruz Məmmədov avtomobilini saxlatdıraraq hadisə ilə maraqlanıb. İntihar edən şəxslə baş nazir arasında telefon danışığı olub. N.Məmmədovun həmin şəxsi fikrindən daşındırıb. Daha sonra hadisə yerinə intihara cəhd edən şəxsin xanımı da dəvət edilib. Beləliklə, daha bir şəxs ölümdən son anda xilas edilib.

Qeyd edək ki, körpüdə intihara cəhd halları 2014-cü ilin yanvar ayından başlayıb. Burada intihara ilk cəhdi 27 yaşlı Rəfael Hümbətov etmişdi. Özünü körpüdən atan gənc xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmamışdı. Körpüdəki intiharlar da elə bu hadisədən sonra başladı. R. Hümbətovdan sonra Yusif Əmirov, Fəqan Nəsibov, İlkin Abbasov, Şəhriyar Şahmarov, Nizami Musayev, Zamiq İbrahimov, Qiyamət Abdulzadə, Könül, Teymur Paşayev və başqaları “İntihar körpüsü”nə dırmandılar. Onlardan bəzilərini FHN psixoloqları fikrindən daşındırsa da, Könülün həyatını xilas etmək mümkün olmayıb. 1993-cü il təvəllüdlü Könül intihar edərkən ərazidə polisin olub-olmadığı bilinmir.

Onu da xatırladaq ki, Daxili İşlər Nazirliyinin mühafizə xidməti 2014-cü ildən intihar hallarının qarşısını almaq üçün körpü ətrafında sutkalıq iş rejiminə keçib. Hazırda asma körpüdə mühafizə polisləri xidməti maşında növbə çəkir. Maraqlıdır, niyə intihar edənlər daha çox “Koroğlu” körpüsünü seçir?

Psixoloq Fərqanə Mehmanqızının fikrincə, insanların intihar növü olaraq o körpüsünü seçməsinin səbəbi, sadəcə, diqqəti cəlb etməkdir: “”Koroğlu" körpüsünün üstünə çıxıb intihar edəcəyini elan edənlərə inanmıram. Son hadisə də dediklərimi sübut edir. Onlar, sadəcə, diqqət cəlb etmək istəyirlər. İntihar “dəbli ölüm” kimi anlaşılır. Həyatını yaşayıb, özünü təsdiq etməyənlər ölümlə özünü sübut etməyə çalışır. İntihar edən şəxslər arasında məşhurlar da var. Bu gün insanlar hara gedirlər, şəkil çəkdirir, sosial şəbəkələrdə paylaşırlar. Bu, artıq mənəvi aclıqdan xəbər verir. Belə aktiv paylaşımlarla onlar “mən də varam” mesajı ilə özlərini təsdiq etməyə çalışır. Sosial şəbəkələrdə şəkillər, maraqlı fikirlər paylaşmaq olar, lakin hər anı bu qədər ictimailəşdirmək düzgün deyil.

İntihar üçün “ölüm körpüsü”nün seçilməsinin əsas səbəbi

Bir insanın sosial şəbəkələrdəki profilinə baxın. Əgər hər anını obrazlı şəkildə ictimaiyyətin önünə qoyursa, hər addımını nümayiş etdirirsə, bilin ki, əvvəl-axır intihar edəcək. Belə hərəkətlər aclıqdan yaranır və bu aclıq intihara gətirib çıxarır. İnsanlar müxtəlif məclislərə, toylara, doğum günlərinə gedirlər, amma orada həzz almırlar. Çünki bütün məclis boyu şəkil çəkir, canlı yayım edir, paylaşırlar. İnsanın 5 duyğu orqanı var. Bunlar əslində ruhumuzun qida vasitəsidir. Məsələn, bir musiqiyə qulaq asırıq, yumşaq bir şeyə toxunuruq, xoş bir qoxu duyuruq və ruhumuz bununla qidalanır, doyur. İnsan ruhu bu şəkildə doymadıqda, başqa şəkildə bunu təmin etməyə çalışır. İnsan özünü tanımalıdır və ruhunun nə ilə doyduğunu bilməlidir. Özünü tanımamaq əslində aqressiyanın, baş verən bütün mənfi hadisələrin əsl səbəbidir. Duyğu hisslərindən yetərincə istifadə etmirik. Hətta musiqini belə ancaq insanlara nümayiş etdirmək üçün dinləyirlər".

İntiharın əsas səbəblərindən birini psixoloq bu gün sosial şəbəkələrdə intihar edənlərin qəhrəman qismində qələmə verilməsində görür: “Özgüvəni olmayan, özünü təsdiq etməyə ehtiyacı olanlar özünü təsdiq etməyin tək çıxış yolunun intihar olduğunu görürlər. Onlar düşünürlər ki, yaşadığı zaman heç kəs onları görmədi, heç kəs onları ciddiyə almadı, öləndən sonra göstərmək istəyirlər ki, onlar güclüdürlər və buna görə də intihar edirlər. Düşünürlər ki, intihar edəndən sonra hamı onları qəhrəman kimi görəcək, şüuraltı bu istiqamətdə özlərini qəhrəman etmək üçün intihar edirlər. İntihar edən şəxs səssiz-səmirsiz gedir. İntihar edən şəxslər açıq şəkildə bildirmirlər ki, mən filan vaxt, filan yerdə intihar edəcəyəm. Ağır depressiya keçirən insanlar hansı ki, intihara meyllidirlər, onlar özlərinə qapanıq olur və səssizliyi seçirlər. Bir də eşidirsən ki, filankəs intihar edib”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26