İstanbulda “21 Azər” hərəkatı ilə bağlı geniş tədbir keçirilib
16 dekabr 2017-ci il tarixində İstanbul şəhərində Bütöv Azərbaycan Ocaqlarının (BAO) İstanbul təmsilçiliyinin təşkilatçılığı ilə “21 Azər” hərəkatının ildönümünə həsr olunmuş geniş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə BAO İstanbul Yerli Ocağının üzvü Kənan Rza açıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azəraycanın, Türkiyənin və Güney Azərbaycanın Milli Hökumətinin himnləri səsləndirilib.
Tədbirdə öncə BAO-nun İstanbul Yerli Ocağının başqanı Babək Türkoğlu giriş nitqi ilə çıxış edib. Sonra Orta Doğu üzrə mütəxəssis Arif Kəskin, Güney Azərbaycan Demokrat Partiyasının (GADP) başqanı Mahmud Bilgin və Bütöv Azərbaycan Ocaqlarının (BAO) başqanı Zahir Əlisoy mövzu üzrə geniş məruzə ilə çıxış ediblər. Daha sonra Güney Azərbaycan Milli Hökumətinin qurucusu S.C.Pişəvərinin həyat və fəaliyyəti haqqında viodeoçarx nümayiş etdirilib.
Məruzələrdən sonra Aqil Səmədbəyli, Məcid Araz, Kamil Vəli Nərimanoğlu, Mehdi Nəimi, Mətin Özer, Gülara Yenisey və b. mövzu ətrafında öz fikirlərini bölüşüblər.
Sonda BAO adından BMT baş katibinə, YUNESKO-nun baş direktoruna və Türkiyə pkrezidenntinə Güney Azərbaycan problemi ilə bağlı ünvanlanmış müraciət səsləndirilib. Müraciətin mətni aşağıdakı kimidir:
Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə
YUNESKO-nun Baş Direktoruna
Türkiyə Prezidentinə
İstanbul şəhəri 16 dekabr 2017
Dəyərli Cənablar!
1828-ci ildə baş verən Rus İmperiyası və Qacar dövləti arasındakı müharibə zamanı Azərbaycan əraziləri parçalanaraq, tarixin amansız sınağına çəkildi. O zamandan başlayaraq tarixi ərazilərini itirə-itirə gedən Azərbaycan vahid ərazidə birləşmək amalı uğrunda mücadilənin meydanına çevrildi. 1945-ci ildə Azərbaycanın Güneyində baş verən 21 Azər hərəkatı da bunun tərkib hissəsiydi. Amma bu hərəkat Fars şovinizmi tərəfindən qan dəryasında boğuldu.
Beləliklə, 1924-cü ildə güclü havadarların dəstəyi ilə iqtidarı ələ keçirmiş Fars şovinizmi artıq yüz ilə yaxındır ki, çağdaş İranda yaşayan qeyri-Fars xalqlara, özəlliklə də Azərbaycanın Güneyindəki türklərə qarşı zorakı assimilyasiya siyasəti tətbiq etməkdədir. İstər diktator Pəhləvi rejimi dövründə, istərsə də indiki klerikal İran İslam Cümhuriyyəti dönəmində yürüdülən bu zorakı assimilyasiya siyasətinin ən böyük qurbanı bu gün sayı 35 milyona çatan Azərbaycanın Güneyindəki türklərdir.
İran İslam Cümhuriyyəti insan haqları anlayışını sözdə qəbul etsə də, əməldə onu saymamaqda, eynilə Pəhləvi rejimi kimi, Azərbaycanın Güneyindəki türklərin ən sadə insan və toplum haqlarını tapdalamaqdadır. Belə ki, 1924-ci ildən indiyədək Azərbaycanın Güney türklərinin etno-milli adı dəyişdirilmiş, öz uşaqlarına öz dillərində ad qoymaları hər vasitə ilə əngəllənmiş, etnik kökənləri danılmış, dilləri yasaqlanaraq nəinki orta və ali məktəblərə, hətta ibtidai məktəbə belə yaxın buraxılmamış, çap və kütləvi informasiya vasitələrindən uzaq tutulmuş, musiqisi hər vasitə ilə sıxışdırılmış, tarixi saxtalaşdırılmış, ədəbiyyatı kiçimsənmiş, milli varlığı istehza hədəfinə çevrilmiş, bir sözlə, Azərbaycan türklərinə qarşı açıq-aydın soyqırım siyasəti yürüdülmüşdür. Hələ də davam edən bu soyqırım siyasətinin zirvə nöqtəsi 1946-cı ildə ana dili dərslikləri başda olmaqla Azərbaycan türkcəsindəki kitabların, əlyazmaların, qəzet və dərgilərin toplanıb yandırıldığı, ana dilində dərs deyən öyrətmənlərin öldürüldüyü, öz ana dilində yenicə oxumağa başlayan neçə-neçə şagirdin qətlə yetirildiyi 26 Azər/17 Dekabr günü oldu. Bununla da 26 Azər/17 Dekabr günü Azərbaycan türklərinə qarşı yürüdülən çoxillik soyqırım siyasətinin simvoluna çevrildi.
Bu gün biz Azərbaycan türkləri olaraq parçalanmış xalqlar sırasına daxilik. Bu gün Azərbaycanın Güneyi xüsusi ilə ağır durumdadır. Orada yaşayan Azərbaycan türkləri adi insanı münasibətlərdən belə məhrum olunmuşdur.
Azərbaycanın Güneyində insan haqları uğrunda baş verən 21 Azər hərəkatından artıq yetmiş iki il keçir və çox təəssüflər ki, demokratik bəşəriyyət Fars şovinizminin Azərbaycan türklərinə qarşı törətdiyi bu insanlıqdan kənar vəhşiliyi hələ də məhkum etməmiş, ona siyasi-hüquqi qiymət verməmişdir. Bütöv Azərbaycan Ocaqları (BAO) hesab edir ki, Fars şovinizminin yürütdüyü və yürütməkdə olduğu bu soyqırım siyasəti, onun simvoluna çevrilmiş 26 Azər/17 Dekabr günü təkcə Azərbaycan Türklərinə qarşı yox, həm də bəşəriyyətə, çoxmədəniyyətli dünya sivilizasiyasına qarşı olan bir cinayətdir. Bütöv Azərbaycan Ocaqları (BAO) Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edərək, İranda yaşayan Azərbaycan türklərinin hüquqlarının müdafiəsinə çağırır və Azərbaycan türklərinin rəsmi olaraq parçalanmış millətlər sırasına daxil edilməsini xahiş edir.
Sayğılarımızla: Bütöv Azərbaycan Ocaqları – BAO
Tədbir BAO-nun Feysbuk səhifəsində canlı olaraq yayımlanıb. Tədbirin videomaterialına aşağıdakı linklərdən baxa bilərsiniz:
https://www.facebook.com/Bao.az/videos/1806227396062954/
https://www.facebook.com/Bao.az/videos/1806326212719739/
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26