Interposta.Info

“Qarabağ həqiqətləri haqqında Tatarıstan rəsmilərinin geniş məlumatı var”

Müxtəlif
 8-06-2017, 22:58     621

Sərraf Kərimov:
“Əsas məqsədimiz başqa xalqların erməni vandalları tərəfindən başımıza gətirilən müsibətlər haqqında məlumatlanmasıdır”

Bu gün milli diaspor üzvləri yaşadıqları ölkələrin rəsmiləri ilə görüşlərdə Qarabağ məsələsini də önə çəkirlər. Rusiya Federasiyasının Tatarıstan Respublikasında Azərbaycan diasporunun rəhbəri Sərraf Kərimovun sayəsində yerli rəsmilər də Qarabağ münaqişəsi haqqında məlumatlıdırlar. Sərraf Kərimov Türkiyənin Terrora, İşğala və Soyqırıma qarşı Beynəlxalq Forumunun Rusiya nümayəndəliyinin rəhbəri olaraq erməniləri Tatarıstanda ifşa edir. Qeyd edək ki,1966 -cı ildə Cəlilabad rayonunun Abazallı kəndində anadan olan Sərraf Kərimov Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının prezidentidir. O, eyni zamanda karate üzrə ikiqat Tatarıstan çempionu, qara kəmər ustası, ehtiyatda olan zabitdir. Hazırda Tatarıstan Respublikasının Kazan şəhərində yaşayan Sərraf Kərimov 1988 -ci ildən bu günə qədər ictimai işlərdə yaxından iştirak edib. Ölkədə keçirilən müxtəlif tədbirlərdə fəal iştirak edərək, Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının Rusiyada yaşayan çoxsaylı başqa millətlərə catdırılmasında, milli adət-ənənələrimizin yayılmasında, qorunub saxlanılmasında və azərbaycanlıların miqrasiyası ilə bağlı çıxan problemlərinin hüquqi çərçivədə həll olunması üçün regional və şəhər hakimiyyətləri, federal strukturarla qarşılıqlı əlaqələrin yaradılmasında əlindən gələni edir.
-Siz Türkiyənin Terrora, İşğala və Soyqırıma qarşı Beynəlxalq Forumunun Rusiya nümayəndəliyinin rəhbərisiz. Bu istiqamətdə Tatarıstanda nə kimi işlər görürsüz?
-2016-cı ilin fevral ayında Rusiya nümayəndəliyinin rəhbəri seçildim. Əslində, işimin məsuliyyətini gözəl anlayırdım. Belə ki, soyqırımına, işğala, terrora məruz qalmış xalqın nümayəndəsi kimi mənim üçün ikiqat ağır və çətin idi. Rusiya kimi bir dövlətdə yaşayan çoxmillətli xalqların içərisində Azərbaycan həqiqətlərini çatdırmaq heç də asan olmur. Təbii ki, hər işin özünəməxsus çətinlikləri var. Lakin mən və ətrafımda olan millətini ürəkdən sevən həmvətənlərimiz buna nail olmağa çalışırıq. Tatarıstanda bu səpkidə tədbirlər keçiririk. Gənclərlə, ziyalılarla görüşlər keçiririk. Erməni vandalları tərəfindən törədilən Xocalı faciəsini Rusiya, Tatarıstan ictimaiyyətinə çatdırırıq.
-Ermənilərin mövqeyi Tatarıstanda hansı səviyyədədir?
-Bildiyiniz kimi, ermənilər bütün dünyada, hətta ən böyük dövlətlərdə taun xəstəliyi kimi yayılıblar. Belə ki, Rusiya onların ikinci vətəni rolunu oynayır. Mənəviyyatlarına uyğun olaraq istər yaltaqlıqla, istər satqınlıqla özlərinə Rusiya cəmiyyətində yer tutmaqda canfəşanlıq edirlər. Hətta bu yaxınlarda Tatarıstanda televiziya kanallarının birində bir neçə vəzifələrə yerləşdiriliblər. Təbii ki, bu məni daha çox narahat edir. Cünki, bildiyimiz kimi, media və mətbuata istənilən yanlış məlumatlar daxil ola bilər və əgər bu hallar məhz erməni və ya ermənipərəstlərin vasitəsilə xalqa çatdırılırsa, artıq insanlar həqiqətdən uzaq düşürlər.
