Interposta.Info

Tarixçi İstanbul tapıntısından danışdı: Əgər sübut olunsa…

Müxtəlif
 27-10-2017, 07:38     10 387

Türklərin indiki Anadolu ərazisində məskunlaşmasının tarixi heç də Malazgird döyüşündən başlamır. Tapılan maddi mədəniyyət nümunlərinin türk irsinə mənsub olması faktlarla sübuta yetirilərsə, bu, bütün tarixi faktları dəyişə bilər.

Bu sözləri Kult.az-a açıqlamasında tarixçi Kərəm Məmmədov İstanbulun Beşiktaş məhəlləsində metro tikintisi üçün aparılan qazıntılar zamanı 3500 illik tarixə malik Türk və Altay mədəniyyətlərinə aid 35 kurqan tipli məzarın aşkarlandığı barədə bu gün yayılan xəbəri şərh edərkən deyib. Alim qeyd edib ki, həmin qəbirlərin türklərə məxsus olması hələ sübut edilməyib:

“Arxeologiya elə bir sahədir ki, həvəskarlar iş görə bilməzlər. Gərək hər şey araşdırılsın və faktlarla sübuta yetirilsin. O ki qaldı türklərin 1071-ci ildə Malazgird döyüşündən əvvəl həmin ərazidə olmaması məsələsinə, bu, kökündən yanlışdır. Hələ xəlifə Harun ər-Rəşidin dövründən türk qvardiyası indiki Anadolu ərazisində məskunlaşıb. İndiki Türkiyə torpaqları o vaxt Sacilər dövləti qurulanda bu dövlətin ərazisinə daxil olub.

Türklərin Malazgird döyüşünə qədər indiki Anadolu ərazisində yaşamaması son dövrdə meydana gələn çox zərərli fikirdir. Türklər ta qədimdən Anadoluda yaşayıblar. Amma həmin tarixin bu qədər qədim dövrə təsadüf etməsi, doğrusu, mənim üçün də xoş təsadüf oldu. Çox təəssüf ki, türklərin təkcə Azərbaycan istiqamətində Anadoluya daxil olduğu deyilir. Konstantinopol tərəfdən avarların, bulqarların Anadoluya girişi nədənsə həmişə bizim türkiyəli həmkarlarımız tərəfindən unudulur.

Yaxşı olardı ki, Azərbaycan ərazisində, Volqaboyunda, Sibirdə aşkar edilən kurqan tipli qəbirlərlə Türkiyənin Beşiktaş ərazisində tapılan qəbirlərin uyğunluğu yoxlanılsın. Eyni zamanda, həm antropoloji, həm də maddi-mədəniyyət nümunələri baxımından aşkar edilən qəbirlərin dini inanclarında oxşarlığın olub-olmaması dəfn formasına görə araşdırılsın”.

Qeyd edək ki, Şimali Qara dəniz mədəniyyətinə aid olan qalıqların tapılması elm adamlarının həyəcanına səbəb olub. Beşiktaşda gedən arxeoloji qazıntıların nəticələri türklərin Anadoluya girişini 1071-ci ildə Malazgird döyüşünə bağlayan tarixi məlumatın dəqiqliyini sual altında qoyub. İlkin proqnozlara əsasən, məzarların tunc dövrünün sonu və dəmir dövrünün ilk mərhələsinə (e.ə 1200-1500) aid olduğu bilidirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26