Interposta.Info

Azərbaycanda sahibkara məxsus 4 avtobus yoxa çıxıb - “Sərnişinləri düşürüb, aparıblar”

Müxtəlif
 8-05-2018, 16:56     10 428

Bir neçə gündür fəaliyyəti dayandırılan və Sumqayıt-Saray-Bakı istiqamətində işləyən 501 saylı marşrut xəttinin 4 avtobusu yoxa çıxıb.

"XeberBiz" xəbər verir ki, bu barədə BakuPost-a marşrut xəttinin sahibi, "Amal D” MMC-nin direktoru Dönməz Məmmədov məlumat verib. O bildirib ki, şirkətinə məxsus "Daewoo” markalı avtobuslardan 4-ü aprelin 30-da xətdən çıxarılıb. Sahibkar daha sonra nəqliyyat vasitələrindən xəbər ala bilməyib.

Sahibkar ona məxsus avtobuslar aparılsa da, heç bir rəsmi məlumat verilmədiyini deyib: "Mənim maşınlarım 4 gündür, xətdən çıxarılıb. Hara aparıldığı bilinmir. Aidiyyəti qurumlara da müraciət etmişik, bu günə kimi heç bir xəbər verilmir”.

D. Məmmədovun sözlərinə görə, marşrutun fəaliyyəti üçün aidiyyəti qurumlardan mayın 30-na kimi icazə də alınıb: "Biz həmin marşrutun may ayının 30-na qədər işləməsi üçün rəsmi sənəd almışıq. Hər maşının fərqlənmə nişanı var. Yol vərəqəsi var. Yol vərəqəsində həmin marşrutun yol sxemi var. Avtobuslarımız da o sxem üzrə hərəkət edərkən saxlanılıb, sərnişinlər düşürülüb və maşınlar aparılıb”.

MMC sahibi qeyd edib ki, "501” saylı marşrutun fəaliyyəti hazırda dayandırılıb. "Səbəb kimi nə göstərilib” sualına isə Dönməz Məmmədov belə cavab verib: "Heç bir səbəb göstərmirlər. Orada arxalı bir adamın marşrutu var. Mənim marşrutumu bağlayıb, xətti də həmin adama vermək istəyirlər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26