-Tatarıstan rəsmiləri ilə görüşlərinizdə Qarabağ məsələsindən danışırsınızmı? Ümumiyyətlə, Qarabağ həqiqətlərini Tatarıstanda necə təbliğ edirsiz?
-Əlbəttə. Əslində, Tatarıstan rəsmiləri ilə sıx görüşlərimiz baş tutur. Bir diaspor rəhbəri kimi bu görüşləri vacib sayıram. Çünki Tatarıstanda, ümumilikdə 75 - 80 min soydaşımız yaşayır. Bunlardan 35 mini Rusiya vətəndaşlığı alıb. Tatarıstanda istər yeni gəlmiş, istər uzun müddət yaşayan həmvətənlərimiz var ki, hər hansı bir ciddi problemlə qarşılaşırsa, bizə müraciət edir. Və belə olduğu halda, rəsmilərlə daha sıx görüşlər baş tutur. Qarabağ həqiqətləri haqqında, demək olar ki, çox rəsmilərin geniş məlumatı var. Qarabağ hər birimizin qanına hopmuş ağır və dərin yaradır. Əlbəttə ki, istənilən görüşlərimizdə Qarabağdan danışırıq. Anım günlərimizi geniş şəkildə qeyd edirik. Əlbəttə ki, mütləq şəkildə bu yığıncaq və tədbirlərə başqa millətlərin nümayəndələrini dəvət edirik. Qarabağ haqqında bizlər zatən məlumatlıyıq. Əsas məqsədimiz başqa xalqların erməni vandalları tərəfindən başımıza gətirilən müsibətlərdən, o cümlədən Xocalı soyqırımından məlumatlanmasıdır. Bu səpkidə olan tədbirlərimiz, görüşlərimiz silsilə şəklində davam etdirilir.
-Uzun müddətdir ki, Tatarıstandasız və aktiv diaspor işindəsiz. Özünüzdən sonra diaspor davamçılarınız varmı?
-Mən 32 ildir Tatarıstan Respublikasının Kazan şəhərində yaşayıram. Demək olar ki, bütün gəncliyim bu dövlətdə, bu şəhərdə keçib. Təbii ki, hər şey rahat şəkildə qarşıma çıxmayıb. Qərib ölkədə yaşamaq, xalqını, millətini layiqincə təmsil etmək, adət-ənənəyə sadiq qalmaq, başqa millətlər arasında öz mentalitetinə uyğun şəkildə həyat tərzi sürmək kimi vəzifələrin öhdəsindən gəlmək qədər ağır məsuliyyət var idi çiyinlərimdə. Bunu nə qədər bacardığımı deyə bilməsəm də, bugünkü Kazanda illərdir birgə yaşadığımız həmvətənlərim daha gözəl izah edərlər. Apardığımız təbliğatların da əsas mahiyyəti məhz özümüzdən sonra irs olaraq qoyub getdiyimiz sağlam gəncliyimizdir. Düşünürəm ki, bizi bizdən də sonra etibarlı əllərdə olan gəncliyimiz layiqincə təmsil edəcək.
- BDAT üzərinə çox ağır və məsuliyyətli yük götürüb. Öz hədəflərinizə çatmaq üçün hansı yeni taktikalardan istifadə etməyi nəzərdə tutubsunuz?
-Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı 1 ilə yaxındır fəaliyyət göstərir. Artıq 14-dən çox dövlətdə koordinator rəhbərlərimiz var. Bir neçə dövlətdə tarixi günlərimizlə əlaqədar tədbirlərimiz keçirildi. Tədbirlərimizin əsas məqsədi dövlətimizi, dövlətçiliyimizi, tariximizi, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi xaricdə yaşayan soydaşlarımızla yanaşı, başqa xalqların da nümayəndələrinə olduğu kimi tərənnüm etməkdir. Azərbaycanın haqq səsini bütün dünya arenasında ictimaiyyətə çatdırmaqdır və məqsədimiz bununla Azərbaycana dost qazandırmaqdır. Bu ənənə silsilə şəklində davam etdirilir. Güclü komanda olaraq bu şərəfli və məsuliyyətli işin öhdəsindən layiqincə gələcəyimizi bir amal kimi qarşımıza məqsəd qoymuşuq. Bildiyimiz kimi, dünyada 60 milyona yaxın azərbaycanlı yaşayır. Bunun 10 milyona yaxını Azərbaycanda yaşasa da, 50 milyona yaxın insan dünyanın müxtəlif ölkələrində yaşayır. Əsas məqsədimiz isə dünyanın istənilən ölkələrində yaşayan və fəaliyyət göstərən bir çox cəmiyyətlərimizi, təşkilatlarımızı ətrafımızda birləşdirərək güclü bir təşkilat olaraq uğurlu addımlar atmaqdır.
Bundan başqa, nəzərinizə maraqlı bir şeyi də çatdırmaq istəyirəm. Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2017-ci il 26 yanvar tarixli Fərmanının icrasına başlanılıb. Belə ki, Rusiya Federasiyasında və Belarusda Azərbaycan Ticarət Evi yaradılır. Daha sonra Ukraynada və digər ölkələrdə də ticarət evlərinin yaradılması planlaşdırılır. Bizim də əsas məqsədimiz məhz Azərbaycan Ticarət Evinin Tatarıstanda - Kazanda yaradılmasıdır. Bu məqsəd uğrunda əlimizdən gələni əsirgəməyəcəyik. Onu da nəzərinizə çatdırım ki, Tatarıstan Rusiya Federasiyasının ən zəngin, hərtərəfli inkişaf etmiş respublikasıdır. Düşünürəm ki, dediyimiz ticarət mərkəzi məhz Tatarıstanın mərkəzi Kazan şəhərində yerləşərsə, bütün ətraf şəhər və respublikalar bundan yüksək şəkildə faydalanacaq. Belə olduğu halda, Azərbaycan məhsulu nəinki Tatarıstana, həm də Rusiya Federasiyasının başqa respublika və şəhərlərinə də yansıyacaq.
-Sizi həm də bir idmançı kimi tanıyırıq. İdman karyeranız haqda da danışmağınızı istərdik...
-İdman mənim həyat tərzimdir. “Sağlam bədəndə sağlam ruh olar” devizi ilə düşünərək bu sahəyə daha üstünlük verdim . Gənc yaşlarımdan karate, əlbəyaxa döyüş üzrə idman növləri ilə ciddi məşğul olmuşam və bu günə kimi davam etdirirəm. Belə ki, iki dəfə Respublika çempionu adı almışam. Qara kəmər ustasıyam. Onu da nəzərinizə çatdırım ki, hər dəfə çempion adını qazananda Tatarıstan Respublikasını təmsil etsəm də, qalibiyyətimdə meydana Azərbaycan bayrağı ilə çıxmışam. Bu halı arxa-arxaya təkrar etdiyim üçün, hətta töhmət də almışam. İnanın, bu haldan bayrağım üçün qürur hissi keçirmişəm.
Bu sahədə bir çox tələbələr yetişdirmişəm. Hal-hazırda həmin tələbələrim müəllim dərəcəsində öz tələbələrini yetişdirirlər. Əsas məqsədlərimdən biri də o olub ki, Tatarıstanda yaşayan Azərbaycan balalarını idman sahəsinə yönəldəm. Və bu gün bir çox gənclərimiz bu sahədə özlərinə məxsus yerlər qazanıblar. Bu da məni çox sevindirir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26